Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən XQ-yə bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu 19 nömrəli uşaq poliklinikasında, Sabunçu rayonu 12 nömrəli və Yasamal rayonu 16 nömrəli şəhər poliklinikalarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Digah, Masazır və Novxanı Ailə Sağlamlıq mərkəzlərində, “Tağıyev”, “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Niyazoba kənd və Quba rayonu Alpan kənd inzibati ərazi dairəsinin nümayəndəliklərində, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu Sərkar kənd körpələr evi-uşaq bağçasında, Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsi və kənd sakinləri ilə, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində, Ağstafa rayonu, Vurğun qəsəbə tam orta məktəbində, Gədəbəy rayonu Novosaratovka kənd Mədəniyyət evində işləməyən əhali üçün, Tovuz rayonu Qəribli bələdiyyəsində, Tovuz Regional Asan Xidmət Mərkəzində, Şəmkir şəhəri 8 nömrəli və Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçalarında, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayonu Mərkəzi Kitabxananın işçi kollektivi ilə, Göyçay şəhər Gigiyena və Epidemioloji Mərkəzində və Ağdaş rayonu Mədəniyyət Mərkəzinin işçi kollektivi ilə, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Marxal” Müalicə-İstirahət Kompleksində, Oğuz rayonunda yerləşən “CPC” MMC-də, Oğuz rayonu Mərkəzi Kitabxanasında və Şəki Park İstirahət Mərkəzində, Qarabağ Regional Mərkəzi tərəfindən Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon nümayəndəliyində, Muğan Regional Mərkəzi tərəfindən Qarasu Əməliyyat şirkətinin Şirvan şəhərində yerləşən filialında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.