Ağalıda dərs demək fədakarlıqdır

post-img

Bu gün ən müqəddəs peşə sahiblərinin bayramıdır, desək, yanılmarıq. Çünki hər birimizin üstündə müəllimlərin böyük əməyi var. Şagirdlərinin gözündə elm, bilik işığı yandıran müəllimlərdən ibarət fədakar bir kollektiv də azadlığına qovuşmuş Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində çalışır. 

Bütün ölkədə olduğu kimi, Ağalı məktəbində də adi iş günlərindən bi­ridir, amma bir qədər bayram əhvallı gündür. Məktəbin gənc direktoru Nər­min Həsənova dedi:

– İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin rəhbəri kimi bu bayramı qeyd etmək bir başqa duyğudur. Məktəbimizin açı­lışı 2022-ci il sentyabrın 15-də olub. Şagirdlərimiz, müəllimlərimiz, bütün sakinlərimiz doğma yurdda yaşadıqla­rı üçün çox sevinclidirlər. Bu, adamda, doğrudan da, çox gözəl ovqat yaradır. Həm də biz müəllimlərin üstündə saba­ha hazırladığımız uşaqlara görə böyük məsuliyyət yükü var. Mən bundan əv­vəl Zəngilan rayon 14 nömrəli məktəb­də tarix müəllimi işləmişəm. Direktorlu­ğa imtahan verdim və qərara gəldim ki, Ağalı kənd orta məktəbinə gəlim, təkli­fimi qəbul etdilər, məni göndərdilər bu məktəbə. 

Nərmin müəllim həyatının daha bir unudulmaz günündən də iftixarla bəhs etdi: 

– Ötən il mayın 27-si idi. Biz həmin gün Ağalıda cənab Prezidentimizlə və Mehriban xanımla görüşdük. Görüş za­manı Mehriban xanım məni Ağalı kənd tam orta məktəbinə direktor təyin olun­duğum üçün təbrik etdi və gənc ailə­mizə öz xeyir-duasını verdi. Xatirə şə­killəri çəkdirdik. Həqiqətən, möhtəşəm gün idi. 

Ağalı müəllimləri buraya ilk köçən sakinlərdir. Təzə məktəbin, pedaqoq­ların üzərinə çox məsul vəzifə düşüb. Məktəb 360 şagird yerlikdir. Şagirdlərə biliklə bərabər, doğma torpaqlarımızın tarixi haqqında daha çox məlumat ve­rilməli, güclü vətənpərvərlik ruhu aşı­lanmalıdır ki, yurd yerlərinin qədrini bil­sinlər, dostu-düşməni tanısınlar. 

Nərmin müəllim onu da vurğuladı ki, şagird müəllimini sevməsə onun tədris etdiyi fənni oxuyub öyrənə bil­məz: “Elə bilirəm ki, qısa müddətdə bunu edə bilmişik və edəcəklərimiz də hələ çoxdur. Buraya dönmüş ilk sakin­lər kimi, həm təhsilin inkişafında, həm milli adət-ənənələrin qorunmasında və təbliğində üzərimizə çox böyük yük və məsuliyyət düşür”.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfin­dən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Qısa müddətdə “Ağıllı kənd” layihəsinin mər­hələli açılışları olub. Azərbaycan Prezi­denti İlham Əliyev və Birinci vitse-pre­zident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikin­ci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. 

Direktor sonda onu da dedi ki, qarşıda görüləsi işlər çoxdur: “Ağalı kəndində təhsilin yüksək səviyyədə olmasına daha çox diqqət yetirəcəyik. Bunun üçün hər cür şərait yaradılıb. Məktəb hazırda mövcud olan bütün innovativ texnologiyalarla təmin edilib. Təhsil müəssisəsində olan avadan­lıqlar müasir standartlara cavab verir, ağıllı və smart lövhələrimiz var. Həmçi­nin, kitabxanamız xeyli zəngindir”. 

R.QURBANLI
XQ

Təhsil