Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixi sərvətimizdir

post-img

Quruculuq ənənələrimiz qorunur, yaşadılır, zənginləşdirilir

Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaradılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etmişdir. Dövlət başçısının bununla bağlı imzaladığı 22 dekabr 2025-ci il tarixli sərəncamda qeyd edildiyi kimi, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır.

İpək yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Mövcud Azərbaycan şəhərlərinin böyük qismi orta əsrlərdə meydana gəlmişdir. Doğrudur, bu şəhərlərdən bəzilərinin hələ eramızdan əvvəl mövcud olduqları haqqında əldə tarixi materiallar, maddi-mədəniyyət nümunələri vardır. Naxçıvan şəhəri də bu cəhətdən müstəsnalıq təşkil etmir. Azərbaycan ərazisində təşəkkül tapmış ən qədim şəhərlərdən biri olan Naxçıvanın tarixinə dair məxəzlərdə zəngin məlumatlara təsadüf edilir.

Naxçıvan adı ilk dəfə Naksuana şəklində II əsr müəllifi Klavdi Ptolemeyin “Coğrafiya” əsərində çəkilmişdir. İlk dəfə Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi qeyd edən yunan alimi K.Ptolemey Naxçıvan şəhərinin adını dünyanın yeddi böyük şəhəri ilə bir sırada çəkmişdir. Lakin V əsr müəlliflərinin əsərlərində şəhərin adı “Naxçıvan” formasında qeyd edilir. Orta əsrlərin ərəb mənbələrində şəhərin adı “Nəşəva” kimi yazılır. Bir sıra orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə “Nəqşi-cahan” (“Dünyanın bəzəyi”) adlandırılır.

Bir sıra mənbələrdə və tədqiqatlarda Naxçıvan şəhərinin təşəkkülü eramızdan əvvəl ikinci minilliyə şamil edilir. Bəzi müəlliflər Naxçıvanın eramızdan əvvəl 1539-cu ildə meydana gəldiyini iddia etmişlər. Müəlliflərdən bəziləri öz yazılarında Naxçıvanın 3500 il bundan əvvəl bir şəhər kimi təşəkkül tapdığını göstərirlər. Arxeoloqlar ərazidən əldə edilmiş maddi-mədəniyyət nümunələrinə əsaslanaraq onun eramızdan əvvəl III minillikdən başlayaraq formalaşdığını təsdiq edirlər. Çoxsaylı faktlar Naxçıvan şəhərinin beş min ildən artıq tarixə malik olduğunu təsdiq edir. Naxçıvan eramızın əvvəllərindən hərtərəfli formalaşmış bir şəhər olmuşdur. Orta tunc dövründə Naxçıvanda şəhər tipli yaşayış yerlərinin olması haqqındakı elmi dəlillər özünü tamamilə doğrultmuşdur.

Qədim şəhərlərimiz, eləcə də Naxçıvan şəhəri sənətkarlıq və ticarət mərkəzləri olaraq ortaya çıxmış, “Boyalı qablar mədəniyyəti”nin ən gözəl sənət nümunələri ilə dünya mədəniyyətinə töhfə vermişdir. Cənubi Qafqaz ərazisində boyalı qablar adı ilə tanınan arxeoloji mədəniyyət “Naxçıvan mədəniyyəti” kimi tanınır.

Naxçıvan şəhərinin yerləşdiyi ərazi təbii imkanlarına görə şəhərsalma üçün çox yararlıdır. Naxçıvan geniş “düzənliyin ortasında elə yüksəklikdə tikilmişdir ki, ordan Araz çayı görünür” (Ə.Bakuvi).

Bakuvinin bu fikri bəzi müəlliflərin qeydlərini – “Araz çayı şəhərin içərisindən axır” – fikrini inkar edir.

Bu yaxınlaracan köhnə uçuqları qalmış Köhnə qala Naxçıvan şəhərinin yerləşdiyi əraziyə aid idi və eramızın əvvəllərində çox möhkəm qala şəhər olduğunu nümayiş etdirirdi. Möhrədən tikilmiş bu qala XVIII əsrədək fəaliyyət göstərmişdir. Qalada şirin su mənbəyi və yeraltı yollar olmuşdur. Köhnə qala şəhər əhalisinin təhlükəsizliyini təmin edən başlıca müdafiə qalası idi. Divarlarının qalınlığı 3,5 metrə çatırdı.

Naxçıvanın əsaslı inkişafı Naxçıvanşahlıq (983-1066) və Eldənizlərin dövründə baş vermişdir. XI əsrin ikinci yarısından sonra, böyük səlcuqlu sultanı Alp Arslanın (1063-1072) burada özünə iqamətgah tikdirməsi və Naxçıvanın Səlcuqlu canişinlərinin oturduğu yerə çevrilməsi ilə başlamışdır. Naxçıvan özünün ən coşqun çiçəklənmə dövrünü XII əsrdə - Azərbaycan Atabəylərinin paytaxtı və iqamətgahı olduğu illərdə keçirmişdir.

Böyük Səlcuqlu sarayında yüksək hörmət və nüfuz qazanmış Eldəniz 1136-cı ildə ona xidməti müqabilində verilmiş Arrana hakim təyin edilir. Şahzadə Arslanşaha atabəylik vəzifəsi ilə yanaşı, Eldənizə “Şəmsəddin” (“Dinin günəşi”) ləqəbi verilir. Şəmsəddin Eldəniz 1146-cı ildə Naxçıvan vilayətini də öz mülklərinə qatır, iqamətgahını və ailəsini Bərdədən Naxçıvana köçürür. XII əsrin 30-70-ci illərində Naxçıvan Eldənizlər dövlətinin əsas iqamətgahlarından idi. Naxçıvan şəhəri həm də gündən-günə güclənən və inkişaf edən Azərbaycan Atabəylər dövlətinin paytaxtı olur. Şəmsəddin Eldənizdən sonra onun övladları dövləti Həmədandan idarə etsələr də, Naxçıvan öz yüksək siyasi və mədəni mövqeyini qoruyub saxlamışdır.

Eldənizlər dövləti dövründə Naxçıvan xeyli inkişaf etdi, şəhərdə abadlıq və tikinti işləri aparıldı. Şəhərdə təqribən 150-200 min əhali yaşayırdı. Bu illərdə Naxçıvan özünün şəhərsalma və memarlıq inkişafının zirvəsinə yüksəlmişdir. XIII əsrin 30-cu illərində naməlum müəllif tərəfindən yazılmış “Əcaib əd-dünya” (“Dünyanın qəribəlikləri”) əsərində bişmiş kərpicdən tikilmiş üç-dörd mərtəbəli binaların cəzbedici memarlıq üslubu ağızdolusu vəsf edilmişdir: “Əlahəzrət Eldənizin mübarək zamanında şəhər özünün ən yüksək əzəmətinə çatdı. Orada hökmdar iqamətgahı (darülmülk) qurdular və hökumət binası (dövlətxana) tikdilər”.

Naxçıvan şəhərinin memarlığında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Şəhərdə gözəl saray, köşk, karvansaralar, məscidlər, mədrəsələr və başqa dini və mülkü binalar tikilmişdir. Dahi memar Əcəminin dövrümüzə gəlib çatmış Yusif Küseyir oğlu və Möminə xatun türbələri dünya memarlıq tarixinin incilərindən biri kimi məşhurdur. Bu və digər abidələrlə Naxçıvan şəhəri peşəkar ustaları ilə təkcə Azərbaycanın deyil, bütün Ön Asiyanın ən önəmli memarlıq mərkəzlərindən birinə çevrilmişdir. Memar Əcəmi Naxçıvani bu mərkəzin yüksək mədəni mühitində formalaşmış və onu zirvəyə qaldırmışdır.

“Əcaib əd-dünya” əsərində Naxçıvan şəhəri, onun əhalisi, əhalinin məşğuliyyəti haqqında maraqlı və əhatəli məlumatlar verilmişdir: “Naxçıvan Azərbaycanda böyük və əhalisi çox olan şəhərdir, yüksək yerdə yerləşmişdir, çox möhkəmləndirilmişdir, orada çoxlu saray, köşk və təntənəli eyvanlar vardır, şəhərin yanında daşdan qala tikmişlər və qalada mədrəsə və məscid tikmişlər; qalada yaxşı bulaq var. Köşklərin çoxu qala kimi üç və dörd mərtəbəlidir. Naxçıvanın əksər binaları gəcdən və bişmiş kərpicdən tikilib.

Naxçıvan torpağında dənli bitkilər, pambıq, üzüm və bir az meyvə yetişir. Şəhərin ətrafı yaxşıdır; axar suları, meşələri, bağları, çoxlu göy-göyərtisi var. Meyvələri çox ləzzətlidir: deyirlər bütün dünyada Naxçıvan üzümündən daha yaxşısı və mənfəətlisi yoxdur. Havası təmiz, suyu tamlıdır. Şəhərin vergiləri 113 min dinara bərabərdir. Naxçıvanın yaxınlığında Əlincə, Sürməli, Taqmar, Fəqnan, Gərni kimi möhtəşəm qala və istehkamlar ucalır. Deyirlər Naxçıvan qəbristanlığı kimi heç yerdə qəbristanlıq yoxdur. Burada olan binalar – məscidlər, mədrəsələr, türbələr və çoxlu bağlar mühafizə olunur”.

Azərbaycan Atabəylər dövləti dövründə ölkədə siyasi sabitliyin olması, iqtisadi inkişafdakı dəyişikliklər, mədəni həyat üçün əlverişli şəraitin yaranması, ən başlıcası isə Eldənizlərin tikintiyə böyük həvəs və himayədarlıq göstərmələri sayəsində Naxçıvan XII əsrin ikinci yarısında bölgənin ən iri və gözəl şəhərlərindən biri kimi geniş şöhrət qazanır. Bütün bunlar barədə Məhəmməd Naxçıvanı yazır: “Naxçıvan elə şəhərdir ki, bütün ölkələr içində Bağdad və Təbrizdən sonra onun kimi füsunkar şəhəri heç bir göz görməmiş, heç bir qulaq eşitməmişdir”.

Naxçıvanın müqayisə olunduğu Bağdad və Təbriz şəhərləri çox böyük olmaqla bərabər, o zaman həm də Ön Asiyanın ən önəmli mədəniyyət və memarlıq mərkəzləri kimi tanınırdı. Naxçıvan şəhəri də həm paytaxt şəhəri, mədəniyyət mərkəzi və memarlıq abidələri ilə səyyahların, şəhər qonaqlarının böyük marağına səbəb olurdu. Həmdullah Qəzvini Naxçıvan şəhərinin gözəlliyini vurğulayaraq onu “Nəqşi-cahan” – “Dünyanın bəzəyi” adlandırmışdır.

Naxçıvan ciddi şəhər strukturuna, məhəllə və abidələrə məxsus olan şəhər kimi tanınmışdır. O, möhkəm və etibarlı müdafiə sistemi olan İçəri şəhərdən – şəhristandan və ona bitişik olan içqaladan ibarət olmuşdur. Onun ətrafını bağlar və əkin sahələri əhatə edirdi. Araz çayının şəhərin hüdudlarından axması Naxçıvan şəhərinin o dövrə görə nəhəng ölçüdə olmasını təsdiq etdiyi üçün çox əhəmiyyətlidir. Bəzi müəlliflər Araz çayının şəhərin içindən axmasından bəhs etmişlər. Onlar şəhərin yerləşdiyi ərazinin mövqeyini bilmədiklərindən bu fikri söyləmişlər. Çünki Araz çayı ilə şəhərin yerləşdiyi ərazinin yüksəkliyi arasında böyük fərq vardır. Naxçıvan çayının bir qolunun şəhərin içərisindən axmasını Arazla əlaqələndirirlər ki, bu da həqiqətə uyğun deyil.

Tanınmış memar Cəfər Qiyasiyə görə, Naxçıvanın böyük şəhər qalası, bölgənin başqa iri şəhərlərində olduğu kimi, çiy kərpicdən tikilmişdi. Bu səbəbdən tarixi qaynaqlarda onun içqalasının divarlarının daşdan ucaldılması vurğulanmışdır. Eldənizlər zamanı həmin içqala şəhər qalasına bitişik – indiki Möminə xatun türbəsinin olduğu ərazidə yerləşirdi. Mənbələrdən məlum olur ki, içqalada hökumət evi olmaqla yanaşı, başqa binalar da olmuşdur. Məlumatda içqala içərisində təbii su qaynağının olması vurğulanır. İçqala üçün şəhər ərazisinin təpəli bir yeri seçilmişdi.

50 ilə yaxın Eldənizlər sülaləsinin iqamətgahı olan Naxçıvanın içqalasında möhtəşəm memarlıq ansamblı yaradılmışdı. Bu memarlıq ansamblına darülmülk, dövlətxana, saray köşkləri, məscid, mədrəsə, türbə və başqa binalar daxil idi. Memarlıq abidələrinin ansamblının tərkibində olan binalar paytaxt şəhərin ən görkəmli tikililəri olmuşdur.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı imzaladığı Sərəncamda bir çox abidələrin memarlıq rəmzlərinə çevrildiyi qeyd edilir: “Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir”.

Azərbaycan Atabəyləri dövlətinin paytaxtı statusunu daşıyan Naxçıvan şəhərində iqtisadiyyatın, dövlətlərarası ticarətin inkişafına ciddi təsir göstərdi və şəhər çoxsaylı sənət və istehsal sahələrində bölgənin mərkəzinə çevrildi. İpəkçilik, toxuculuq, dulusçuluq, daş, taxta və bədii metal məmulatları o zaman Naxçıvandan xarici ölkələrə ixrac edilirdi. “Əcaib əd-dünya” əsərində bildirlir ki, Naxçıvanın “malları: çin parçaları, yaxşı işlənmiş nazik örtüklər, keçə, çuxa, futa, kasa, boyanmış ağac tabaqçalar çox yaxşıdırlar, belə ki, onları hədiyyə kimi bütün dünya boyu aparırlar”. Bunu Ə.Bakuvi də əsrində qeyd edir: “Naxçıvan sakinləri bədii oymada, boşqab və xaland ağacından müxtəlif qablar hazırlamaqda mahirdirlər və bütün bunlar müxtəlif ölkələrə aparılır”.

Orta əsrlər dövründə qurulan şəhərlərin bir sıra memarlıq abidələri daha çox şəhərin aparıcı şəxslərinə, onların yaxınlarına həsr olan türbələrdə əks olunurdu. Bəzən belə memarlıq abidələri şəhərlərin simvoluna çevrilirdi. Belə ki, Naxçıvan şəhərində 1162-ci ildə yaradılan Yusif Küseyir oğlu türbəsi şəhərin valisinə (rəisinə), 1186-cı ildə başa çatan Möminə xatun türbəsi isə Eldənizlər dövlətinin hökmdarı Şəmsəddin Eldənizin həyat yoldaşının xatirəsinə həsr edilmişdir. Möminə xatun türbəsi Naxçıvan şəhərinin simvoluna çevrilmişdir. Bu abidələr həm də dahi memar Əcəmi Naxçıvaninin Naxçıvana bəxş etdiyi nadir dünya əhəmiyyətli memarlıq inciləridir. Memar Əcəmi Naxçıvani Naxçıvan mühitində formalaşmış və Naxçıvan memarlıq məktəbinin əsasını qoymuşdur.

Naxçıvan paytaxt olaraq böyük siyasi əhəmiyyət daşıdığı kimi, həm də bölgənin iri ticarət mərkəzlərindən biri idi və çeşidli sənətkarlıq məmulatları və kənd təsərrüfatı məhsulları ilə dövlətlərarası ticarətin fəal iştirakçısı olmuşdu. Naxçıvan sənətkarları tərəfindən hazırlanan məmulatlar ölkə xaricində şöhrət tapmışdı.

Milli şəhərsalma irsimiz, tarixi ənənələr, şəhərlərimizin simvollarına çevrilən memarlıq abidələrimizə göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə onun fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur. Bakının, Naxçıvanın, Sumqayıtın, Gəncənin və başqa şəhərlərin quruluşunun planauyğun qurulması şəhərsalma sahəsinin mükəmməl bilicisi Heydər Əliyevin bu sahəyə xüsusi əhəmiyyət verməsi sayəsində mümkün olmuşdur. O, şəhərlərimizin müasirləşdirilməsi, tarixi memarlıq irsimizin qorunması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə yerinə yetirilir. Onun “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında”, “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında”, “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” və başqa bu kimi sərəncamları milli irsimizə, milli-mənəvi dəyərlərimizə, tarix və mədəniyyət abidələrimizə nə qədər böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.

Beləliklə, Naxçıvan şəhəri nümunəsində şəhərin tarixi, mədəniyyəti və memarlıq abidələrinin təhlilindən bir daha aydın olur ki, Naxçıvan şəhəri XII-XIII əsrlərdə şəhər kimi müəyyən inkişaf səviyyəsinə çatmış və bu zaman öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq inkişaf etmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamları Naxçıvan şəhərinin inkişafına, abidələrin qorunmasına, konservasiyasına və sistemli şəkildə davam etdirilməsinə əlavə imkanlar açacaq və daha geniş şərait yaradacaq.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik













Sosial həyat