Universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin (DİPU) professor-müəllim heyəti və tələbələri ilə görüşüb. 

Görüşdə həmçinin ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova iştirak edib. 

DİPU-nun prorektoru, dosent İso Dusboyev qonaqları salamlayıb, Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığın, həmçinin tələbə və müəllimlərin mübadiləsinin onlar üçün vacib amil olduğunu bildirib. 

Mahirə Hüseynova Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsi, həmçinin Türk dünyasının ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinin vacib amil olduğunu diqqətə çatdırıb. Milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizin eyni olduğunu diqqətə çatdıran M.Hüseynova Özbəkistanın vəsaiti ilə Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin tikilməsinin və açılışda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakının əsl qardaşlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.

O bildirib ki, təmsil etdiyi universitet Azərbaycan ali məktəbləri arasında ən qədim elm ocağıdır və 103 yaşı var. M.Hüseynova qeyd edib ki, ADPU-da Türkoloji Mərkəz də fəaliyyət göstərir və bu qurumda özbək bölməsinin fəaliyyətini də qaydaya salacağıq.

Mərkəzin xətti ilə elmi jurnal da nəşr edirik və burada bütün Türk dünyası alimlərinin məqalələri çap olunur.

Sonra universitetin elmi işlər üzrə prorektoru Marufcon Dusmurodov, dosent Nərgiz Məmmədova və başqaları Azərbaycan və Özbəkistan universitetləri arasında əlaqələrin daha da genişlənməsinin vacib amil olduğunu bildiriblər. 

ADPU və DİPU arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Sənəd elmi, pedaqoji, tələbə-müəllimlərin mübadiləsi, birgə elmi konfransların keçirilməsi, nəşrlərin təşkili və digər məsələləri əhatə edir.

Sonra  təhsil sahəsindəki xidmətlərinə görə Mahirə Hüseynovaya Daşkənd İqtisadiyyat və Pedaqogika  Universitetinin Fəxri professoru adının verilməsi ilə əlaqədar universitetin Elmi Şurasının qərarı oxunub, diplom və xatirə hədiyyələri təqdim edilib. 

M. Hüseynova həmçinin bu ali məktəbin Azərbaycan üzrə əlaqələndiricisi təyin olunub, qarşılıqlı olaraq hədiyyələr təqdim edilib. 

Tədbirin bədii hissəsində universitet tələbələri Azərbaycan və özbək dilində mahnılar ifa ediblər.

Sonra professor  pedaqogika fakültəsinin tələbələri üçün Azərbaycan və Özbəkistan ədəbiyyatı mövzusunda mühazirə oxuyub.

Günün ikinci yarısında isə M.Hüseynova Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin tələbələri qarşısında soydaşlarımızın Qərbi Azərbaycandan, öz dərə-baba yurdlarından qovulması ilə bağlı geniş və əhatəli mühazirə oxuyub. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd 

 

 

 











Təhsil