Gəncədə ağsaqqallar və gənclər bir arada

post-img

Azərbaycan Ağsaqqallar Şurası Qərbi azərbaycanlılara dəstək devizi ilə Gəncədə regional konfrans keçirib.

“Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusuna həsr olunmuş regional konfransda ölkəmizin Qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, YAP-ın və gənclər təşkilatlarının üzvləri, ziyalılar iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binasında keçirilən konfransı giriş sözü ilə bu ali təhsil ocağının rektoru Zəfər Qurbanov açaraq, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin uğurlarından və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən danışıb. Ağsaqqalların gənclərlə apardığı işləri yüksək qiymətləndirən natiq bildirib ki, gənclərin Qərbi Azərbaycana qayıdış konsepsiyasının gerçəkləşdirilməsində fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Ağsaqqallar Şurasının təşəbbüsü ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edərək, bu ideyaya hər bir vətəndaşın dəstək olmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın Qərb regionu üzrə kuratoru Bayram Yusifov ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən əzəli torpaqlara qayıdış məsələsini bu gün cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyini qeyd edib. O deyib ki, biz ağsaqqallar və gənclər də Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıyıq.

Regional konfransda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Qərbi Azərbaycan İcmasının üzvü, tanınmış alim Bayram Apoyev, İcmanın Gəncə nümayəndəsinin müavini Arifə Əhmədova və başqaları çıxış edərək yüz minlərlə Qərbi azərbaycanlının haqqının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar.

Tədbirin sonunda Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunub. Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə vəsiqələr təqdim edilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Sosial həyat