Müqəddəs müəllim peşəsinin sirri... Şərəf və ləyaqətimizin zirvəsi

post-img

“Təhsil millətin gələcəyidir, mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. 

Bu müqəddəs kəlamların müəllifi dahi insan, ümummilli lider Heydər Əliyev həmişə müəllimlərinə xüsusi hörmətlə yanaşaraq bu ali peşənin əvəzsiz rolunu müdrikliklə dəyərləndirmişdir. Elə bu mənada hər şeyin dəyərini özünəməxsus dahiliyi ilə qiymətləndirən böyük İnsan, dövlət xadimi Heydər Əliyevin çıxışlarından faydalanaraq, həm də etiraf edirəm ki, bu yazını hazırlayanda kövrək hisslər yaşadım. Çünki, illər əvvəl parta arxasında əllərimi cütləyib müəllimlərə sehrli bir aləmin varlığı kimi tamaşa etdiyimi xatırladım və həm də indi onların əksəriyyətinin həyatda olmadığına təəssüfləndim...   

Müəllim adı mənim üçün həmişə müqəddəs olub. Mən bu adın, bu peşənin qarşısında həmişə təzim etmişəm. Təhsil aldığım orta məktəbdən tutmuş, ali məktəbə kimi bütün varlığının hərarətini, elmini, biliyini, bacarığını mənə və mənim kimi yüzlərlə şagirdinə, tələbəsinə bəxş edən müəllim şəxsiyyətinin nə qədər qiymətli olduğunu dərk etmişəm. Fədakar, zəhmətkeş, ömrümüzə sönməz işıq yandıran müəllimlərimi valideynlərim qədər sevmişəm. Hətta, onlar həyatla vidalaşanda göz yaşlarımı saxlaya bilməmişəm. Bax, müəllim sözü mənim üçün bu qədər qiymətli və əvəzsizdir. Mənim əlimdən ilk qələm tutub, mənə əlifbanın hərflərini bir-bir öyrədən atamın və orta məktəb müəllimlərimin ruhu qarşısında bu gün də baş əyib, həyatda nə qazanmışamsa etiraf etməyi özümə borc bilirəm. Bu mənada redaksiyamıza dəvət etdiyim: ömrünün 50 ildən çoxunu müəllimlik peşəsinə həsr edən İbrahim Yusifoğlunu, həyatının 45 ilini bu müqəddəs peşəyə bağlayan, riyazi elmlərin bilicisi, Azərbaycan üçün neçə-neçə elmlər doktoru yetişdirən Nazim Ələkbərovu doğmalarım, əzizlərim kimi qarşıladım. Çünki, onların adının qarşısında sənətlərin, peşələrin zirvəsini fəth edən müəllim adı dayanırdı. 

Əvvəlcə müsahibim, hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü şair, publisist İbrahim Yusifoğlunu dinlədim: 

- Elm və təhsil elə bir mənəvi nemətdir ki, müəllimlər bu çeşmədən qidalananlar bütün ömürləri boyu əldə etdikləri tükənməz xəzinəni qətrə-qətrə xalqına, dövlətinə xərcləyir. Dünyanın məşhur filosofları elm və təhsil haqqında öz fikirlərini bildirmişlər. 

Sufi qadın filosof Rabiə Abdul əl-Rəhman demişdir: “Müəllimlərin qayğısı altında olan camaat atasının qucağındakı uşaq kimidir”. Viktor Hüqo isə yazırdı: “Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir”. 

Mustafa Kamal Atatürkün fikri də çox qiymətlidir: “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. Lev Tolstoy yazırdı ki, xalqı təhsilli etməyin üç yolu var: məktəb, məktəb və yenə məktəb.

Müstəqil Azərbaycanın qurucusu, böyük dövlət xadimi Heydər Əliyev deyirdi ki, müəllimlik peşəsi şərəfli bir peşədir. Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə, millətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. 

Mən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində dünyaya göz açmışam. 1969-cu ildə səkkizinci sinfi əla qiymətlərlə bitirdikdən sonra o vaxtkı Naxçıvan Pedoqoji Texnikumunda 4 il təhsil almışam. Yeri gəlmişkən deyim ki, bu təhsil ocağının fəaliyyəti hətta, onun yetirmələri Qori Müəllimlər Seminariyasının dəyəri və məzunları ilə müqayisə edilə bilər. Bir ucu Qərbdə, bir ucu isə Şərqdə yerləşən bu təhsil ocaqlarının Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Əlbəttə, bu ayrıca bir mövzudur ki, yazılmalıdır. Amma bu gün hər iki təhsil məbədi haqqında yaddaşlara su çiləmək istədim. Söhbətimə davam edərək, demək istəyirəm ki, 1973-cü ildə pedoqoji texnikomu bitirdikdən sonra Şərur rayonunun dağ kəndi olan Aşağı Yaycı kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım. Və sonra fəaliyyətimi Axura kənd orta məktəbində davam etdirdim. İşləyə-işləyə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil aldım. Bu gün fəxr edirəm ki, yetirmələrim arasında adlı-sanlı insanlar var. Və onlar Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasında, qüdrətlənməsində vətəndaş sevgisi ilə çalışırlar. Mən bu həqiqəti bütün gerçəkliyi ilə 70 illik yubileyimdə gördüm ki, orta məktəbdə dərs dediyim şagirdlərim məni arayıb-axtarıb, doğmaları kimi bağırlarına basdılar. Bu görüşdən necə təsirləndiyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, sonsuz qürur hissi keçirdim. Əbəs yerə yaşamadığımı bir daha yəqin etdim. Müxtəlif sənət və peşə sahibləri olan yetirmələrim məni yubilyar kimi təbrik etməyə gələndə sevincdən gözlərim yaşarmışdı. Bu gün də sizə həmin anları danışanda doluxsunuram. Bilirsiniz, insanın dəyərini onun zəhmətini çəkdiyi övladı verəndə bu dəyərin qiyməti ölçüyəgəlməz olur. Bəli, mən şagirdlərimə övladlarım kimi baxmışam. İnanın, kəndin ən hörmətli adamı məktəbin müəllimi idi. Bütün ailələr sevincli və kədərli günlərində bizi yuxarı başda, öz yanlarında görmək istəyirdilər. Mən bir kənd müəlliminə verilən qiyməti və sevgini bütün həyatımın mənası kimi bu gün də xatırlayanda fərəh hissi keçirir, o illərə həsrətlə boylanıram. Çünki, müəllimlik ömrüm həyatımın gənclik illərinin yaşantılarıdır, zamana sinə gərməyimdir. Dahilər bütün dövrlərdə müəllimə ehtiyac duyublar. 

- Siz həm də uşaqlar üçün daha çox şeirlər yazan şair, publisistsiniz. Bir az yaradıcılığınızdan danışın.

- Bəli, mənim sinəm sözlə doludur. Yaradıcılığımda müəllimlər haqqında “Safdır, müqəddəsdir müəllim ömrü” adlı yazdığım kitab mənim üçün çox qiymətlidir. “Qıymayın uşaqlara” adlı şeirimlə müharibədə və terror hadisələrində həlak olan körpə fidanların acı taleyinə müəllim səsimi, etirazımı qaldırmışam:

Ay, Günəş istəyirlər,

Nur ələnsin cahana.

Şeh, yağış diləyirlər,

Təbiət gəlsin cana.

 

İstəyirlər gül, çiçək,

Ətri çöksün hər yana.

Raketləri, topları

Tuşlamayın onlara. 

Tanrıdan gələn səsdir:

Qıymayın uşaqlara!

 

Uşaqlar üçün mənzum pyeslər yazıram. 5 cildlik seçilmiş əsərlərim çapdan çıxmışdır. Nə yazıramsa, həyatı, qarşılaşdığım hadisələri qələmə alıram. Amma bir həqiqəti etiraf edirəm ki, yaradıcılığımın məhsuldar olmağının başlıca səbəbi 50 ildən yuxarı mənə həyat verən, məni insanlara sevdirən müqəddəs müəllimlik peşəmdir. 

Redaksiyamızın daha bir qonağı həyatının 45 ilini müəllimliyə həsr edən Nazim Ələkbərovdur. 

- Nazim müəllim, oxucularımıza özünüz haqqında qısa da olsa məlumat verməyinizi xahiş edirəm. 

- Mənim üçün də ən müqəddəs peşə müəllim adıdır. Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəbdə əmək fəaliyyətimə başlamışam. Pedoqogika sahəsində bilik və bacarıqlarımın həyata keçirilməsində bu qocaman məktəbin böyük rolu olub. İxtisasca riyaziyyatçıyam. Vaxtilə Əli Bayramlı Pedoqoji Texnikomu kimi fəaliyyət göstərən təhsil ocağında, həmçinin o vaxtkı Əli Bayramlı Özəl Türk Litseyində riyaziyyat fənnini tədris etmişəm. Mənim nəzərimdə müəllim ürəyindən narahat bir ürək yoxdur. Sanki, ürəyimin tən ortasında şagirdlərimi saxlamışam, onların acısını da, şirin gününü də birgə yaşamışam. Müəllim sevgisini, hərarətini, qayğısını, ehtiramını və şəfqətini şagirdlərindən əsirgəməməlidir. Mən təvazökarlıqdan uzaq olaraq demək istəyirəm ki, belə bir ömür yaşadığıma görə özümü xoşbəxt hiss edirəm. Bu gün də Şirvan şəhərində dərs dediyim insanlar qabağıma qaçıb məni bağrına basanda elə bilirəm ki, dünyanın ən varlı adamıyam. 

Mənim riyaziyyat elmi sahəsində yetirmələrim arasında elmlər doktorları, professorlar var. Mənə bundan böyük mükafat ola bilərmi? 

- Riyaziyyat elminə gəlməyiniz, bu peşəni seçməyiniz haqqında nə deyə bilərsiniz? 

- Hələ orta məktəb illərindən hiss edirdim ki, mənim bütün uğurlarıma riyaziyyat elmi yol açacaq. Təsəvvür edin ki, riyaziyyatdan hər hansı bir misalı, məsələni həll edəndə müəllimimin mənə verdiyi əla qiymət gələcək mövqeyim üçün böyük rol oynayıb. Bilirsiniz bu barədə niyə deyirəm? Mən öz üzərimdə görmüşəm ki, dürüst və sağlam əqidəli müəllimlərin qayğısı sayəsində şagird səviyyəsində olan bir körpə gələcəyin qüdrətli bir sənət, peşə sahibinə kimi möhtəşəm bir yolu adlayıb keçə bilər. Öyrəndiklərim əsasında deyim ki, islam elminin və mədəniyyətinin intibah dövrü sayılan X-XI əsrlərdən qabaq yaşamış dünya elminin korifeyi sayılan Məhəmməd ibn əl-Musa Xarəzminin həyat və yaradıcılığı haqqında oxuyarkən bir daha kəşf etdim ki, əgər riyazi elmlə məşğul olmaq sənin içindən gəlirsə, sən bu elmə xəyanət etməməlisən. Riyaziyyat mənim həyatımın mənasıdır desəm, kimsə məni qınamaz. Çünki, yetirmələrim qazandıqları uğurlara görə hər zaman məni uca tutublar. Mən də riyaziyyat elmi sahəsinə aid yazdığım kitablarımla xalqımın övladlarına xidmət etməyi və bu sahədə gərəkli pedoqoq olmağımı vacib bilmişəm. 

 -Sizə müəllim, şagird münasibətlərindəki bir nizamdan, həyat reallığından danışmaq istəyirəm ki, oxucularımız müəllimin psixoloji cəhətdən son dərəcə hazırlıqlı olduğunu yəqin etsinlər. 

 -Müəllim şagirdinə öz ölkəsinin vətəndaşı kimi münasibət bəsləməlidir. Müəllim Vətəni sevirsə onun övladını da sevməlidir. Mən həmişə dərs dediyim şagirdlərimə sabahın əsgəri, generalı, dövlət xadimi, həmçinin gələcəyin valideynləri, pedoqoqu, psixoloqu, ailələrimizin dirəyi kimi baxmışam. Müəllimin şah əsəri onun cəmiyyətə hazırladığı uşaqlarıdır. Müəllim ailələrlə işləməyi də unutmamalıdır. Ona görə ki, hər bir uşaq öz ailəsinin güzgüsüdür. Uşaq qəlbi çox həssas olur. Müəllim haqqında zərgər dəqiqliyi qədər düzgün rəyi onun dərs dediyi şagirdlər söyləyir və formalaşdırır. Deməli, bu müqəddəs peşəni seçənlər onun məsuliyyətini dərk etməli və cəmiyyət qarşısında son dərəcə öz işlərinə cavabdeh olduqlarını əməli işləri ilə sübut etməlidirlər. Mənim nəzərimdə müəllimin ən dəyərli əsəri onun illərlə zəhmətini çəkdiyi və bəhrəsini gözlədiyi şagirdləridir. Mən bu gün bütün pedoqoqları salamlayıram, onlara əbədi olaraq şagird sevgisi, valideyn etibarı, məhəbbəti qazanmağı arzulayıram. 

- Əziz müəllimlər, bayramınız mübarək olsun!

 

Kəmalə ABDİNOVA

XQ 

   



Təhsil