Moskva Universitetini alimlik dərəcəsi ilə bitirmiş, xalqını tərəqqi yoluna çıxarmaq amalı ilə vətənə dönmüş Həsən bəy Zərdabi uzun sürən cəhdlərdən sonra 1875-ci ildə ana dilində ilk qəzetin nəşrinə icazə ala bildi. Bir neçə aylıq hazırlıq işlərində sonra iyul ayının 22-də “Əkinçi” adlı qəzet işıq üzü gördü. Həmin gün Rusiya imperiyasının ucqar müstəmləkəsində – Qafqazın cənubu sayılan, tatar adlandırılan xalqın yaşadığı Quzey Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu.
Milli mətbuatımızın təməli sayılan nəşrin adının “Əkinçi” olması, şübhəsiz, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideyadan – milli oyanışa, ictimai tərəqqiyə çağırış istiqamətindən yayındırmaq məqsədi güdürdü. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Həsən bəy Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular.
Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və rus mətbu orqanlarının mütərəqqi ideyaları ilə tanış olan Zərdabi və qəzetin başqa müəllifləri “Əkinçi” nin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. “Əkinçi” dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi.
Zərdabi “Əkinçi”də, demək olar ki, hər mövzudan yazırdı. O, kəskin siyasi məsələlər də qaldırırdı, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, avropalı alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Avropa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi burda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Avropada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir.
“Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. 1877-ci ildə çıxan 6-cı nömrədə o yazırdı: “Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik”.
Həsən bəy qəzetçilik fəaliyyəti ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. O, maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Bu baxımdan milli mətbuat tariximizin başlanğıcının “Əkinçi”nin nəşri ilə əlaqələnməsi tarixi reallıqları özündə əks etdirir.
İki ilə yaxın fəaliyyət göstərən “Əkinçi”nin naşiri açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc edirdi. Zərdabi xalqın mədəni tərəqqisinə çalışaraq dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə apardı.
Xalq xadimi kimi Zərdabi özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirməklə, onları milli jurnalistika məktəbi səviyyəsinə yüksəltdi. Çar Rusiyası qəzetin insanların maariflənməsindəki, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və qəzetin nəşrini dayandırdı. “Əkinçi” qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, bir müddət Azərbaycan dilində mətbu orqan çıxmadı.
Sonrakı dövrlərdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan “Ziya”, “Kəşkül” , “Kaspi” , “Şərqi-rus” , “Həyat” , “Füyuzat” , “Təzə həyat” , “Şəlalə ”, “Açıq söz ”, “Dirilik” kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur. ərfdabi məktəbinin yetirmələri olan milli ziyalılarımızdan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli və başqaları öz sələfləflərindən miras qalan və onun yolunu davam etdirən mətbuat nümunələri ətrafında birləşdilər, dünyaya mesajları mətbuat vasitəsi ilə verdilər.
Azərbaycan milli məfkurə sistemi, bir xalq olaraq milli müqəddəratın təyin olunma haqqı məhz mətbuat səhifələrində formalaşdı. Heç təsadüfi deyil ki, 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların da çoxu özlərinin milli mücadilə yolunu məhz milli mətbuatdan başlamışdılar. Xalq Cumhuriyyəti dönəmində milli ideyalar və dövrün müasir tələblərinin təbliği mətbuatda daha çox əks olunub. Sovet işğalı ilə bu prosesə son qoyulsa da, istiqlal və demokratiya fədailəri olan ziyalılarımız və Xalq Cumhuriyyətinin süqutundan sonrakı mərhələ isə Sovet dövrü mərhələsi kimi yadda qalır. Sovet mətbuatının məram və məqsədi yabançı ideoloji və siyasi sistemin təbliği olsa da, yeni janrların və ifadə formalarının inkişaf etdirilməsi müsbət cəhət kimi qeyd edilməlidir. Bu dövrdə biz reportaj, oçerk, novella və s. kimi yaradıcılıq tələb edən xüsusi istiqamətlərin inkişaf etdiyini görürük.
Bütün tənqidi münasibətlərə baxmayaraq, sovet dövrü mətbuatı Azərbaycan milli mətbuat tarixinin davamı olaraq milli jurnalistikamızın inkişaf etmiş – xüsusən, kütləviləşmiş və peşəkarlaşmış dövrü kimi xarakterizə edilməlidir. Qeyd etmək lazımdır ki, Cümhuriyyətimiz elan olunmamışdan, dövlət müstəqilliyimiz bərpa edilməmişdən öncə də milli mətbuatımız vardı. Müstəqillik haqqında yazarkən, yalnız 28 may 1918 – 28 aprel 1920-ci il aralığını və 18 oktyabr 1991-ci ildən sonrakı dönəmi əsas götürmək düzgün olmaz.
Mümkün olan hər məqamda xalqa, doğma vətənə, müstəqillik eşqinə xidmət edən mətbuat xadimlərimiz olub. Məhz sovet dönəmində ədəbiyyatda-poeziya və nəsrdə olduğu kimi, mətbuatda da hər zaman açıq və gizli şəkildə milli ideoloji xətt qorunub saxlanıb. Elə bu səbəbdən XX əsrin sonunda milli azadlıq hərəkatının başlaması ilə azad mətbuatın da əsası qoyuldu. 1989-cu ildə xalqın əsas tribunası kimi nəşrə başlayan “Azərbaycan” qəzetini bu mənada müasir müstəqil mətbuatımızın başlanğısı saymaq olar.
Ötən 150 ildə Azərbaycan mətbuatı yüksək səviyyəyə qalxmışdır. Yeni texnologiyaların tətbiqi, jurnalistlərin peşəkarlığının artırılması və mətbuat azadlığının genişləndirilməsi sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan mətbuatı həm operativlik, həm də milli maraqların müdafiəsi sahəsində mühüm uğurlar əldə etmişdir. Milli mətbuatımızın nümayəndələri də öz növbəsində milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hisslərinin cəmiyyətə aşılanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak etdilər.
Milli mətbuatın şərəfli tarixi ərzində ən düzgün qiyməti də məhz dünyaşöhrətli dövlət xadimləri sırasında yer alan ümummilli lider Heydər Əliyev vermişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. Ulu öndərin müəyyən etdiyi milli media ənənələrini zənginləşdirən dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmət prinsipləri mətbuatımızın püxtələşməsində əvəzsiz rol oynadı.
Ulu öndərin müstəqil dövlətdə azad medianı inkişaf etdirmək siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbəri dövlətçilik ənənələrinə bağlı, xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafını prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlayaraq bildirib ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Prezident İlham Əliyevin dediyi kimi, mətbuat cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi sahəsində vacib rol oynayır.
Mətbuatın fəaliyyəti hər bir insanın həyatı, mənəvi tələbatı ilə sıx bağlıdır. Cəmiyyətin məlumat əldə etmə mənbəyi olaraq böyük əhəmiyyət kəsb edir. Mətbuatın qərəzsiz olması, məlumatların obyektiv və doğru şəkildə təqdim edilməsi vacibdir. Bu, cəmiyyətin məlumatlanmasını və ictimaiyyətin doğru qərarlar verməsini təmin edir. Ölkədə həyata keçirilən mətbuat islahatlarının və müasir media texnologiyalarının tətbiqinin nəticəsidir. Azərbaycan mətbuatı müasir dövrdə daha peşəkar, obyektiv və effektiv fəaliyyət göstərməkdədir.
Mətbuat ictimaiyyətə məlumat verməklə yanaşı, maarifləndirmə və təhsil funksiyalarını da yerinə yetirir. Mətbuat həm də cəmiyyətin müxtəlif qruplarının fikirlərini və problemlərini işıqlandıraraq, onların səslərini duyurur. Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalistləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təhsil, təlim-tərbiyə verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır. Amma bu peşə müqəddəs olduğu qədər də çətin peşədir.
Azərbaycan mətbuatının şərəfli tarixi var və bugünkü mətbuatımız da bu şərəfli tarixi davam etdirmək, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoyur. 22 İyul Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan bütün jurnalistləri təbrik edir, xalqımız və dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirəm.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, professor