İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ölkəmizi təmsil edən milli elmi komandanın üzvlərinin elmi sessiyaları davam edir.
Konqresin “Dayanıqlılıq naminə kosmik məsuliyyət” sessiyasında gənclər əsasən biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunması, kosmik mühitin insan bədəninə təsiri, kosmosda fizioterapiya, kosmosda hüquqi tənzimlənmə qaydaları, kosmosda həyat elmləri, peyklərin missiyası və yerin müşahidəsi mövzularında elmi çıxışlar edir, öz araşdırma və yanaşmalarını təqdim edirlər.
Milan Konqresində 200 texniki sessiyada 2400-dək elmi məqalə təqdim olunur. Əlliyə yaxın tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda konqres vasitəsilə bu sessiyalarda müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurur, kosmosun gələcəyi barədə fikir mübadiləsi apara bilir. Milli elmi komanda “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH” qrupları və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə qlobal platformada ölkəmizi təmsil edir.
Qeyd edək ki, Milan Konqresinə 120 ölkədən 11 mindən çox iştirakçı qatılıb. Konqresin sərgi pavilyonunda Azərbaycanın Kosmik Agentliyi ilə yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Türkiyə, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər ölkələrin kosmik qurumları iştirak edirlər.
Milan Konqresi innovasiya, kosmosda dövlət-özəl tərəfdaşlığı, NASA-nın “Artemis Accords” Ay missiyası, kosmik kəşflər - Aydan Marsa doğru, kosmosda tibbi araşdırmalar, kosmosda biznes və investisiya, sahibkarlıq, kosmik iqtisadiyyat, kosmik resursların dəyəri haqqında interaktiv sessiyalar və zəngin proqramlarla bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayır.