Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Xocalı - Qan yaddaşımız” adlı anım tədbiri keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru Qalib Nəbiyev Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 30 il işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən azad edilməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin qisası da alınıb, onların qanı yerdə qalmayıb.
Çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə azğınlaşmış erməni millətçilərinin törətdikləri misli görünməmiş vəhşiliklər, cinayətlər, terror aktı barədə geniş məlumat veriblər. Qeyd edilib ki, həmin müdhiş gecədə yüzlərlə dinc əhali qətlə yetirilib, körpə uşaqlara, qocalara aman verilməyib. Erməni qaniçənləri dinc mülki əhalini ucdantutma qırıb və bəşər tarixində növbəti cinayət aksiyasını - Xocalı soyqırımını həyata keçiriblər. Xocalı faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xalqımız hər ilin bu gününü dərin hüznlə qeyd edir, günahsız şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir.
Tədbirin gedişində tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, şəhidlərə, Vətənə həsr edilmiş şeirlər səslənib, Xocalı soyqırımını əks etdirən sərgi nümayiş olunub.