Lənkəranda yubiley – konsert proqramı

post-img

“Azərişıq” ASC 10 fevral 2015-ci ildə təsis edilib. Qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar Lənkəranda yubiley- konsert proqramı təşkil olunub.

Mərasimdən əvvəl iştirakçılar Lənkəran şəhər Mədəniyyət Mərkəzində qurumun fəaliyyətindən bəhs edən “Azərişıq – işıqlı 10 il” başlıqlı fotosərgi ilə tanış olub və bu barədə videoçarxı izləyiblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, enerji siyasətimizin əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasında olub, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyət nəticəsində ölkəmiz nəinki elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsini təmin edib, eyni zamanda, elektrik enerjisi ixrac edən respublikaya çevrilib.

“Azərişıq” ASC sədrinin müşaviri Xalid Təhməzov, qurumun “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov bildiriblər ki, bu təsərrüfat sahəsində istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü olanlarla əvəzlənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillərlə əvəz olunur. Hazırda Cənub regionu üzrə 25 kəndin elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilir. 44 kəndin elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Daha sonra şəhid Şəhriyar Həbibinin anası Təranə Həbibova çıxış edib və əhalinin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı izlənilib.

Ə.ƏLİYEV
XQ

Sosial həyat