Türkmən qızı Qönçəgül xanım bizim kollektivdə hamıdan yaşlı və hamıya doğma idi. Allah ona uca boy-buxun, yaraşıqlı qədd-qamət vermişdi. Yalan danışmağı sevməzdi. Şax yeridiyi kimi, sözü də üzə şax deyən ipək xasiyyətli xanım idi. Onun gülümsəyən gözlərində həyata nikbin baxışı, insanlara sonsuz məhəbbəti ülvi duyğulardan keçirdi.
O, tənha yaşasa da, Tanrının ədalətinə, mərhəmətinə şükür edirdi. Qadın təkliyinin tənəsi ürəyə yük olur həmişə. Üstəlik abırlı, ismətli qadınların tənhalığı daha çətindir. Qadın tənhalığı həmişə mənəvi iztirablarla müşayiət olunur. Amma könlünü tənhalığa dustaq edən Qönçəgül xanımın isti ağuşuna sığındığı, təsəlli dolu bir dünyası, illərdən bəri çalışdığı, onu təklənməyə qoymayan doğma kollektivi var idi.
Bakı şəhərində, sadə neftçi ailəsində doğulmuşdu. Atasının qazandığı halal çörəklə böyümüşdü. Onun danışığında dilimizin şəhd-şirəsi, şirinliyi, kövrəkliyi və ürəyəyatımlığı vardı. O, idarəmizin kadrlar şöbəsinin rəisi idi. Vəzifəsinin məsuliyyətini dərindən dərk edən təcrübəli kadr idi. Onu həmişə idarənin dəhlizində tələsirmiş kimi addımlayan görürdüm. Bu da xarakterində illərdən bəri məsuliyyət hissini atrıran bir keyfiyyət kimi vərdişə çevrilmişdi.
Kollektivdə müxtəlif xarakterli insanlarla Qönçəgül xanımın sözü-söhbəti yaxşı tuturdu. Onu çox mehriban və dərin sevinc hissi ilə qarşılayırdılar. Əhatəsindəki işçilər də onun xətrini qibtəediləcək qədər istəyirdi. Hətta idarənin cavan rəisi ona “anam” deyirdi.
Onun 65 illik yubileyi idarəmizdə təntənəli şəkildə qeyd edildi. İdarənin rəisi önündə baş əydi. Yenə də “sən bizim anamızsan, başımızın tacısan”, – dedi. Bir sözlə, onu əvəzolunmaz kadr kimi kollektivə təqdim etdi. Pensiya yaşına çatmasına baxmayaraq, istisna hal kimi, kollektivin qarşısında onun əmək müqaviləsinin bir il artırılması haqqında rəhbərliyin əmrini oxudu.
Amma və lakin!!! Kimlərin kimliyi həmişə sonda bilinir. Gəlinlik dövrü xanım anaların ömrünün gül-çiçək fəslidir. Qadınları dünyaya bağlayan analıq səadəti, övlad məhəbbəti qismət olmamışdı Qönçəgül xanıma. Ona görə də kollektivdə çalışan gənclərin hamısına ana gözü ilə baxırdı. Özünün də atalı-analı günlərinin bəxtəvər uşaqlıq illəri Bakının neftçilər yaşayan ətraf kəndlərindən birində keçmişdi. Atası əfsanəvi “Neft daşları”nda işləyirdi. O, həyat yoldaşı ilə ötən əsrdə, 40-cı illərin sonlarında Aşqabad zəlzələsindən sonra Bakıya köçmüşdü.
Ata-anası dünyasını dəyişəndən sonra Qönçəgül xanım doğma Bakının qoynundan uzağa getmədi. O, deyirdi:
– Mən Bakıda doğulmuşam. Azərbaycandan qıraqda yaşaya bilmərəm. Düzdür, doğmalarım, qohumlarım burada yaşamırlar. Amma bu şəhərdə mənə qohumlarım kimi əziz olan çox mehriban, canıyanan qonşularım var.
Qönçəgül xanım mənzilindəki zərif güllərin rəngarəng çiçəklərindən elə məlahətli və təravətli bir dillə söhbət açırdı ki... Könlünü güllərə verərək, tənha yaşadığı mənzilində elə həmsöhbəti də, həmdəmi də güllər, çiçəklər idi. Sanki o qərib tənhalığın təsəlli yeri olan çiçəklərin zərifliyi hopmuşdu Qonçəgül xanımın təbiətinə.
O, həm peşəkarlığı, həm də yüksək insani keyfiyyətlərinə görə, nəinki çalışdığı kollektivdə, ümumiyyətlə, neft sənayesində böyük nüfuz qazanmışdı. Amma heç ağlımıza gəlməzdi ki, Qönçəgül xanımın nüfuzu kimlərinsə yerini dar edəcək. Könülgöynədən alın yazısı ilə barışması Qönçəgül xanımın necə bir ürək sahibi olduğundan xəbər verirdi. Ona görə də kimlərinsə onun nüfuzuna xələl gətirəcəyini düşünmürdü.
... Bir gün idarəyə baş ofisdən yoxlama gəldi. “Kadrların seçilib yerləşdirilməsində tələb olunan prosedurdan kənara çıxılması” faktlarına görə, Qönçəgül xanıma “töhmət” elan olundu. O, bu töhmətlə qətiyyən razılaşmadı. Dedi ki, adım töhmətli, gözüm kölgəli olub işləməkdənsə, ərizəmi yazıb işdən çıxaram. Dedi və sözünün üstündə durdu. Çünki o qanun pozuntusundan Qönçəgül xanımın qətiyyən xəbəri yox idi. O, xəstə olanda idarə rəisi özünün vecsiz tələbə yoldaşını yüksək vəzifəyə təyin etmişdi. Bilirdi ki, Qönçəgül xanım bu təyinatın əleyhinə olacaq. Bu təyinatı rəis öz qohumu olan müavini vasitəsilə rəsmləşdirmişdi.
Qönçəgül xanım ona “anam” deyən idarə rəisini satmadı. Kişi qızı kimi, ərizəsini yazıb vəzifəsindən istefa verdi.
...O, kollektivdən ayrılıb gedəndə idarə rəisinin xadimə vasitəsilə ona göndərdiyi gül buketini götürmədi. Xadimə qadın ona:
– Qönçəgül xanım, gülləriniz qaldı.
Xadimə bu sözləri elə kövrək səslə dedi ki, Qönçəgül xanım geri qayıdıb gülləri xadiməyə verərək dedi:
– Mən təkcə bu gülləri qoyub getmirəm, ürəyimi də burda qoyub gedirəm. Qoy, bu güllər sənin olsun. Mən bu idarədə gül şövqünə öyrəşməmişəm.
Sonra da qucaqlaşıb ağladılar.
Qönçəgül xanımın arxasınca xadimə göz yaşları axıtdı:
– İdarənin rəisi ona “anam” deyirdi. Sonda anasını belə ağlatdı. Həmin gündən Qönçəgül xanımın pərişanlığı ürəyimi ağrıtdı. Sanki qeybdən bir səs gəldi. “Bu işdə günahsız bircə adam varsa, o da sənsən, Qönçəgül xanım!..”
Həzi HƏSƏNLİ,
şair-publisist