Qərib məzar

post-img

Qəzənfər Qəribov – 70

Öz Vətənində qərib olanları görmüsünüzmü? İndi bu suala təsdiqləyici cavab vermək o qədər asandır ki...

Uzaq keçmişə ehtiyac yoxdur. Erməni-müsəlman savaşının sonuncu dəfə alovlanmasının 40 ilə yaxınlaşdığı (əslində, ermənilərin başlatdığı, “erməni-azərbaycanlı qarşıdurması” deyilməli olan soyqırımı) və birtərəfli köç elə anaları ağlar qoydu ki, Azərbaycanın öz içərisində, az qala, hər yaşayış məntəqəsində qərib məzarlıqları yarandı. Biz bir yandan dünyanın hər tərəfinə səpələnsək və hər yerdə özünə güzəran qura biləcək qüdrətdə olsaq da, digər tərəfdən qəriblik mərəzinə çox tez tutuluruq.

Hamının müşahidə etdiyi haldır: üç-beş kilometrlik məsafədə yerləşən iki kənddən biri o birinə gəlin köçürəndə onun adı ömürlük “qərib” olaraq qalır. Sumqayıt şəhəri də Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizin qərib dayanacağı və əfsuslar olsun, bir çoxunun son mənzili oldu. Keçən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin parlaq yetirmələrindən biri, tələbəlik dövründə, mətbuatımızın müxtəlif orqanlarında çalışdığı müddətdə təvazökarlıq, peşəkarlıq və ən əsası təmizlik və səmimiyyət mücəssəməsi olan Qəzənfər Qəribov da qısa ömür yolunu başa vurub Sumqayıt torpağında son dayanacağını tapdı. “Qəribliyi bilinməsin deyə” anası, qardaşı da yanında yer aldılar.

Uzun müddət qəriblikdə yaşayan və bu qəbildən olan insanlarla ünsiyyət saxlayan biri kimi qəribin hansı hallarda necə davrandığını yaxşı bilirəm deyərəm. Hətta bu mövzunun acısını azaltmaq, bir növ zarafata çevirmək üçün şəhərə gəlib özlərini qərib yox, yerli kimi aparmağa çalışanlara “şəhərli kəndçilər” adlı “şeir” də yazmışdım. Bir bəndi beləydi:

Oğlumuzun adı Qərib,
Yeməklərin dadı qərib,
Şahsənəmə yaddı Qərib.
Biz ta kənddən evlənmərik,
Biz şəhərli kəndçilərik.

Halbuki etirafı nə qədər arzu olunmasa da, kənddən şəhərə gəlib ən yüksək mərtəbələrə yüksələnlər belə ömür boyu yad ocağında qızınan qəriblərdir. Tutduğu vəzifə, aldığı bilik, dünyanı dəyişən kəşflər də onun mayasındakı ilkin təbiiliyi, özəyi dəyişmir. Bu həqiqəti ən çox “mən kənddən çoxdan çıxmışam, geri dönsəm orada yaşaya bilmərəm” deyənlər bilir.

Bu il 70 yaşı tamam olacaqdı Qəzənfərin. Gənc yaşlarında dünyasını dəyişənlər yaddaşlara elə gənc də həkk olunurlar. Onları yaşlı təsəvvür eləmək çətindir. Bəzilərinin taleyinə bu dünyaya güclü yağış zamanı çaxan şimşək kimi gəlib bir anda hər yanı işıqlandıraraq, o andaca yox olmaq yazılır. Əli Kərim kimi, Mikayıl Müşfiq kimi. Bu, müqayisə deyil. Qəzənfər də həyatda olduğu müddətdə ətrafındakılar üçün adlarını çəkdiyim bu insanlar qədər sevilən idi.

Sevdiyin adam barədə danışmaq da, xatirə söyləmək də müşkül işdir. Çünki onun barəsində düşündüklərini əllərin kağıza köçürə bilmir, beynində dolaşan fikirlər istədiyin sözlərə çevrilmir, sadələşir, bəsitləşir. Düşündüyünü eynilə başqasına çatdıra bilmək xüsusi istedad tələb edir.

Onun jurnalistlik fəaliyyəti, həyatı və yaradıcılıq yolu barədə həmkarları müxtəlif vaxtlarda yazıb, xatirələrini kitab şəklində nəşr ediblər. Mən isə tələbəlik illərimizin ən şirin xatirələrindən bəzilərini növbəti dəfə qələmə alıram ki, hüznlü söhbətin ahəngi dəyişsin.

Əlaçı idi. Amma heç vaxt başqalarından öndə olduğunu hiss etdirməzdi. Səsinin tonu yüksəlməzdi. Amma hər mübahisəni sakit tərzdə söylədiyi dəlillərlə qazanardı.

Kibrit qutusundan radio düzəldirdi. Onun üçün Moskvadan belə “ehtiyat hissələr” gətizdirirdi. Tələbə yoldaşımız Məsaim o vaxt Moskva Dövlət Universitetinə göndərilmişdi və bu sifarişləri o, yerinə yetirirdi.

Böyük sənətkarımız, Xalq artisti Flora Kərimovanı çox, lap çox bəyənirdi. Onun mahnılarına qulaq asanda, sanki, başqa aləmə köçürdü. Bu zaman ona yanaşmağa belə cəsarət etməzdik.

Yumor hissi güçlü idi. Həm də bayağılıqdan, şitlikdən uzaq yumora üstünlük verərdi. Ələddin Əsədovun danışıq tərzinə “Qoqolvari” deyərdi. Onun sayəsində yataqxanadakı otağımızda tez-tez şən zarafatlar olurdu.

Son kurslarda tələbələrin çoxunun məhəbbət qapısı açılmış, hərə bir bəxt ulduzunun izinə düşmüşdü. Kimi artıq nişanlanıb, kimi hələ sınaq müddəti keçirdi. Yasamaldakı tələbə yataqxanaları oğlanların və qızların ayrı yaşadıqları beşmərtəbəli binalar idi və qızlar yataqxanasına tələbə qızların ata və qardaşlarının belə girməsi qadağan idi. Qızlar yataqxanasının ön tərəfi axşam çağlarında sevgililərin görüş yerinə çevrilir, saat 11-də görüşlər bitirdi.

Bizim otağın dörd sakinindən ikisi bu görüşlərin, ikisi isə başqa yerdəki görüşlərin iştirakçısı idi. Uzağa görüşə gedənlər yataqxanaya erkən dönür, yaxındakılar isə gec gəlirdilər deyə, hamının bir yerə toplanması uzun çəkirdi. Bir qış günü tələbə yoldaşlarımız – mərhum Elbrus Məmmədov və Qulu Məhərrəmli Qəzənfərin gec gəlişinə görə onu “cəzalandırmaq” üçün bir səhnə düzəltdilər. Sadəcə improvizə olan bu “tamaşada” baş rol Qəzənfərin idi. O, qapını döymədən açaraq içəri girdi və paltosunu çıxarmaq istəyirdı ki, Elbrus cəld ona yardım etdi, paltonu alıb şkafdan asdı. Qəzənfər qol saatını açanda Qulu saatı iki ovucu içinə alıb pəncərənin önünə qoydu. Elbrus təkrar yaxınlaşıb: “Şahım, indi nə buyurursunuz”– deyə soruşdu. Otağın ortasına yaxınlaşan Qəzənfər, adət etdiyi bir ritualı təkrar edirmiş kimi, barmağını yuxarı qaldırıb: “Rəqqasələr gəlsin” dedi. Elbrusun gözəl plastikası vardı və əcnəbi rəqsləri ifa edirdi. O dəqiqə hind qızları kimi rəqsə başladı. Ələddinlə mən gülməkdən halsız olmuşduq ki, qapı aralandı, yataqxanaya az-az gələn tələbə yoldaşımız Yusif Hüseynov başını içəri saldı. Nə baş verdiyini anlamadan “Şəbeh çıxarırsız?” dedi.

Bu “səhnəciyin” iştirakçıları sonralar Azərbaycan mətbuatının görkəmli simalarına çevrildilər.

Qəzənfər olduğu hər kollektivdə, ən kiçik toplantıdan tutmuş çoxsaylı iştirakçısı olan yığıncaqda ən qısa zamanda özünə böyük hörmət qazanırdı. Zahirən azdanışan, hətta bəzən “qaraqabaq” təsiri bağışlasa da, tezliklə səmimiyyəti ilə müsahibini “ovsunlayırdı”. Bu qədər sevgi dolu bir insanın “sevgililər günü”ndə həyata göz yumması taleyin istehzasımı? Özü əcəllə can çəkişirkən belə hər kəsə qarşı şəfqətli idi. Gücünün, səlahiyyətinin verdiyi imkandan çox yardım etməyə çalışar, istəyi baş tutmayınca çox üzülərdi.

Ağır mərəz onu çox incitdi və 2002-ci il fevral ayının 14-də Qəzənfər əbədiyyətə qovuşdu. Sumqayıtda onu son mənzilə yola salan izdiham tələbə və iş yoldaşları ilə yanaşı, öz vətənlərində qərib olan, adlarının önünə ünvan kimi “qaçqın”, “köçkün” sözləri əlavə olunmuş insanlar, Qərbi Azərbaycanın Amasiya rayonunun cənnət məkanı Güllübulaqdan gəlmiş həmyerlilərindən ibarət idi.

Həyatdan vaxtsız köçmüş əziz dostum Qəzənfər Qəribovun əziz xatirəsinə 2003-cü il noyabrın 8-də (həmin gün Qəzənfərin toyunun 25 ili tamam olurdu) qəlbimin dərinliklərindən gələn aşağıdakı sətirlər o gün–bu gün mənimlə dolaşır, yaşayır, keçmişə işıq tutur, içimdəki hüznü isə azaltmır ki, azaltmır...

...Bir dostum vardı. Əl çatmaz– ün yetməzdi ucalığına.

Bir dostum vardı. Sadəlik, səmimilik mücəssəməsiydi. Tanıyanlar tanıdıqlarına görə bəxtəvər sayırdılar özlərini.

Bir dostum vardı. Təmizliyin, paklığın abidəsiydi. Çox pisliklərə, çirkinliklərə rast gəlib təmizliyinə zərrə qədər ləkə vurmamağı bacardı bir ömür içində.

Bir dostum vardı. Təmkinin, mənəvi toxluğun nümunəsiydi. Ac qaldı, evsiz qaldı, işsiz qaldı, qulu olmadı nəfsinin, özünün pis gününü arzulamadı bir kimsəyə, həsəd aparmadı iş başında, məqam kürsüsündə oturanlara.

Bir dostum vardı. Varlığı sərvətimdi. Təbəssümü sevincimdi. Tənqidi məlhəmimdi. Dostluğu dünyamdı.

Bir dostum vardı. Sevincimi yoxaltdı, qəlbimə dağ çəkdi, dünyamı daraltdı, məni müflis etdi.

Yanına gedəcəyəm. Çətin gedib çıxam bərabərinə. O yüksəkliyə qalxmaq hər oğulun işi deyil. Hərarəti yandırar. Dözə bilməz hər adam onun dözdüyünə. Keçilməz onun keçdiyi körpülər. Ona görə onun üzünə açılan cənnət qapıları hər qulun üzünə açılmaz.

Bir dostum vardı...

Cəfər SADIQ
Moskva
7 aprel 2025-ci il



Sosial həyat