Türkiyə hipersəs raket ölkəsi oldu

post-img

2025-ci il iyulun 22-də İstanbulda keçirilən IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin ilk hipersəs ballistik raketi – TAYFUN BLOK-4 ictimaiyyətə təqdim olunub. Yeni silah sistemi ROKETSAN şirkəti tərəfindən hazırlanıb və bu yenilik Ankara üçün müdafiə texnologiyasında mühüm sıçrayış kimi qiymətləndirilir.

TAYFUN BLOK-4-ün təqdimatı ilə Türkiyə hipersəs ballistik raket istehsal edə bilən nadir ölkələr sırasına daxil olub. Dünyanın aparıcı media orqanlarının fikrincə, bu raket sistemi regionda strateji qüvvələr balansına təsir göstərəcək və Türkiyənin müdafiə sənayesinin inkişafında yeni mərhələni simvolizə edəcək.

ROKETSAN-ın məlumatına görə, TAYFUN BLOK-4 raketinin uzunluğu 10 metr, çəkis: 7 200 kiloqram, uçuş məsafəsi bəzi versiyalarda 3 000 kilometrə qədərdir. Raket strateji hərbi obyektlərin, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, komanda mərkəzlərinin və silah anbarlarının yüksək dəqiqliklə məhv edilməsi üçün nəzərdə tutulub. Raketin bəzi versiyalarında hədəfə dəqiqlik 5 metrə qədər qiymətləndirilir. Yüksək dəqiqlik və manevr qabiliyyəti ilə seçilən bu raket NATO standartlarına uyğun şəkildə hazırlanıb və bölgədə hərbi balansı dəyişə biləcək texnoloji sıçrayış hesab olunur.

Türkiyənin bu uğuru dünyada böyük əks-səda doğurub. Məsələn, Polşanın “Defense Industry Europe” portalı yazır: “TAYFUN-un təqdimatı texnoloji imkanlarına və Şərqi Aralıq dənizində güc balansına mümkün təsirinə görə ciddi diqqət cəlb edəcək”.

İsrailin “Israel Defense” nəşri vurğulayır ki, bu raket Türkiyənin strateji imkanlarının inkişafında ciddi sıçrayışdır: “Gələcək versiyalarda uçuş məsafəsi 1000 kilometri keçəcək”.

Albaniyanın A2CNN News isə yazır ki, TAYFUN-un hipersəs versiyası – bu silah yüksək sürət və manevr qabiliyyəti ilə fərqlənir.

Hindistanın NEWS18 platformasına görə, TAYFUN BLOK-4 – “Türkiyənin hipersəs texnologiyalarına keçidinin simvoludur”.

Yunanıstanın Geo Stratigika portalı isə təqdimatı belə şərh edir: “Türkiyə yeni nəsil ballistik raketlərlə regionda güc balansını dəyişmək istəyir. Yunanıstan nə edir?”

Yunanıstanın Pentapostagma nəşri qeyd edir ki, “TAYFUN BLOK-4 Türkiyənin ‘uzun qolu’dur – bu raket Egey və Aralıq dənizi bölgələrində üstünlük gətirə bilər”.

CNN Türk isə raketi belə dəyərləndirib: “Bu, milli müdafiə sənayesində tarixi gündür. TAYFUN BLOK-4 hipersəs sürəti və 7200 kq ağırlığı ilə döyüş meydanında öz sinfinin ən güclü nümayəndəsidir”.

Rusiyanın RBK agentliyi də xəbərə yer ayırıb: “Yeni raket müxtəlif tipli strateji hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir. Bu isə Türkiyənin hərbi imkanlarını yeni səviyyəyə çıxarır.”

Beləliklə, TAYFUN BLOK-4 istehsalı təkcə texnoloji sıçrayış deyil, həm də qardaş ölkənin geosiyasi ambisiyalarının açıq göstəricisidir. Mütəxəssislərin sözlərinə görə, bu raket regionda yeni güc balansının yaranması ehtimalını reallığa çevrilir.

Səbuhi MƏMMƏDOV
XQ



Dünya