“Vətən”

post-img

(poemadan bir parça)

Axır ki, mənim də zəfərim gəldi,
Mənim də Qələbə əsərim gəldi!
Mən onun yolunu çox gözləmişdim,
Onu oxşamışdım, əzizləmişdim,
O gəldi ordumun inam səsi tək,
Vətənin İlahi salnaməsi tək,
Dən idi, göyərib zəmiyə döndü,
Sal idi, sularda gəmiyə döndü,
Özümə qayıtdı, çevrəm, özümə,
Özümə qayıtdı, dövrəm, özümə!
Dünya nehrə kimi çalxalanmada,
Ürək Vətən-Vətən duyğulanmada,
Günəş də elə bil aşağı gəldi,
Gəldi, nurum gəldi, imanım gəldi.
Yüz illər vurnuxan gümanım gəldi,
Bu işıq Məkkədən, Qüdsdən gəldi,
Bir ulu ayədən, hədisdən gəldi,
Bir az silkələndi “Qanlı dərə”lər,
Bir az yırğalandı bu mənzərələr,
Bir az Çıraqqala havası gəldi,
Bir az Çanaqqala davası gəldi,
Ötdü Araz səddən, Araz barıdan,
Ötdü “Heyratı”dan, “Arazbarı”dan,
Bir az Savalana sığındı gəldi,
Bir az Ağrıdağa toxundu gəldi,
Təbrizi Bakıya gətirdi bir az,
Ərbili Şəkiyə gətirdi bir az,
Gətirdi Dərbəndi, Göyçəni bizə,
Bütövlük gətirdi ellərimizə,
Qaytardı dilimdən qaçan dilləri,
Qaytardı qürbətdə açan gülləri,
Bağrımın başından asıldı bu gün,
Ömrümə əbədi yazıldı bu gün!

Ramiz QUSARÇAYLI

Sosial həyat