Yeniləşən Azərbaycan təhsilinin yeni uğurları

post-img

Dünyada çoxlu əlamətdar günlər, peşə bayramları qeyd olunur. Bunların arasında ən kütləvisi Beynəlxalq Müəllimlər Günüdür. Çünki elə bir yaşayış məntəqəsi, elə bir ev, ailə yoxdur ki, bilavasitə müəllim zəhmətindən bəhrələnməsin. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən ümumbəşəri təqvimə düşüb.

Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, məhz müəllim doğma yurdu­muzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrü­müz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Müəllimləri cəmiyyətin memarları, in­sanlıq bağının bağbanı da adlandırmaq olar. Onlar sabahın təməlini qoyanlar, şagirdlərinə fəzilətli insan olmağı, in­sanlıq üçün faydalı işlər görməyi öyrə­dənlərdir. Buna görə də valideynlər ra­hatlıqla öz övladlarının təlim-tərbiyəsini müəllimlərə etibar edirlər.

Statistikaya görə, Azərbaycanda 300 mindən artıq təhsil işçisi var. Bunun dörddə-üçü ümumi təhsil müəssisələ­rində (orta məktəblər) çalışır. Ümumi sayda qadın müəllimlər yarıdan bir qə­dər çoxdur. Ölkəmizdə təhsil islahatları uğurla həyata keçirilir. Təhsil ocaqla­rının maddi-texniki bazası durmadan genişlənir. Təhsildə keyfiyyət göstəri­cilərinin yüksəlməsində müəllimlərin sertifikatlaşdırma imtahanları mühüm rol oynayır. 

Daim öz üzərində işləyən, peşə ustalığını artıran pedaqoqlarımızın sti­mullaşdırılması diqqət mərkəzindədir. Bir neçə ay əvvəl Elm və Təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib ki, Azər­baycanda hər 3 müəllimdən 1-i 2023–2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Ha­zırda müəllimlərin 22 faizi 500 mana­ta qədər, 48 faizi 500–1000 manat, 26 faizi 1000–1500 manat, 5 faizi 1500–2000 manat, 0,4 faizi 2000 manat və daha artıq maaş alır. Həvəsləndirmə tədbirlərinin tətbiqi də davam edir və getdikcə maaşlar daha da artacaq.

Göründüyü kimi, Azərbaycan cə­miyyətində müəllimlik, şəxsiyyəti gözəl və təsirli ifadələrlə qiymətləndirilən hör­mətli və perspektivli peşədir. Prezident İlham Əliyev pedaqoq əməyini yüksək qiymətləndirərək deyib: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasın­da məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.

Sabahımızın sahibləri olan nəsli ye­tişdirən, onların beyinlərini zəka, əxlaq, Vətən sevgisi nuruna qərq edən bütün müəllimlərimizi peşə bayramları müna­sibətilə təbrik edirik!

XQ



Təhsil