İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan dövləti bu ərazilərin həm infrastruktur baxımından yenidən qurulmasına, həm də tarixi-mədəni irsin bərpasına xüsusi önəm verir. Bu proses milli kimliyin və tarixi yaddaşın bərpası kimi strateji əhəmiyyət daşıyır.
Bərpa işləri çərçivəsində Ağdamda görkəmli şairə Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ilkin görkəmi əsasında yenidən hazırlanaraq əvvəlki yerində ucaldılıb. Bununla yanaşı, Pənahəli xanın sarayı və İmarət Kompleksində də əhatəli təmir və bərpa işləri aparılıb.
Tarixi Şuşa şəhəri də öz əvvəlki simasına qovuşur. Burada Mehmandarovların malikanəsi, Saatlı məscidi, Yuxarı Gövhər Ağa məscidi, Xalça Muzeyi və Molla Pənah Vaqifin məqbərəsi artıq bərpa olunub. Bu obyektlər təkcə memarlıq abidələri deyil, həm də Azərbaycan xalqının mədəniyyətini, düşüncə tərzini, dünyagörüşünü və tarixi köklərini əks etdirən simvolik məkanlardır.
Onu da qeyd edək ki, Şuşanın abidələri yalnız Azərbaycan üçün deyil, bütün türk-islam dünyası üçün də böyük əhəmiyyət kəsb edir. Onların strukturu və bədii məzmunu ümumtürk mədəniyyətinin və İslam memarlığının klassik xüsusiyyətlərini özündə birləşdirir. Bu səbəbdən, onların bərpası həm milli, həm də beynəlxalq mədəni irsin qorunması baxımından mühüm hadisədir.
Şuşanın əsas simalarından biri, Qarabağ xanlığının banisi Pənahəli xanın abidəsinin ucaldılması məsələsi artıq yenidən gündəmdədir. Bu təşəbbüs ilk dəfə ötən əsrin 80-ci illərdə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüb və Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli qərarı ilə rəsmiləşdirilib. 1990-cı ilin dekabrında abidənin hazırlanması ilə bağlı rəsmi müqavilə imzalanıb. Bu barədə heykəltəraş Cümşüd İbrahimli bu layihə ilə bağlı xatirələrini belə bölüşür: “Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə yaratdığımız Pənahəli xanın at belində möhtəşəm heykəli komissiyada bəyənildi. Memar-akademik Mikayıl Hüseynova eskiz-kompozisiyanı göstərdim. Bəyəndi və tövsiyə etdi ki, təcili Şuşaya ezam olunum. Məqsəd abidənin yeri ilə bağlı şəhər rəhbərliyi və ziyalılarla məsləhətləşmək idi”.
1991-ci ilin avqustunda Şuşa şəhər icra hakimiyyətinin başçısı Mikayıl Gözəlov və ziyalıların iştirakı ilə keçirilən iclasda abidənin ucaldılacağı yer müəyyən edildi. Qərara alındı ki, abidə “Gəncə qapısı”nın qarşısında, “Xan qızı” bağının qala divarları önündə yerləşdirilsin. Heykəldə at belində möhtəşəm bir obrazda, əlində qılınc yox, hakimiyyət rəmzi tutmuş məğrur bir Pənahəli xan təsvir edilmişdi.
Lakin 1992-ci ilin mayında Şuşanın ermənilər tərəfindən işğalı bu layihənin reallaşmasına mane oldu. Pənahəli xanın abidəsi şəhərin mərkəzində ucaldılmalı ikən, illərlə bu arzu reallaşmadı. Bu gün isə vəziyyət tamamilə dəyişib. Qarabağ azaddır. Dövlət başçısının rəhbərliyi ilə Şuşa sürətlə bərpa olunur, şəhərin baş planı əsasında abadlıq işləri davam etdirilir. Onun tarixi simasının qorunması əsas prinsip kimi götürülür.
Belə bir şəraitdə Pənahəli xanın abidəsinin Şuşada ucaldılması tarixi zərurətə çevrilib. Bu addım təkcə bir abidənin ucaldılması deyil, həm də Qarabağın kimə məxsus olduğunu, tarixin əsl sahiblərinin bu torpaqlara geri döndüyünü dünyaya bir daha bəyan etmək deməkdir. Bu baxımdan, Pənahəli xanın abidəsinin Şuşada ucaldılması həm rəmzi, həm də tarixi baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu, eyni zamanda, azərbaycanlıların öz tarixinə, irsinə və torpağına sahib çıxmaq əzmini ifadə edir. İnanırıq ki, bu layihə tezliklə reallaşacaq və Şuşanın qürur simvollarından birinə çevriləcək.
P.S. Pənahəli xanın abidəsinin müəlliflərindən vətənpərvər heykəltaraş Cümşüd İbrahimli 26 may 2022-ci ildə də redaksiyamızın qonağı olub. Qarabağ zəfəri onun arzusunun reallaşmasına, Şuşada Pənahəli xanın abidəsinin ucaldılmasına zəmin yaradıb. İnanırıq ki, tezliklə Qarabağın ilk xanının abidəsi “Gəncə qapısı” meydanında ucaldılacaq.
PÜNHAN
XQ