23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz, ilk növbədə, ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.
Ulu öndər Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlı miniatür kitabın təqdimat–sərgisində çıxışından.
Bakı, 3 iyun 1995-ci il.
Bu əlamətdar gün münasibətilə yazı hazırlamaq istərkən iki mühüm faktı xatırladım. Birincisi, 2000-ci ilin aprelində (yeri gəlmişkən, iki həftə əvvəl həmin tarixi yubileyin 25 yaşı tamam oldu) Bakıda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi keçirilirdi. Müstəqilliyini bərpa etməsinin hələ 10 ili tamam olmayan dövlət üçün həmin beynəlxalq tədbir olduqca möhtəşəm idi. O zaman yubileyin iştirakçısı olan görkəmli alim Cavad Heyətdən soruşmuşdum ki, biz Dədə Qorqudun 1300 illiyini qeyd edirik, Türkmənistanda isə onun 1500 illiyi qeyd olunur. Hansı daha dəqiqdir?
Alim çox maraqlı cavab vermişdi: “Biz Dədə Qorqud kitabının yubileyini qeyd edirik, türkmənlər isə dastanın siz deyən yaşını qeyd edirlər. Bunlar çox fərqli məsələlərdir. Ola bilsin ki, hansısa alimin tədqiqatları nəticəsində həmin dastanın 1600, yaxud 1700 il əvvəl yarandığı da söylənilsin. Kitabın tarixi isə dəqiqdir və dünya alimlərindən heç kəs bizim Dədə Qorqud kitabımızın 1300 yaşının olduğunu danmır”.
Bəli, bu bizim kitab tariximizin qədimliyini göstərən faktdır. Doğrudur, həmin tarixdən əsrlərlə əvvəl yaranmış memarlıq nümunələrimizin üstündə müəllif hüquqlarının qorunması məqsədiylə daş kitabələr yazılırdı. Yəni sifarişçi və memarın adı göstərilirdi. Ancaq həqiqi kitabımızın ilk nümunəsi məhz Dədə Qorqudun kitabı idi.
İkincisi, görkəmli akademik Rafael Hüseynov Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında hazırladığı məqaləni “O, kitablı evdə (yəni çoxlu kitabın olduğu evdə – İ.M.) dünyaya gəlmişdi” cümləsi ilə başlayırdı. Bu fakt isə kitabın insan həyatındakı rolunu söyləmək baxımından olduqca dəyərlidir.
Qərəz, 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Məlum mənbələrdə qeyd edilir ki, bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu gün bütün dünyada qeyd olunur. Əlavə edilir ki, hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu bir daha ictimaiyyətin diqqətinə çatdırılır. Kitabşünas mütəxəssislərin (yeri gəlmişkən, Azərbaycanda bu ixtisas son 20 ildə formalaşmışdır) fikrincə, kitablar insanlara fikir mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətlərinin zənginliyini ötürməyə kömək edir, onları ayıran məkan və zamandan asılı olmayaraq insanlar arasında geniş dialoq üçün imkanlar açır. Eləcə də kitabların şəxsi inkişafı təşviq etmək və stimullaşdırmaq üçün danılmaz potensialı var. Onu da yada salaq ki, ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
O ki qaldı, həmin əlamətdar günün adındakı 2-ci istiqamətə – yəni Müəlliflik Hüququ məsələsinə, xatırlatmalıyıq ki, bu hüquqlar ölkəmizdə daim qorunsa da, Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin icrasına başlanılmasından sonra proses birbaşa dövlət qurumlarının nəzarəti altndadır. Həmin sənədə əsasən, Müəllif Hüquqları Agentliyi “müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra – əqli mülkiyyət hüquqları) sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən” “mərkəzi icra hakimiyyəti orqanı”dır.
Onu da xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Bildirilir ki, müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.
Yeri gəlmişkən, müəlliflik hüququ barədə danışan mütəxəssislər əqli mülkiyyət hüquqlarını da xüsusilə qabardırlar. Əqli fəaliyyət hüququ isə professional təcrübədə müəlliflik hüququ, əlaqəli hüquqlara, ənənəvi mədəniyyət nümunələri – folklor, inteqral sxem topologiyaları, məlumat toplularına olan hüquqlara, həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanları və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”.
İki il qabaq – ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində keçirilən “Ümummilli lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik konfransda qeyd edilmişdi ki, Heydər Əliyev müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq, yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratmış, müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək, gələcək müəlliflik hüququna əsaslanan “mədəni” sənayenin təməl daşını qoymuşdur.
Məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 2-ci dövründə Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak etmiş, ÜƏMT-nin diplomatik konfranslarında rəhbər orqanlara seçilmişdir.
Onu da xatırladaq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin və müəlliflik hüququnun bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.
Çox təəssüf ki, beynəlxalq aləmdəki bəzi qarafikirli siyasətçilərin himayədarlıq etdiyi Ermənistan dövləti son 35 ildə azərbaycanlıların bütün təməl hüquqları kimi, müəlliflik hüquqlarını da vəhşicəsinə pozmuşdur. Yüzlərlə Azərbaycan–türk və alban abidələrinin üstündəki daş kitabələri sökərək yerinə erməni xaçkarlarının yapışdırılmasını məhz hay kimi barbar və saxtakarlar bacara bilərdi. Təəssüf ki, müəlliflik hüqoquna böyük önəm verən UNESCO Ermənistan rəhbərliyinin həmin vəhşiliyini illər boyu görmək istəmədi və “görmədi”.
Bədnam qonşularımızın və onların imperialist himayədarlarının murdar əməllərinə baxmayaraq, ölkəmiz son illərdə Cənubi Qafqazda əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlət kimi təqdim olunur. Elə dünya əqli mülkiyyət ictimaiyyəti də Azərbaycanın bu sahədəki uğurlarını tanıyır, qəbul edir və alqışlayır.
İttifaq MİRZƏBƏYLİ