Hörmətli oxucular! Hər bir mətbu nəşrin əsas vəzifələrindən biri oxucuların arzu və təkliflərini, şikayət və tənqidi qeydlərini öz səhifələrində geniş işıqlandırmaqdır. “Xalq qəzeti” bu məsələyə daim diqqət yetirdiyi, oxucularla sıx əlaqələr qurduğu üçün onların etimadını qazanıb.
Qeyd edək ki, 20-30 il əvvəl redaksiyamıza hər gün yüzlərlə məktub daxil olurdu. Təəssüf ki, son illər oxucuların qəzetlərə ünvanladıqları məktubların sayı kəskin azalıb. Bunun da əsas səbəbi bəllidir. Elektron texnologiyalar dönəmində insanlar problemlərini daha çox sosial şəbəkələrdə ictimailəşdirməyə üstünlük verirlər.
Buna baxmayaraq, redaksiyamız oxucu məktublarına, təklif və şikayətlərə hər zaman açıqdır. Sizi narahat edən hər bir məlumatı, arzunu, təklifi, şikayət məktubunu dərc etməyə, onun sonrakı taleyi ilə maraqlanmağa hazırıq.
Bizə məktub yazın, e-mail göndərin və ya redaksiyamıza zəng edin. Sizin səsiniz qəzetimizin səhifələrdə daha da gur eşidilə bilər. Gəlin, həyatımızın daha yaxşı, ədalətli və şəffaf olması üçün birgə çalışaq.
Sevdiklərimizdən çox yazın
Hörmətli redaksiya! Bu günlərdə “Xalq qəzeti”nin səhifələrində Şüvəlandakı Mir Mövsüm Ağa ziyarətgahı haqqında yazını oxuyub çox təsirləndim. Xalqımızın qəlbində Ağaya daim dərin hörmət və ehtiram olub. Buna görə də həm müəllifə, həm də qəzetin redaksiyasına təşəkkür edirəm.
XQ-də Bakı kəndlərinin tarixi, mədəniyyəti və bugünkü inkişafından bəhs edən yazıları həvəslə oxuyuram. Son 2-3 ildə XQ-də maraqlı yazıların sayı çox artıb. Əziz jurnalistlər, qələminiz daha da iti, kəsərli olsun!
Ülfət MƏMMƏDOV,
Şüvəlan qəsəbəsi
Tibbi sığorta əlçatandırmı?
Son aylar ərzində şəhərimizdəki bir çox tibb müəssisələrində tibbi sığorta ilə müayinələr üçün qeydiyyatdan keçmək istədikdə, hər dəfə çox uzun növbələrlə qarşılaşmışam. Bəzi hallarda sadə bir müayinədən keçmək üçün hətta günlərlə gözləməli olmuşam.
Tibbi sığortanın məramı vətəndaşlara vaxtında, keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdirsə, mövcud vəziyyət bu məqsədlərdən çox uzaqdır. Nəticədə vətəndaşlar naəlac qalaraq özəl klinikalara üz tutmalı olurlar. Oradakı qiymətlər isə kəlləçarxa çatır.
Çox istərdim ki, sevimli XQ-nin səhifələrində bu məsələ araşdırılsın və tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilsin.
Əvvəlcədən təşəkkür edirəm.
Mehriban BAĞIROVA,
paytaxt sakini
52 saylı marşrutun 50 dərdi var...
Hörmətli redaksiya, biz paytaxtın Mir Mahmud Kazımovski küçəsində yaşayırıq. Küçənin bir tərəfi 4-cü (Nəsimi), əks tərəfi isə 6-cı mikrorayona (Binəqədi) aiddir. Əhali arasında “Vorovski” adlandırılan qəsəbənin bir hissəsi də ora çıxır.
Bu 3 ərazinin sakinlərinə yalnız 52 saylı marşrutun avtobusları xidmət edir. Marşrut xəttində isə eyni gündə 3-4 avtobus olar, ya olmaz. Dəfələrlə “Xaliq Faiqoğlu” şirkətinə avtobus sayının artırılması ilə bağlı həm telefonla, həm də məktub vasitəsilə müraciət etmişəm. Amma nəticəsi olmayıb. Hər dəfə söz verilib, vədə əməl edilməyib.
Vaxtilə bu marşrut xətti nümunəvi sayılırdı. O vaxt avtobuslar arasında interval 4 – 5 dəqiqə idisə, indi 40 – 50 dəqiqədir. Qarşıdan isə qış gəlir. Şaxtalı günlərdə 30–40, bəzən hətta 50 dəqiqə gözləmək heç kəsə asan gəlməsin. Bunun xəstəsi, yaşlısı, ahılı var. XQ bizə bu məsələdə yardımçı olarsa, çox minnətdar olarıq.
Lamiyə HÜSEYNOVA,
Binəqədi rayonu,
6-cı mikrorayon sakini
Bəlkə, əxlaq polisi?..
Bu günlərdə belə bir səhnənin şahidi olmuşam. Bir nəfər şişman kişi iri, az qala avtobus boyda şəxsi maşınından düşüb yaxınlıqdakı kioskdan bir qutu siqaret aldı. Maşına yaxınlaşa-yaxınlaşa qutunun qapağını açıb cığaranı çıxarıb yerə tulladı. Halbuki, cəmi 2-3 addımlıqda zibil yeşiyi vardı. Papirosu yandırıb bir neçə qullab vurdu, sonra özündən razı halda maşına minib oradan aralandı.
Bu səhnəni təsvir edərkən hansısa bir məşhur yazıçının sözləri yadıma düşdü. Yazıb ki, mədəni adam o kəsdir ki, əlindəki zibili qarşısına zibil yeşiyi çıxana qədər ovcunda saxlaya bilir. Gəlin etiraf edək ki, bizim gözəl və qədim şəhərimizin səliqə-sahmanını düşünənlərin sayı çox azdır.
Nə etmək olar? Təklif edirəm ki, qəzetlər bu barədə tez-tez yazsınlar, radio və televiziyalar belə halları çəkib göstərsinlər. Bəlkə də ölkəmizdə ekologiya polisi yaradılsın. Niyə də olmasın... Eşitdiyimə, bildiyimə görə bir çox ölkələrdə belə qurumlar çoxdan mövcuddur.
Aybəniz SƏRDARQIZI,
Bakı sakini
Məktubları çapa hazırladılar:
Nurəngiz ADİLQIZI,
Zərifə BƏŞİRQIZI,
Məsaim HACIXANLI
XQ