Bakıda “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans keçirilib

post-img

Oktyabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans keçirilib.

Ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış ediblər.

Natiqlər bildiriblər ki, dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün din təhsili olduqca vacib məqamdır. Bu, həm də cəmiyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır.

Həmçinin qeyd edilib ki, din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır. Dini öyrənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün dərin biliyə, erudisiyaya, eyni zamanda, elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir.

Diqqətə çatdırılıb ki, din sahəsində ixtisaslaşmış mütəxəssislərin rəy və təklifləri böyük əhəmiyyət daşıyır və onların tövsiyələri gələcəkdə dini təhsil sisteminin təkmilləşdirilməsində həlledici rol oynaya bilər. Müharibə, münaqişə və digər qlobal problemlər insanları dini təhsil və dəyərlər əsasında cəmiyyətə inteqrasiya olunmağa, həmçinin dini harmoniyanı qorumağa çağırır. Azərbaycanda dini təhsil sistemi ölkənin müxtəlif dini icmalarının hüquqlarını qorumaq və bu icmaların cəmiyyətlə qarşılıqlı əlaqəsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirib. “Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçiriləcək panellərdə iştirakçılar tərəfindən cari mövzularla bağlı çıxışlar edilib.

Konfrans müzakirələrlə yekunlaşıb.









Sosial həyat