Sərlövhəyə çıxardığımız bu dəyərli fikir görkəmli şərqşünas, akademik Ziya Bünyadova məxsusdur. Böyük alim dəfələrlə bildirib ki, türkçülük konseptual düşüncə sistemi olaraq türk xalqlarının milli varlığını qorumağa və inkişaf etdirməyə yönəlib.
Qeyd etmək lazımdır ki, türkçülüyün qədim və şərəfli tarixi var. Bir müddət əvvəl AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. I qurultayın 100-cü ildönümünə həsr olunan bu mühüm mərasimdə Türk dünyasının görkəmli elm və incəsənət xadimləri, siyasətçilər, media nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı vurğulayıb ki, çağdaş türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri bütün Türk dünyasının hərtətəfli, kompleks şəkildə araşdırılmasıdır. Natiq, həmçinin birgə elmi-mədəni platformanın yaradılmasının, eləcə də rəmzi məna daşıyan ortaq kitabların hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Xoşbəxtlikdən, bu gün türk xalqlarının uzun qərinələr boyu ən ümdə hədəflərindən olan Böyük Turan ideyası reallığa çevrilir. Avrasiya məkanında eyni dildə danışan, folklor və ədəbiyyatı, adət-ənənələri bir-birinə yaxın olan xalqlar arasında birlik və həmrəylik əlaqələri güclənməkdə davam edir. Türkçülüyün böyük mücahidləri məhz bu günü arzulayırdılar!
Türk xalqlarının sürətli iqtisadi və mədəni inkişafı, təəssüf ki, bir çox böyük dövlətlərdə əsassız olaraq təlaş və qısqanclıq hissi yaradır. Əslində, narahatlığa heç bir əsas yoxdur. Türklərin hər hansısa bir xalqın torpağında və sərvətində gözü yoxdur. Qoy hamı bilsin ki, türklər ulu babalarının onlara əmanət etdikləri, Vətənə çevirdikləri torpaqlarının bir qarışını heç kimə əsla güzəştə getməzlər.
Türk xalqlarının bir-biriləri ilə siyasi, iqtisadi, mədəni əlaqələri gücləndirdikcə, ayrı-ayrılıqda bu toplumların hər biri, bütövlükdə isə hamısı birlikdə real gücə çevrilir. Gücə söykənməyən ədalət boş xülyadan başqa bir şey deyil. Bugünkü gərgin və təlatümlü dünyada özünü müdafiə edə bilməyən toplumlar isə yenilməyə məhkumdurlar. Türk ölər, amma bu həqarəti özünə heç vaxt sığışdırmaz.
Tanınmış türkoloq, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, professor Şahbaz Şamıoğlu hesab edir ki, çağdaş dünyada hansı ölkə, hankı toplum elm və texnologiyalar sahəsində irəli çıxa bilsə, təbii ki, o xalq, o millət daha böyük rifah və güvən içində yaşayıb yaradacaq. Bu gün planetimizdə azad, xoşbəxt cəmiyyət qurmaq yalnız yüksək savad, dərin biliklər kəsb etmək yolu ilə mümkündür. Məlumdur ki, elm intibahın lokomotividir. Bu danılmaz həqiqəti heç vaxt unutmaq olmaz!
Professor bu günlərdə bizimlə bu mövzuda söhbət zamanı belə bir məqamı da vurğuladı ki, türk xalqları türkçülüyün böyük mücahidi İsmayıl bəy Qaspıralının ərz etdiyi kimi, dildə, fikirdə, əməldə bir olsalar, əlbəttə, xarici təhdid və təhlükələrdən daha etibarlı surətdə qoruna bilərlər. Bəli, biz birlikdə güclüyük!
Tarix göstərir ki, zəif, soykökündən uzaq düşmüş mədəniyyətlər özündən daha güclü sivilizasiyaların artan təzyiqləri qarşısında əriyib yox olurlar. Yaxın və uzaq tarixdə buna onlarla nümunə çəkmək olar. Böyük Turanı sözdə yox, əməldə güclü görmək istəyən hər bir türk övladı, oğlu və qızı, hər bir ziyalı bu sadə və danılmaz həqiqəti bir an belə unutmamalıdır.
Şahbaz Şamıoğlu sonra dedi: “Gərəkdir ki, bu gün elm və tərəqqi yolunda zirək olaq! Zatən, başqa yolumuz da yoxdur. Hazırkı dünya gücləri vaxtilə təsbit etdikləri hüquqi və mənəvi norma və qanunlara əməl etmirlər, yoxsul və zəiflərin göz yaşlarının fərqinə isə varmırlar. Bəllidir ki, türk xalqları son 2 əsrdə imperialist sömürücü güclərin ağır basqıları ilə üzləşiblər. Tarixdən düzgün nəticə çıxarmayanlar yeni bəlalara düçar olurlar. Bu, yolverilməzdir!”.
Bakı Avrasiya Universitetinin professoru Seyfəddin Altaylı isə dedi ki, o, türk xalqlarının gələcəyinə böyük ümidlərlə baxır. Çünki türklər qurucu və sülhsevər toplumdur. Onlar heç vaxt qatı millətçilik, şovinizm azarına mübtəla olmayıblar. Türkdilli xalqların bu gün bir-birilərinə həyan, arxa olmaları hava, su kimi vacibdir”.
Professor, eyni zamanda, vurğuladı ki, çağdaş zəmanədə inkişaf və tərəqqinin yolu, ilk növbədə, elm və təhsildən keçir. Bu sahədə müdrik, düşünülmüş addımlar atılmalıdır. Əldə olunan uğurlar, qazanılan təcrübələr təqdir və təbliğ olunmalıdır.
Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarının birində ölkə gənclərinə Nobel mükafatı laureatı Əziz Səncərdən nümunə götürmələrini tövsiyə edib: “Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi”.
Dövlətimizin başçısı bildirib ki, gənclər üçün Əziz Səncər kimi insanlar həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər şəxs olaraq örnəkdir, nümunədir. Onlar həyatda Əziz bəyə oxşamağa çalışmalıdırlar. Qeyd edək ki, Əziz Səncər kimya sahəsində Nobel mükafatına layiq görülmüş ilk türkiyəli alimdir.
Ümid edir və inanırıq ki, ən yaxın illər ərzində Nobel mükafatına layiq görülənlərin arasında türk kökənli alimlərin sayı kəskin artacaq. Axı hər bir toplumun elmli və bilikli olması böyük səadətdir. Akademik Ziya Bünyadovun qeyd etdiyi kimi, türkçülüyə xidmət etmək vicdanlı olmaq deməkdir.
Bu il aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı keçirilib. Prezident İlham Əliyev görüş iştirakçılarını qəbul edərkən demişdir: “Bütövlükdə, Azərbaycan TDT-nin inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.
Qafar ÇAXMAQLI,
Ərciyəz Universitetinin (Türkiyə) professoru
Turan, sadəcə, Avrasiyada yerləşən geniş coğrafi məkan deyil. Bu, qədim dövrdən başlayaraq ən yeni tarixə qədər 26 güclü dövlət və imperiyalar quran türkdilli xalqların tarixi yaddaşıdır. O, eyni zamanda, təkcə türklərin deyil, bütövlükdə, insanlıq tarixinin önəmli mədəniyyət coğrafiyasıdır.
Qədim türklərdən bu günümüzə gəlib çatanlar sabahımızı da müəyyənləşdirir. Məlumdur ki, etnonim, toponim, demoqrafiya, sosiologiya, antropologiya, folklor, bioqrafiya, numizmatika, dinlərarası münasibətlər, filologiya, epiqrafiya, coğrafiya, tarix və diplomatiya keçmişdən bu günümüzə körpü salan elm sahələridir.
Sadaladığımız bu sahələrdəki bilgilər bizim bir kökdən gəldiyimizi, necə deyərlər, bir budaqdan min budaq olduğumuzu elmi və təcrübi şəkildə nümayiş etdirir. Biz təkcə dünənlə yaşamırıq, daha çox gələcəyə baxırıq. Gələcək isə bizdən möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “bir yumruq” kimi birləşib güclü olmağımızı tələb edir.
Bir an təsəvvür edək ki, biz bir simurq quşu olaraq, Böyük Turan üzərindən uçuruq, o zaman modern peyklərin görə bilmədiyini görəcəyik, özümüzü böyük bir doğmalıq içərisində hiss edəcəyik. Turanın hər bir guşəsində hər kəs belə bir həqiqəti çox gözəl anlayır ki, türkün ən yaxın dostu və qardaşı elə türkdür!
Məsaim ABDULLAYEV
XQ


