“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI Qurultayının plenar iclası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara təbrik məktubu ilə başladı. Qurultayda diqqətçəkən çıxışlardan biri ADA Universitetinin rektoru Hafiz Paşayevin çıxışı idi. O bildirdi ki , mədəni cəmiyyətin, mədəni ailənin və mədəni vətəndaşın daim minnətdar olduğu zümrə müəllimlərdir”.
Bu fikirləri “Xalq qəzeti”nə Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, STEAM müəllimi, rəqəmsal bacarıqlar və ARTİ layihələri üzrə təlimçi Çinarə Kazımova dedi.
Çinarə xanım bildirdi ki, müəllim adını qorumaq və yüksəltmək hər birimizin vəzifəsidir: “Dövlət strategiyasının prinsiplərinə uyğun olaraq sağlam ruhlu, yüksək şəxsi keyfiyyətli gənclərin yetişdirilməsi üçün dərsliklərə xüsusi diqqət etməliyik. Eyni zamanda, mürəkkəblə yox, qanla yazılan yeni Qarabağ salnaməmiz tədris prosesinin əsas istiqaməti olmalı, gənclərimizin vətənpərvərlik tərbiyəsi ilə ayrıca məşğul olmalıyıq”.
Panel müzakirələrinə diqqət çəkən müsahibim qeyd etdi ki, panellərdə bu günün aktual mövzularına toxunulub.
Rizvan FİKRƏTOĞLU
XQ