Əhalisinin sayına görə yalnız Türkiyədən sonra ikinci böyük türk dövləti olan Özbəkistanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında son illər pozitiv dəyişikliklər baş verir. Bütün türk xalqları buna sevinirlər!
Ölkə rəhbərliyi bu qədim məmləkətin çağdaş dönəmdə sürətli inkişafı və tərəqqisi üçün yüksək hədəflər müəyyən edib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün səriştəli kadrlara kəskin ehtiyac yaranıb. İndi milli ruhlu, yüksək peşəkar gənc milli kadrların hazırlanması son dərəcə vacibdir.
Özbəkistan hökuməti bu sahədə gələcəyə hesablanmış layihələr icra edir. Buna bariz nümunə kimi, ölkənin zəngin mədəni və ideoloji irsinin rəqəmsal platformaya keçirilməsi üçün nəzərdə tutulan “2030-cu il İnkişaf Strategiyası”nı göstərmək olar.
Yeri gəlmişkən, bu günlərdə Daşkənddə layihənin təqdimatı keçirilib. Toplantıda çıxış edən dövlət və hökumət rəsmiləri, tanınmış alimlər bildiriblər ki, qloballaşan dünyada cəmiyyət kənar ciddi xarici ideoloji təzyiqlərə məruz qalır. Bunun qarşısının alınması üçün milli-mənəvi dəyərləri təbliğ və təşviq edən folklor və bədii ədəbiyyat nümunələrinin geniş oxucular üçün əlçatan olması zəruridir.
Strategiyanın əsas istiqamətlərindən biri də ölkədə kitabxana xidmətlərinin modernləşdirilməsi yolu ilə klassik özbək ədəbiyyatının təbliğidir. Özbəkistanda fəal gənc oxucuların sayının 5 milyona çatdırılması əsas hədəflərdən biri kimi irəli sürülüb. Bu istiqamətdə ciddi işlər görülür. Tezliklə vətəndaşlar dövlət kitabxana fondlarındakı milyonlarla kitablardan onlayn şəkildə oxuyub bəhrələnə biləcəklər.
Xatırladaq ki, Strategiya, ilk növbədə, “Özbək ədəbiyyatı xəzinələri” çoxcildlik antologiyasının və “Dünya uşaq ədəbiyyatının şah əsərləri” toplusunun elektron variantının hazırlanmasını nəzərdə tutur. Sonrakı mərhələdə digər elmi, bədii, kütləvi ədəbiyyat rəqəmsallaşdırılacaq.
Məsaim ABDULLAYEV
XQ

