Laçında müəllimlərin bayram sevinci

post-img

Bu tədris ilində ölkəmizin sayca artan məktəbləri sırasında işğaldan azad olunmuş ərazilərdəki yeni təhsil ocaqları da olub. Qarabağda 6 məktəbdə ilk zəng çalınıb. Həmin məktəblərdə, ümumilikdə, 780 şagird təhsilə cəlb edilib və onlara 94 müəllim dərs deyir. 

Prezident İlham Əliyevin ötən il sentyabrın 21-də Laçın şəhərinə səfə­ri zamanı üçrəngli dövlət bayrağımızı ucaltması, “Laçın” Qovşaq Yarımstan­siyasının təməlqoyma mərasimində iştirakı, habelə rayonun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin la­yihələndirilməsi və tikinti işləri, eləcə də Laçın şəhər 2 nömrəli tam orta və Zabux kənd orta məktəbinin bərpası və tikintisi üçün maliyyə vəsaiti ayrılması barədə sərəncamlar imzalamasını bütün la­çınlılar kimi, pedaqoji işçilər də hədsiz sevinc və minnətdarlıq hissi ilə qarşıla­yıblar. Peşə bayramı ərəfəsində isə ra­yondan gənc müəllim İqbal Mirzəyevin “Tərəqqi” medalına layiq görülməsi bü­tün laçınlı pedaqoqların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilir.

Bu il Müəllimlər Gününü daha böyük fərəhlə qeyd edən Laçın rayonunun təh­sil işçiləri onu da fəxrlə xatırlayırlar ki, avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ra­yon mərkəzindəki 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açı­lışında, ertəsi gün isə Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” tədbirlərində iştirak ediblər. Qeyd edək ki, daha öncə dövlət başçısı özünün 50 illik yubileyini Ağcabədi rayonunun Tax­takörpü qəsəbəsində laçınlı köçkünlər­lə, Mehriban xanım isə ad gününü Laçın sakinləri ilə birlikdə keçiriblər. 

Cari tədris ilində Laçındakı 2 nöm­rəli məktəbdə 137 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparır. Məktəbin şagird tutumu daha çoxdur. Burada geniş laboratoriya və fənn kabinetləri, texnologiya və infor­matika otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı var. 

Bir vaxtlar (6 yaşında) doğma yur­dunu tərk etməyə məcbur olub Ağca­bədiyə köçən, sonra Bakıda ali təhsil alan Şəbnəm Cəbrayıl ixtisasca ingilis dili müəllimidir. Laçına qayıtmasından qürur duyur. Bunun üçün Taxtakörpü məktəbindəki direktor vəzifəsindən im­tina edib. Şəbnəm xanım təyinatla Tax­takörpüyə gedəndə həmin məktəbdə ali təhsilli ingilis dili müəllimi yox idi. Son dövrlərdə isə Azərbaycan Dillər Univer­sitetinə həmin ixtisas üzrə 21 gənc yola salınıb. “Bunun müəllim kimi fəaliyyəti­min nəticəsi olduğunu düşünürəm və ilk növbədə laçınlılar üçün uğurlu, faydalı olacağı qənaətindəyəm”, – deyir Şəb­nəm müəllim. 

Onu da qeyd edək ki, Taxtakörpü məktəbindəki uğurlarına görə gənc di­rektor 2019-cu ildə “Azərbaycan Res­publikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. İndi o, atası Tofiq Əhmədovun, nənəsi Şəfiqə Baxışova­nın uzun illər çalışdıqları 2 nömrəli tam orta məktəbdə müəllim olmaqla yanaşı, həm də tədris işləri üzrə direktor müavi­ni vəzifəsini icra edir. 

Onun iki qızı – Dəniz və Günəş də Laçındakı təzə məktəbdə dərsə gedirlər. Dəniz 6-cı, Günəş isə 2-ci sinif şagirdi­dir. İşğal dövründə Şəbnəm müəllimgi­lin evində ermənilər yaşayıb və buranı yararsız hala salıblar. “Evimiz qoyub getdiyimiz kimi deyildi, təkcə dörd divarı olduğu kimi dururdu. Ermənilər buralara müvəqqəti sahib çıxdıqlarını bildikləri üçün bizdən sonra evə heç əl gəzdirmə­yiblər. Atam rəssam idi, divarları öz əl işi ilə bəzəmişdi. Əl işləri solsa da, qalırdı. Bir vaxtlar altında oynadığımız ağacları da ermənilər qrad mərmiləri ilə dağıt­mışdılar. Yerində yeni ağaclar əkmişik. Yəni, ərazi dəyişsə də, xatirələrimdə elə o vaxtlar olduğu kimi canlanır. Qızlarım­la söhbətlərimdə o xatirələri çözələmək­dən özümü saxlaya bilmirəm”.

Laçında daha bir pedaqoq – ixti­sasca ibtidai sinif müəllimi olan Ülviyyə Cəfərova hər səhər məktəbə 2 övladı ilə gedir. O hələlik müəllim kimi çalışmır, məktəbdə Uşaq Birliyinin yerli rəhbəri kimi fəaliyyət göstərir. Böyük qızı Fa­timə 9-cu, Zəhra isə 3-cü sinifdə oxuyur. Fatimə peşə bayramları münasibətilə sevimli müəllimlərini təbrik edərək de­yib: “Pedaqoqlarımıza çox güvənirəm. Məktəb də, buradakı mühit də əladır. Çox maraqlı dərnəklər təşkil edilib. Coğ­rafiya, Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərini çox sevir, həvəslə oxuyu­ram. Müəllimlərimiz həm bu fənlər üzrə biliyimi, həm də, ümumiyyətlə, bacarıq­larımı artırmaqda mənə lazımi köməklik göstərirlər”.

Onu da deyək ki, tezliklə Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində də tədris prosesinə start veriləcək. Orada təhsil alacaq şagirdlər məktəb fəaliyyətə başlayanadək mü­vəqqəti olaraq Laçın şəhərindəki yeni məktəbdə təhsillərini davam etdirirlər. Sus kəndində də məktəb tikintisinə baş­lanılıb.

Bəli, gözləri zəfər ziyası ilə işıqlanan laçınlı müəllimlər uzun fasilədən sonra doğma yurdda peşə bayramını keçir­məkdən, şagirdlərinin zehnini nurlandır­maqdan son dərəcə məmnundurlar.

Ə.ƏLİYEV
XQ



Təhsil