İki ölkə arasında mədəni əlaqələr daha da dərinləşir

post-img

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstana işgüzar səfəri zamanı ölkənin aparıcı elmi-mədəniyyət ocaqlarından biri olan Macarıstan Milli Seçeni Kitabxanasını ziyarət edib.

Bu barədə qurumdan verilən məlumata görə görüş zamanı qonaqları kitabxananın rəhbərliyi qarşılayaraq bu nüfuzlu müəssisənin tarixi, fəaliyyəti və zəngin fondları barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Seçeni Kitabxanası Macarıstanın əsas milli yaddaş mərkəzi olmaqla, ölkənin çap irsinin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Kitabxananın fondlarında milyonlarla kitab, əlyazma, xəritə və digər nadir materiallar saxlanılır.

Görüş çərçivəsində tərəflər arasında kitabxana sahəsində gələcək əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlarda informasiya mübadiləsinin gücləndirilməsi, oxucular üçün yeni xidmət modellərinin tətbiqi və müasir texnologiyaların kitabxana fəaliyyətinə inteqrasiyası kimi məsələlər diqqət mərkəzində olub. Professor Kərim Tahirov qarşılıqlı əlaqələrin institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə davamlı dialoqun əhəmiyyətini vurğulayıb.Eyni zamanda, tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Professor Kərim Tahirov səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirərək, bu kimi görüşlərin iki ölkə arasında mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib. Səfər xatirə şəkillərinin çəkilməsi və əməkdaşlıq perspektivlərinə dair müzakirələrlə yekunlaşıb.

Sosial həyat