Yaşın müdriklik dövrü

post-img

Aydın Ağazadə – 70

Yazıçı-publisist Aydın Ağazadə Azərbaycan mətbuatında öz sözü və imzası ilə tanınan qələm sahiblərindəndir. Bu gün “hüquq jurnalistikası” dedikdə, ilk növbədə, kütləvi informasiya vasitələrində qanunçuluqla, ictimai asayişin qorunması, istintaq və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı mövzuların işıqlandırılması, hüquqi aktların şərhi, kriminal xronika nəzərdə tutulur. Əslində isə həmin anlayışın həqiqi yozumu daha dərin və əhatəlidir. O, mediada hüquqi təbliğatla yanaşı, həm də jurnalistin, mətbuatla əlaqəli məmurun öz fəaliyyətində hüquq normalarına, peşə etikasına düzgün riayət etməsi deməkdir. Bu baxımdan Aydın Ağazadə müstəqillik illərində Azərbaycan mətbuatının hüquq jurnalistikasının ilk qaranquşlarından, dəyərli nümayəndələrindən biridir.

İstedad təkcə fitri bacarıq, Tanrı vergisi deyil, həm də çalışqanlıq, əzm, iradə və davamlı inkişaf deməkdir. Bu qabiliyyətə yüksək mənəvi-əxlaqi keyfiyyətlər, geniş dünyagörüşü, əsil vətəndaş mövqeyi kimi xüsusiyyətlər aşılananda isə cəmiyyət istedadlı insanı əsil ziyalı kimi qəbul edir. Yaşlı və orta nəsl Aydın Ağazadəni məhz istedadlı jurnalist və ziyalı kimi tanıyır. Müstəqillik dövrünün hüquq jurnalistikası onun gözləri qarşısında inkişaf etmiş, püxtələşmişdir. Bu inkişafda onun da payı var.

Aydının qənaətinə görə, bu gün mətbuat vətəndaşların hüquqi maarifçiliyinin əsas mənbələrindən biri sayılır: “Məni həm jurnalist, həm də hüquqşünas kimi, ilk növbədə, kütləvi informasiya vasitələrində hüquq və hüquqpozmalar ilə bağlı yayılan informasiyanın ictimai şüura təsiri daha çox maraqlandırır. Əlbəttə, hər kəsin müstəqil məlumat almaq və yaymaq hüququ var və bu prinsip Konstitusiyada da öz əksini tapıb. “Müstəqillik” isə hüquqi çərçivəsi olan anlayışdır. Jurnalistlərə verilən bu hüquq başqalarının hüququnu nə məhdudlaşdırmalı, nə də pozmalıdır. Bəzən oxucu dairəsinin genişləndirilməsi naminə kriminal hadisələrin, cinayətkar elementlərin təbliği mətbuatda hüquqi maarifçiliyi üstələyir. Azərbaycan mətbuatında böyük irəliləyişlər olmasına baxmayaraq, təəssüf ki, bu kimi hallara hələ də rast gəlinir. Jurnalist yalnız informasiya daşıyıcısı deyildir, o həm sosioloq, həm də ictimai rəyi formalaşdıran ideoloji işçidir…”

Əməkdar jurnalist Aydın Ağazadə 1955-ci ildə Bakının tarixi mərkəzində – İçərişəhərdə dünyaya göz açıb. Əvvəlcə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq, sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. Aydın peşəkar teatrşünas da ola bilərdi. Hətta tələbəlik illərində qələmə aldığı “Mehdi Hüseyn və teatr” mözusunda kurs işini Azərbaycan səhnəsinin korifeyi, görkəmli rejissor Mehdi Məmmədov yüksək qiymətləndirmiş, ona Azərbaycan Teatr Xadimləri İttifaqına üzv olmağı təklif etmişdi.

Aydın 2001-ci ilə kimi ömrünü jurnalistikaya və teatrşünaslığa bağlayıb, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Ədalət”, “Azərbaycan” və “Hüquqşünas” qəzetlərində şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Daha sonra hüquq təhsili və zəngin jurnalistika təcrübəsi sayəsində ədliyyə sisteminə dəvət alıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya şöbəsinin rəisi təyin olunub. “Həsən Əliyev – hakim və insan”, “Cəllad aman istəyir”, “Əbədi Selcan”, “Sabun köpüyü”, “Türkün böyük lideri. Siyasi liderin portreti” kimi kitablarının, çoxseriyalı “Sonuncu şahid” televiziya filminin müəllifidir. “Qızıl qələm” və “Araz” ədəbi mükafatlarına layiq görülmüşdür.

Ədliyyə sistemindən təqaüdə çıxdıqdan sonra yenidən jurnalistika mühitinə qayıtmış, “525-ci qəzet”in Türkiyə üzrə müxbiri olmuşdu. Həmin dövrlərdə Türkiyənin siyasi və mədəni mühitini dərindən öyrənmiş və müşahidələri yeni əsərində – Prezident Rəcəb Tayyib Ərdoğana həsr etdiyi “Türkün böyük lideri. Siyasi liderin portreti” kitabında öz əksini tapmışdı. Kitab Türkiyə rəhbərində xoş təəsürat yaratmışdı.

Onun zəngin jurnalistika təcrübəsində illər uzunu topladığı hüquqi bilik və bacarıqlar özünəməxsus fərdi xüsusiyyətləri ilə seçilir. Aydın peşəkar və məsuliyyətli hüquqşünas kimi başqalarını, xüsusilə, müsahibini səbrlə dinləməyi, hiss və həyəcanını duymağı, mövqeyini, hətta deyə bilmədiklərini belə anlamağı, özünü həmsöhbətinin yerinə qoymağı, səmimi ünsiyyət, qarşılıqlı etimad qurmağı bacarır. Deyir ki, o insanlar ədalətli olur ki, onların ürəyində ədalətə, şəxsiyyətə hörmət və insanlara sevgi var. Bu amillərə hüquq müstəvisindən yanaşsaq, həmin keyfiyyətlər həm jurnalistikanın, həm də hüquqşünaslığın başlıca prinsipləri olmağa layiqldir. Aydın Ağazadənin qələmə aldığı kitab və məqalələrdə, aparıcısı olduğu televiziya verilişlərində də məhz bu xüsusiyyətlər özünü qabarıq göstərir. O, sakitcə başını aşağı salıb üzərinə düşən, lazım bildiyi işin öhdəsindən qüsursuz gəlməyə çalışır. Uzun illər topladığı bilik və təcrübəsini gənc jurnalistlərlə həvəslə bölüşür. Hüquqi maririfçilik mövzusunda ixtisaslaşmış neçə-neçə mətbuat işçisi onu bu gün də özünə müəllim sayır.

Yubiley ömrün ötən illərinə qiymət vermək, gələcək üçün yeni yaradıcılıq hədəflərini müəyyən etmək üçün uğurlu bəhanədir. Düz 10 il əvvəl, 60-ında mətbuata verdiyi müsahibələrin birində demişdir: “İnsan yaşa dolduqca həyata daha sıx sarılır, həyatın mənasını, müəllimlərinin, qazandığı dostların və təcrübənin qədir-qiymətini daha yaxşı anlayır. Çünki məhz bu mərhələdə hədər yerə ömür sürmədiyini və qazandığın bütün uğurlarda onların da payı oldüğunu aydın dərk edirsən”. Çünki yubiley həm də həyatın növbəti mərhələsinin başlanğıcıdır. Bu başlanğıcda Aydın Ağazadəyə yeni uğurlar arzulayırıq.

Araz QURBANOV

 



Sosial həyat