Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Azərbaycanın işğaldan azad olunmuş və minalarla çirklənmiş ərazilərində aprelin 6-da və 7-də baş vermiş mina partlayışları nəticəsində uşaqlar da daxil olmaqla 5 nəfərin xəsarət alması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə bu faciəvi hadisənin Ermənistan tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə yerləşdirilmiş minaların bölgədə təhlükə mənbəyi olaraq qalmaqda davam etdiyini bir daha göstərdiyi vurğulanıb. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb.
Qeyd edilib ki, Azərbaycanda minatəmizləmə işləri sürətlə davam etdirilsə də, bu proses ciddi çətinliklərlə müşayiət olunur. Ən böyük maneələrdən biri Ermənistanın mina xəritələrini təqdim etməkdən boyun qaçırmasıdır. Otuz ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərində sistemli və planlı şəkildə milyonlarla mina basdırılmış, minalanmış yerlərin dəqiq xəritələri ya ümumiyyətlə verilməmiş, ya da təqdim olunan xəritələr natamam və qeyri-dəqiqdir. Bu, həm minatəmizləmə prosesini ləngidir, həm də insanların həyatını və sağlamlığını ciddi təhlükə altına qoyur.
Avropa Azərbaycan Mərkəzi minaların yaratdığı humanitar fəlakəti və genişmiqyaslı təhlükəni tanımaq, Azərbaycanın minatəmizləmə səylərinə siyasi və texniki dəstək göstərmək, Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə minalanmış ərazilərə dair xəritələri təqdim etməməsi və bu yolla insanların həyatını riskə atması ilə bağlı məsuliyyət daşımasını təmin etmək barədə beynəlxalq ictimaiyyətə çağırış edib.
“Minalar yalnız insanların həyatını təhlükə altında qoymur, eyni zamanda, regionda sülh, sabitlik və postmünaqişə dövründə bərpa proseslərinə maneə yaradır. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu çağırışa laqeyd qalmayacaq və təhlükənin aradan qaldırılması üçün daha təsirli və fəal dəstək nümayiş etdirəcək”, - deyə müraciətdə qeyd olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin