9 İyun Beynəlxalq Arxivlər Günüdür

post-img

Arxivlər – Millətin yaddaşı, dövlətin etibarlı şahidi

Tarix yalnız keçmişdə baş vermiş hadisələrin xronikası deyil, həm də xalqların yaddaşı, dövlətlərin təcrübəsi və gələcəyə uzanan mənəvi körpüsüdür. Bu yaddaşı qoruyan, zamanın sınağından keçirərək nəsillərə çatdıran ən mühüm institutlardan biri isə arxivlərdir. Məhz buna görə də hər il 9 iyun tarixi dünyada Beynəlxalq Arxivlər Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib: 1948-ci il iyunun 9-da UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Arxivlər Şurası yaradılmış, 2007-ci ildə isə həmin günün Beynəlxalq Arxivlər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. 

Arxivlər bəşəriyyətin yazılı yaddaşıdır. Dövlətlərin siyasi qərarlarından tutmuş, xalqların mədəni irsinə, müharibələrdən diplomatik münasibətlərə, görkəmli şəxsiyyətlərin həyat yolundan adi insanların talelərinə qədər minlərlə sənəd burada qorunur. Mütəxəssislərin fikrincə, arxivlər yalnız keçmişi öyrənmək üçün mənbə deyil, həm də vətəndaş hüquqlarının müdafiəsi, dövlət idarəçiliyində şəffaflığın təmin olunması və ictimai hesabatlılığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Arxivlər cəmiyyətin kollektiv yaddaşını qoruyur, demokratiyanın və hüquqi dövlət quruculuğunun mühüm dayaqlarından biri kimi çıxış edir. 

Azərbaycan da zəngin arxiv ənənələrinə malik ölkələr sırasındadır. Milli Arxiv Fondunda yüz minlərlə sənəd vahidi saxlanılır. Bu sənədlər Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərini, xalqımızın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz mənbələrdir. Xüsusilə son illərdə arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və tarixi mənbələrin ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımlar atılır. Bu proses həm elmi araşdırmaların imkanlarını genişləndirir, həm də milli-mədəni irsin gələcək nəsillərə daha etibarlı şəkildə ötürülməsinə xidmət edir.

Müasir dövrdə informasiyanın həcmi sürətlə artır. Kağız sənədlərlə yanaşı, elektron məlumat bazaları, rəqəmsal arxivlər və audiovizual materiallar da yeni dövrün yaddaş daşıyıcılarına çevrilib. Buna görə də arxiv işi artıq təkcə sənədlərin saxlanılması deyil, həm də onların mühafizəsi, rəqəmsal təhlükəsizliyinin təmin edilməsi və gələcək nəsillər üçün əlçatanlığının qorunması kimi mühüm vəzifələri əhatə edir. Beynəlxalq Arxivlər Həftəsinin son illərdə "Arxivlər hamı üçündür" kimi mövzular ətrafında keçirilməsi də məhz arxivlərin cəmiyyətə açıq və əlçatan olmasının vacibliyini vurğulayır. 

Azərbaycan tarixinin bir çox qaranlıq səhifələrinin işıqlandırılmasında, milli dövlətçilik ənənələrinin araşdırılmasında, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında arxiv sənədləri mühüm rol oynayır. Tarixi faktların saxtalaşdırılması cəhdlərinə qarşı ən güclü arqument məhz sənədli sübutlardır. Bu baxımdan arxivlər təkcə keçmişin deyil, həm də milli maraqların və tarixi həqiqətlərin qoruyucusudur.

Bəli, yaddaşını qoruyan xalq gələcəyini daha inamla qurur. Arxivlər zamanın sükut içində danışan şahidləridir. Onlar keçmişin izlərini qorumaqla yanaşı, bugünün dəyərlərini sabaha daşıyır, cəmiyyətin tarixi özünüdərkini formalaşdırır. Hər bir sənəd, hər bir məktub, hər bir qərar gələcək nəsillərə ünvanlanmış bir mesajdır. Bu mesajların itirilməməsi isə arxivçilərin fədakar əməyinin nəticəsidir. Arxivlər yaşadıqca tarix yaşayacaq, tarix yaşadıqca isə xalqın mənəvi varlığı və dövlətin yaddaşı qorunub saxlanacaq.

Nurəngiz Adilqızı

XQ

 

Sosial həyat