Uşaqların isə qəlbi parçalanır
Sağlam cəmiyyət, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin formalaşması, ilk növbədə, ailədən başlayır. Möhkəm təməl, ülvi hisslər üzərində qurulan ailədə uşaqlar da xoşbəxt böyüyür, sevgi, isti münasibət onlara güvən verir və həyat yolunda düzgün istiqamət seçmələrinə şərait yaradır.
Lakin böyük ümidlərlə bağlanan nikahlar bəzən boşanmalarla bitir, valideynin seçimi və ya təsadüfi tanışlıq nəticəsində qurulan ailələr uzunömürlü olmur. Bu ayrılmalarda isə ən böyük zərbəni uşaqlar alır, ailədaxili söz-söhbət, mübahisələr onların psixologiyasına mənfi təsir göstərir. Boşanma prosesinin ağrılarını yaşayan uşaqlar gələcəkdə özlərinə partnyor, həyat yoldaşı tapmaqda və davamlı münasibətlər qurmaqda çətinlik çəkirlər.
Çində 3–5 yaşlı 62 min 899 uşaq barədə valideynlərin və qəyyumların verdiyi məlumat əsasında tədqiqat aparılıb. 4 vilayəti əhatə edən genişmiqyaslı araşdırma ata-anaları ayrılmış uşaqların həm sosial-psixoloji, həm də fiziki inkişafdan geri qaldığını ortaya çıxarıb. “BMJ Pediatrics Open” jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, boşanmış ailələrdən olan uşaqların ümumi sağlamlıq və inkişaf göstəriciləri (eHCI indeksi), eyni zamanda, normal inkişaf meyarlarına uyğunlaşma ehtimalı tam ailələrdə böyüyən yaşıdları ilə müqayisədə xeyli aşağıdır. Araşdırmada xüsusilə, fiziki sağlamlıq, oxu bacarıqları, sosial və emosional vərdişlər sahəsində fərqlər daha qabarıq şəkildə özünü göstərib. Alimlər bildiriblər ki, bu nəticələr valideynlərin boşanmasının körpə yaşlı uşaqların gələcək sosial inteqrasiyasına və ümumi rifahına ciddi təsir göstərdiyini sübut edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Zülfiyyə Sadıq nikahın pozulmasının əsas səbəblərindən birinin xarakterlərin uyğun gəlməməsi olduğunu qeyd etdi:
– Ailə qurmağa hazırlaşan şəxs partnyoru ilə xarakterinin uyumluluğu haqqında məlumatlı olmalıdır. Komitəyə daxil olmuş vətəndaş müraciətlərinin təhlili göstərir ki, ailələrin dağılması səbəbləri sırasında sonsuzluq, alkoqollu içkilərə və narkotik maddələrə aludəçilik, ailə üzvlərinə etinasız yanaşma, tərəflərin bir-birinə psixoloji təsir göstərməsi, məişət zorakılığı, sosial şəbəkələrin təsiri və sair kimi məsələlər də var.
Müraciət edənlərin həyat hekayəsini nəzərdən keçirərkən məlum olur ki, əksər hallarda nikaha daxil olan şəxslər ailə həyatına psixoloji, sosial və iqtisadi baxımdan hazır olmadıqları üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmir və nəticədə tərəflər arasında konfliktlər yaranır. Bu münaqişələr sayəsində onsuz da kövrək olan ailə bağları qopur və çıxış yolu boşanmaya üz tutmaq olur. Ailənin yükü həm qadın, həm kişi tərəfindən çəkilməlidir, əks halda, heç bir ailədən söhbət gedə bilməz.
Boşanma prosesi həm tərəflər, həm də uşaqlar üçün çox həssas dövrdür. Bir çox boşanma hallarında tərəflər ana və ya ata olduğunu unudaraq, uşaqlardan manipulyasiya vasitəsi kimi istifadə edir, psixoemosional vəziyyəti nəzərə almadan onlara, sözün həqiqi mənasında, travma yaşadırlar. Buna görə də natamam ailədə böyüyən uşağın şəxsiyyət kimi formalaşmasında ciddi boşluqlar yaranır. İlk növbədə, uşağın psixoemosional vəziyyəti müvazinətsiz olur, özünüqiymətləndirməsi aşağı düşür, özünü dəyərsiz və kimsəsiz hiss edir, təhsildə müvəffəqiyyətləri zəifləyir, davranışında neqativ elementlər artır.
Ata-ananın ayrılması uşaqlara yaş və psixoloji xüsusiyyətlər nəzərə alınaraq mütəxəssis dəstəyi əsasında izah olunmalıdır. Valideynlər və ailənin digər üzvləri ilə də (nənə, baba, bibi və s.) bu istiqamətdə profilaktik iş aparılmalıdır. Belə ki, nikahın pozulmasından sonrakı dövrdə uşaqların valideynlərin birindən aralı düşməsi, tərəflərdən birinin psixoloji təsirinə məruz qalması və ünsiyyət tələbatının təmin olunmaması kimi hallar da onlarda ciddi psixoloji travmalar yaradır. Bu baxımdan, istər mediasiya, istərsə də məhkəmə psosesləri zamanı valideyn və uşaqların uzunmüddətli psixoloji xidmətə yönləndirilməsi mexanizminin olması vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq Dövlət Komitəsi tərəfindən bu sahədə mütəmadi olaraq maarifləndirmə işi aparılır. 2024 və bu ilin 9 ayı ərzində yeni ailə quran və ailə qurmağa hazırlaşan gənclərin iştirakı ilə psixoloji maarifləndirmə təlimlər keçirilib. Təlimlərdə, ümumilikdə, Bakı şəhərindən və regionlardan 150 cütlük iştirak edib.
Dövlət Komitəsinin tabeliyində olan və 11 rayonda (Bakının Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Sabirabad, Saatlı, Zaqatala, Zərdab) fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən münaqişəli ailələrlə davamlı olaraq psixososial iş aparılır, cütlüklər psixoloji konsultasiyaya cəlb olunur, icma sakinlərinin iştirakı ilə ailənin qurulmasi və qorunması, ailədəki psixoloji mühit, valideyn bacarıqlarının artırılması və s. mövzularda maarifləndirici görüşlər, uşaq və yeniyetmələrin psixoemosional vəziyyətinin möhkəmləndirilməsi üçün psixoloji treninqlər keçirilir. Ailə bərpa mərkəzlərinin fəaliyyət istiqamətlərinə boşanma səbəblərinin aşkar edilməsi və tərəflərə bununla əlaqədar məsləhətlərin verilməsi, boşanmaq istəyən şəxslərə hüquqi və psixoloji yardım göstərilməsi kimi məsələlər daxildir.
Boşanma hallarının azaldılması üçün məhkəmə proseslərində barışıq mexanizmlərinin geniş tətbiqinə ehtiyac vardır. Boşanma səbəblərinin müəyyən edilməsi, bununla əlaqədar boşanmaq istəyən şəxslərə hüquqi, psixoloji, sosial və digər yardımların göstərilməsi məqsədilə dövlət və ya qeyri-dövlət qurumu olan ailə bərpa mərkəzlərinin yaradılması üçün hüquqi mexanizmlərin müəyyən edilməsi məqsədəuyğundur. Həmçinin ailə psixoloji xidmət sahəsinin strukturlaşdırılmasına və əlaqəli şəkildə fəaliyyət göstərməsinə zəruri ehtiyac var. Belə ki, ailə psixoloqlarının sayəsində yuxarıda göstərilən məsələlərin həlli yollarının tapılması, ailə həyatına hazırlıq, nikahın bağlanması və ya pozulması proseslərinə münasibətin dəyişməsi və bu sahədə mədəni davranışın, düşüncənin formalaşması mümkündür.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirdi ki, valideynlərin boşanması təkcə böyüklərin münasibətlərinə deyil, daha çox uşaqların psixoloji durumuna və inkişafına təsir göstərir. Çünki uşaqlar üçün ailə sadəcə birgə yaşadıqları məkan deyil, həm də təhlükəsizlik, sevgi, emosional dəstək və şəxsiyyətin formalaşdığı mühitdir. Bu mühitin parçalanması uşağın emosional sabitliyini pozur və onun sosial münasibətlərinə, təhsil motivasiyasına, özünəinamına mənfi təsir edir.
Araşdırmalar göstərir ki, valideynləri boşanmış uşaqlarda çox vaxt emosional gərginlik, aqressiya, özünü günahlandırma, özgüvən əskikliyi və sosial adaptasiya çətinlikləri müşahidə olunur. Onlar həmyaşıdları ilə münasibətlərdə daha qapalı və ya əksinə, daha üsyankar davranırlar. Bəzən bu hal təhsildəki nailiyyətlərə də mane olur. Səbəb isə diqqətin yayınması, öyrənməyə marağın azalması kimi neqativ hallar göstərilir. Psixoloji gərginlik isə uşaqlarda somatik problemlərə (yuxusuzluq, iştahsızlıq, baş və qarın ağrıları, immun sisteminin zəifləməsi) səbəb olur. Yəni psixoloji narahatlıqlar dolayı yolla fiziki sağlamlığa da təsir edir.
Burada vacib bir məqamı vurğulamaq lazımdır. Belə ki, boşanmanın özü yox, onun idarəolunma forması uşağın gələcək inkişafını müəyyənləşdirir. Əgər valideynlər boşandıqdan sonra da övladlarına sevgi, diqqət və qayğı göstərməyə davam edirlərsə, bir-birini günahlandırmadan sağlam ünsiyyət saxlayırlarsa, uşağın sosial-psixoloji inkişafında ciddi geriliklərin qarşısını almaq mümkündür. Dünya praktikasında və psixoloji tədqiqatlarda da göstərilir ki, boşanmış ailələrin övladları valideynlərin, həmçinin məktəbin psixoloji dəstəyi ilə digər uşaqlar kimi normal inkişaf edə bilirlər. Bu baxımdan, həm dövlət, həm də ictimai qurumlar tərəfindən valideynlərə maarifləndirici dəstək, uşaqlara isə psixoloji xidmətlərin təşkili olduqca əhəmiyyətlidir.
Ümumən götürsək, qeyd edə bilərəm ki, valideynlərin boşanması uşaqlar üçün travmatik prosesdir, lakin düzgün yanaşma və sevgi mühiti qorunduqda bu uşaqlar həm sosial-psixoloji, həm də fiziki baxımdan sağlam böyüyə bilirlər. Əsas məsuliyyət valideynlərin və cəmiyyətin üzərinə düşür ki, uşaqlar bu prosesin mənfi təsirlərindən maksimum qorunsunlar.
Psixoloq Leyla Əli dedi ki, valideynləri ayrı yaşayan uşaqlarda həm təhsil nəticələri, həm də emosional sabitlik baxımından müəyyən geriləmələr müşahidə olunur. Psixoloq və ailə terapevtlərinin fikrincə, uşaqlar üçün ən böyük problem valideynlər arasındakı münaqişələrin davam etməsi və onlara qarşı laqeyd münasibətdir.
Uşaq təhlükəsizlik, sevgi və stabil mühitə ehtiyac duyur. Boşanma zamanı bu üç amil pozulduqda, uşaqda həyəcan, özgüvən itkisi, aqressiya və sosial adaptasiya çətinlikləri ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, boşanmış ailələrdə böyüyən uşaqlar daha çox təhsildə geriləmə yaşayır, diqqət və yaddaş problemləri ilə üzləşir, sosial münasibətlərdə çətinlik çəkir, gələcəkdə ailə münasibətlərinə pessimist yanaşırlar.
Boşanma, ailələrin dağılması şübhəsiz ki, uşaqlar üçün ağır sınaqdır. Amma bu sınağın onların inkişafdan geri qalmasına səbəb olmaması valideynlərin məsuliyyətindən asılıdır. Sağlam dialoq, sevgi və psixoloji dəstək sayəsində boşanmış ailələrin övladları da cəmiyyətin fəal üzvlərinə çevrilə bilərlər. Valideynlər unutmamalıdırlar ki, onlar bir-birilərindən ayrılırlar, uşaqdan yox.
Bəli, uşaqların sevgiyə, psixoloji dəstəyə ehtiyacları var. Uşaqlar valideynlərin şəxsi münasibətlərindəki problemlərin qurbanına çevrilməməlidirlər. Onların gələcəyi, təhsili, emosional sabitliyi hər iki valideynin ortaq məsuliyyətidir. Hətta bir yerdə yaşamasalar da, hər iki valideyn uşağın həyatında fəal iştirak etməli, ona həm maddi, həm də mənəvi dəstək göstərməli, hər fürsətdə hiss etdirməlidirlər ki, onların övladlarına olan sevgisi tükənməzdir.
Ana və ata arasında münasibət dəyişsə də, valideyn-övlad bağları qırılmamalıdır. Uşaqlar hiss etməlidirlər ki, onlar sevilirlər, dəyərlidirlər və heç vaxt tək buraxılmayacaqlar. Psixoloqların da qeyd etdikləri kimi, uşağa sevgi dolu bir mühit təmin etmək onun gələcək həyatdakı uğur və xoşbəxtliyinin əsas şərtidir.
Mehparə ƏLİYEVA
XQ