Gizada Böyük Misir Muzeyi açılır

post-img

Gizada 2005-ci ildə tikintisinə başlanan Böyük Misir Muzeyi (GEM) sınaq rejimində açılıb, lakin indiyədək məhdud sayda eksponatı olan bir sərgi ziyarətçilərin ixtiyarına verilib.

Muzeyin rəsmi saytına istinadla xəbər verir ki, hazırda Böyük Misir Muzeyi kompleksi rəsmi açılışdan əvvəl bu mədəniyyət müəssisəsinin hazırlığını yoxlamaq məqsədilə sərgiyə məhdud giriş təklif edir. Həmçinin əsas qalereya, böyük zal, ticarət sahəsi və ətrafdakı bağları ziyarət etmək mümkündür. Lakin Firon Tutanhamonun parlaq kolleksiyası və Xufu piramidasının altında basdırılmış günəş qayıqları hələ də ictimaiyyətə təqdim olunmayıb.

Tikintisinə 20 ildən əvvəl başlanan və Giza piramidalarının yanında yerləşən nəhəng Böyük Misir Muzeyinin açılışı əvvəlcə 2012-ci ildə planlaşdırılırdı, amma onun açılış tarixi ifrat xərclər və siyasi qeyri-sabitlik səbəbindən dəfələrlə təxirə salınıb. Qədim əşyalar və turizm nazirinin müavini Əl-Tayib Abbasın sözlərinə görə, Böyük Misir Muzeyinin tikintisinə 1 milyard dollardan çox vəsait xərclənib.

Daha əvvəl Misirin Baş naziri Mustafa Madbuli bildirmişdi ki, muzeyin rəsmi açılışından əvvəl sınaq açılışı oktyabrın 16-da baş tutacaq. O əlavə edib ki, muzey Misirin dünyaya hədiyyəsi olacaq. Oktyabrın 15-də xarici media nümayəndələri sınaq açılışından əvvəl muzeyin zalları ilə tanış olublar.

Abbasın sözlərinə görə, muzeyə hər gün azı dörd min ziyarətçi gələcək. Turistlərin sayının da artacağına ümidvar olduğunu deyən nazir müavini əlavə edib: “Biz əcnəbi turistlərin sayını ildə üç milyona çatdırmağı planlaşdırırıq”.

Misir rəsmiləri bir sıra dünya liderlərinin rəsmi açılışda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Muzeyin tam açılışa demək olar ki, hazır olduğunu vurğulayan Abbas qeyd edib: “Rəsmi açılışa gəlincə, hazırkı qlobal vəziyyət bunun üçün əlverişsizdir. Onun dəqiq tarixini ölkənin siyasi rəhbərliyi müəyyən edəcək”.







Dünya