Milli Qəhrəman Tahir Həsənov – 55
O tarixçi olmadı, tarixə qovuşdu
Hər səhər işə gələndə redaksiyamızın yaxınlığındakı 23 nömrəli məktəbin divarındakı lövhədə bu təhsil ocağının Milli Qəhrəman Tahir Həsənovun adını daşıdığını bildirən lövhəyə baxıram. O, orta təhsilini bu məktəbdə alıb, buradan gələcək arzularına doğru pərvazlanıb.
Tahir Tofiq oğlu Həsənov 1970-ci ilin fevral ayının 22-də Bakıda doğulub, orta məktəbi bitirdikdən sonra Moskvada Sovet Ordusunun desant diviziyası sıralarında hərbi xidmətdə olub. 1990-cı ildə, onun təxris edilməsinə bir neçə ay qalmış elə həmin ordunun qoşun hissələri Bakıya yeridilərək azadlıq mücahidlərini qanlarına qəltan ediblər. Buna görə Tahirin qəzəbindən dişi bağırsağını kəssə də, heç nə edə bilməyib. Gücü ona çatıb ki, nifrətini qazanan orduda əsgərliyini başa vuran kimi Bakıya qayıdaraq, ilk növbədə, Şəhidlər xiyabanını ziyarət edib və ağlayıb. Bəlkə də, həmin anlarda Tahir tarixçi olmağı, millətin başına gətirilənləri araşdırmağı qərara alıb və universitetin tarix fakültəsinə qəbul edilib.
Amma tale elə gətirib ki, gələcək tarixçi öz qanı ilə tarix yazmalı olub. Ailənin yeganə övladı olmasına baxmayaraq, torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarından qovulması səbəbilə Tahir Həsənov universitetin 2-ci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulub.
Buradaca qeyd edək ki, Tahirin atası Tofiq kişi də onunla bərabər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Elə balasının igidliklə həlak olması xəbərinə görə hadisə yerinə ilk olaraq Tofiq Həsənov şığıyıb... Buna qədər isə yüksək fiziki hazırlıqlı, qorxmaz desantçı kimi tanınan Tahir kəşfiyyat qrupunun komandiri olub, silahdaşlaına hər cəhətdən nümunə göstərib. Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşub.
1992-ci il sentyabrın 2-si Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatları başlayır. Atışma 2 istiqamətdən aparılır. Düşmən daha yüksək mövqedə qərar tutduğundan hər tərəfi nəzarətdə saxlaya bilirdi. Kəndə girmək mümkün olmur. Tahir 10 nəfər döyüşçüsü ilə başqa istiqamətdən hücuma keçən zaman elə olur ki, onun dəstəsi qan uddurduğu düşmənin mühasirəsinə düşür. Tahir yoldaşlarına deyir ki, siz gedin, mən sizi qoruyacam. Qeyri-bərabər döyüşdə ağır yaralansa da, təslim olmur və tank əleyhinə qumbara ilə özünü partladaraq onu ölmüş bilib ətrafına toplaşan 41 ermənini də cəhənnəmə vasil edir...
Atası Tofiq Həsənov Tahirin nəşini götürəndə ətrafında, həqiqətən də, çoxsaylı erməni əsgərinin meyiti olduğunu görüb. Həm göz yaşını axıdıb, həm də igid balası ilə qürur duyub. Tahir Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adna layiq görülüb. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə, eləcə də Xəzərdə üzən bir gəmiyə onun adı verilib. 1994-cü il sentyabrın 4-də isə ümummilli lider Heydər Əliyev həmin məktəbdə qəhrəmanın şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib.
2017-ci ildə qəhrəmanın haqqında “Vətən övladı” adlı sənədli film çəkilib. Daha 2 il sonra məktəblilər arasında onun xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq turnir keçirilib. Bir neçə gün əvvəl isə 23 nömrəli tam orta məktəbdə Milli Qəhrəmanın 55 illik yubileyinə həsr edilmiş hərbi idman oyunları üzrə şagirdlərin yarışı təşkil olunub. Onun anası Qalibə Budaqova ailə qurmağa imkan tapmamış subay balasının qalib və qəhrəman bir oğul kimi böyütməsi ilə fəxr etdiyini bildirib.
Sonda xatırladaq ki, fevralın 22-si Tahirlə bərabər, daha 2 Milli Qəhrəmanın – Ağdam könüllüsü Rövşən Hüseynov və Füzulidən olan polis nəfəri Faiq Rəfiyevin də doğum günüdür. Hər birinə Allah rəhmət eləsin!
Ə.DOSTƏLİ
XQ