Dizi məktəb, könlü müəllim şair

post-img

Xaqani Şirvani – 900

Bu il yubileyi qeyd olunan Azərbaycanın böyük şairi Xaqaninin əsl adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani kimi təqdim edilir. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.

Xaqani Şirvanda dülgər ailəsində anadan olmuşdur. Əsərlərində özü ailəsi haqqında geniş məlumat vermişdir:

Atam nəccar idi, dərs alıb ondan,
Oldum zəmanədə ustad sözyonan...

O, ilk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə yiyələnmişdir.

Əmisinin onun boynunda haqqının olmasını bir çox şeirində qeyd edib, “Ana” şeirində isə bu haqqı ana haqqına bərabər tutub:

Onun haqqı çoxdur boynumda, bişəkk,
Boynumda əmimin haqqı olan tək.

Bu musralardan, həmçinin babasına, atasına, anasına, əmisinə şeir həsr etməsindən, onları əsərlərində tez-tez minnətqdarlıqla yad etməsindən şairin mənəviyyatca kamil bir insan olduğunu düşünmək olar:

Gövhərim nəccardır, təbin nəcib övladına,
Tişəsi altında bir mahir ata əl gəzdirər.

Xaqani ədəb-ərkanın ona ailəsindən miras qalmasını aşağıdakı misralarda bu cür ifadə etmişdir:

Həcv edərkən söyüş söymək xasiyyətim deyil mənim,
Ədəb mənə ailəmdən təkcə miras qalanımdır.

Atasından giley etdiyi şeirındə atasının onu bir şair kimi görmək istəməməsindən qeyd etsə də, onun üzünə ağ olmamağı əsas şərt sayır:

Zəmanənin mən ki belə ən layiqli oğluyam,
Osa mənim hünərimi özü üçün bilir ar.
Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
Olmayaydı söz mülkündə belə qabil sənətkar.
Nə etməli, atam odur bir oğulam ona mən,
Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.
Axır mənə çörək verib bəsləmişdir birtəhər,
Böyük Allah, qoru onu, bəlalardan çək kənar.

Gənc yaşlarından, öz sözləri ilə desək, “ustad sözyonan” kimi yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. O, 25 yaşında ikən Şirvanşahların “məlik üş-şüara”sı Əbülüla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbülülanın ona verdiyi “Xaqani” təxəllüsü ilə şeirlər yazmışdır:

Hanı bir yel, apara könlü gülüstanə tərəf,
Tutaraq bəlkə yaxamdan, çəkə cananə tərəf.
Biz onun xəncərinə hazır olan qurbanıq,
Kaş ki, bir ləhzə baxa biz kimi qurbanə tərəf.
Ağlayarsa belə bir nalə ilə Xaqani,
Qorxuram göz yaşı çəksin onu tufanə tərəf.
Biz onun xəncərinə hazır olan qurbanıq,
Kaş ki, bir ləhzə baxa biz kimi qurbanə tərəf.
Ağlayarsa belə bir nalə ilə Xaqani,
Qorxuram göz yaşı çəksin onu tufanə tərəf.

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki elmlərə yaxşı bələd olduğu ortaya çıxır. Xaqani dövrünün bir çox elmlərinin bilicisi idi. Azərbaycan alimi Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqda yazır: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi. Qəsidəsinin birində bu haqda yazır: “O hansı elmdir ki, mən onu bilmirəm? – məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”, – yazırdı.

Xaqani həmişə inamın, həqiqətin, gözəlliyin carcısı olmuş, hər cür şəri rədd etmiş, həyatda düz yolu seçmişdir:

Xaqani, əgər olsa nəsibin himmət,
Axtarma hər alçaq kimi sən var-dövlət.
Düz get yolunu, olma, ey aqil, fərzin,
Mümkünsə piyada ol, yolu sən düz get.

O, heç zaman haqsızlığa qarşı susmamış, azadfikirliliyi ilə saray əhlindən seçilmişdir:

Bəli, dərvişdəki hümmət Günəş misli gərək olsun,
Axı o, şahdan üstündür, nə yurdu var, nə sahmanı.

Xaqaninin poeziyasındakı ciddi, sərt fikirlər, eyni zamanda, hərəkəti, davranışı saraydakıları təşvişə salmışdı. Ona görə də saray intriqalarından, çəkişmələrindən kənarda qalmamış, get-gedə düşmənləri daha da çoxalmışdı:

Sayəsiz, barsız qovaq tək boy atar düşmənlərim,
Hikmətim, təbim mənim hər an verər şirin bəhər.
Fitnə Rəxşini minib, ox sazlayarlar hiylədən,
Rüstəm olmazsa, yetər İsfəndiyaramı zərər?!

Sarayda özünü “qanadı qırılmış quş kimi dəmir qəfəsdə” hiss edən şair iki dəfə onu sıxan bu mühutdən qaçmağa cəhd etsə də, tutularaq həbs olunmuşdur. Özünün "Həbsiyyə" qəsidəsində:

“Hər səhər qalxar göyə ah ilə əfğanım mənim,
Qərq olar qanda şəfəq tək çeşmi-giryanım mənım”
– deməklə necə ağır bir həyat keçirdiyindən bəhs etmişdir.

Şair sarayda yaşasa da, xalqın yanında idi, onun ehtiyaclarına, qüssəsinə və kədərinə dərindən bələd olduğundan, dərdlərinə ürəkdən yanır və əsərlərində bunları dilə gətirirdi. Odur ki, Xaqaninin “İstəmirəm adımı çağırsınlar Xaqani, Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani”, – beytinin mənasını bəzi tədqiqatçılar şairin xalqa yaxınlığının, təkəbbürdən uzaq olduğunun və özünü “xalqın şairi” (Xəlqani) kimi tanıtdığının ifadəsi kimi izah edirlər. Onların fikrincə, Xaqani bu misralarla “Xaqan” (hökmdar) sözündən gələn adın ona ucalıq verməsindən çox, yoxsul və sadə insanlarla bir olmağı üstün tutduğunu bəyan edir.

“Xəlqani”ni onlar ərəbcə “xalq” (xəlq) sözü ilə əlaqəli hesab edib, “xalqla bağlı olan” və ya “xalqa xidmət edən” mənası daşıdığı kimi izah ediblər. Bəzi tədqiqatçıların fikrinə görə isə, Xaqani elə söz deməyib. Xaqani farsca yazıb və nə fars, nə də ərəb dilində “xəlqani” sözü var. Poetik tərcümədə “nimdaş paltarları bərpa edən” mənasında olan “xolqani” sözü yanlış oxunub və nəticədə, ortaya yanlış bir izah çıxıb.

Əslində, şairin sözügüdən beytinin bu cür izah olunmasına səbəb, bəlkə də, xalqla yaxınlığını, onun ehtiyaclarına, qüssəsinə və kədərinə bələdliyini, dərdlərinə ürəkdən yanğısını ifadə edən misralarının çoxluğu olmuşdur.

Xaqani Şirvanini Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanıdan təkcə şeirlərinin məzmunu deyil, həm də onların mükəmməl bədiiliyə malik olması, yüksək bədii keyfiyyəti idi. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub:

Xaqani, tutub dünyanı bidad, yeri,
Tərk et bu kədərxanəni sən, şad yeri.
Can verdi fələk sənə, səni qul etdi,
Qaytar sən onun borcunu, azad yeri.

Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrlərində şeir yazıb.

Xaqani qüdrətli bir şair olduğundan hələ öz dövründə geniş şöhrət qazanımışdı. Ona görə də zəmanəsinin və sönrakı dövrlərin ən böyük şairlərindən biri olan dahi Nizami Gəncəvi “dizi məktəb, könlü müəllim olan, himməti ilə önündə aslanı it kimi çökdürən” bu qüdrətli şairin yaradıcılığına çox böyük qiymət vermişdir. Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Professor Fazil Qaraoğlu bu barədə yazır: “Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, eyni ideallarla çıxış edir. Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün hünərsiz, nadan hakimlərindən şikayətlərdə həmrəy və həmfikirdir. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. Xaqaninin “Töhfətül-İraqeyn”, “Mədain xərabələr” və başqa əsərlərində, Nizaminin “Xəmsə”sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq”.

Təsadüfi deyil ki, Xaqani vəfat edəndə bir çox şairlər kimi Nizami Gəncəvi də ona matəm şeiri həsr etmişdir. O, təəssüf hissi ilə Xaqaninin ona deyil, özünün Xaqaniyə mərsiyə yazdığını qələmə almışdır. Təəssüf ki, həmin şeirin tək bircə beyti əsrləri aşaraq bizə gəlib çatmışdır. Beytin sətri tərcüməsi belədir: “Hey deyirdim ki, (bu dünyadan köçəndə) Xaqani mənim mərsiyəçim olsun. Təəssüf ki, (rehlət günündə) mən onun mərsiyəçisi oldum!”.

Dahi Nizaminin dilindən deyilən bu misralar Xaqaninin öz dövrünün nə qədər böyük söz ustadı olmasından və yüksək qiymətləndirilməsindən xəbər verir. Təkcə Nizami deyil, Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu ustad hesab edib və ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.

Xaqani Şirvani, hər şeydən əvvəl, vətənini dərin məhəbbətlə sevən bir şair idi. Şairin “Savalan dağının tərifi” şeiri vətənpərvərlik movzusunda yazılan, öz qiymətli fikri-bədii keyfiyyətləri etibarilə xüsusi yer tutan əsərlərdəndir:

Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.
Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki ehram tutan geyər ağ xələt.

“Şamaxı! Ey mənim sevimli yurdum” misrası ilə başlanan şeirində elə ilk misralardakı gözəl, səmimi xitabdan Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii ifadəsini görmüş oluruq. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Daim vətəni tərənnüm edən şairin şeirləri, əsərləri bügünə qədər sevilir və hər biri gələcək nəslə bir nümunədir.

Biz Azərbaycan xalqının olduqca zəngin mədəniyyət tarixini, Azərbaycan ədəbiyyatı dahilərinin əsərlərini əziz tutmalı, onların qədrini bilməli və dərindən öyrənməli, tarixi bir millət olaraq öz keçmişimizi, mütərəqqi yazarlarımızı böyük iftixar hissi ilə öyrənib təbliğ etməli, gənc nəslə ötürməliyik. Bu baxımdan Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi barədə 28 yanvar 2026-cı il tarixli sərəncamı onun yaradıcılığına verilən çox yüksək dəyərdir. İnanırıq ki, 2026-cı il Xaqani irsinin öyrənilməsi baxımından yaddaqalan bir il olacaq.

Gülyaz ƏLİYEVA,
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin əməkdaşı

Sosial həyat