Şəhər didərgin övladlarını qoynuna alır
Xocalıdan Laçına gedirəm! Cəmi üç sözdən ibarət bu sadə cümlə özündə yurd acılarımızın sona çatdığını, möhtəşəm qələbələrimizin bəxş etdiyi qüruru, yerə-göyə sığmayan sevinci birləşdirir. Bu cümlə reallığa çevrilmiş arzularımızın ən sadə ifadəsidir. Azad Xocalıdan azad Laçına gedirəm! Məsafə yaxın, Laçını yenidən görmək istəyi isə sonsuzdur. Soyuq yanvar gecəsinin yolların əsasən qüzeylərinə ağ qar kimi döşədiyi şaxta tez-tez sürəti azaltmağıma səbəb olur. Bu da ətrafdakı gözoxşayan gözəllikləri daha yaxşı görməyə imkan yaradır. Şuşa ilə Laçın arasındakı yolun əsrarəngiz mənzərəsini tərənnüm etməyə sözlər kifayət etməz. Mütləq bu yolla getmək və görmək lazımdır.
Dağlar qoynunda yerləşən Laçın bizi həmişəki kimi özünəməxsus qonaqpərvərliklə, xoş, günəşli hava ilə qarşılayır. Elə bil heç qış deyil, bu yerlərə əbədi bahar gəlib. Gündən-günə gözəlləşən, inkişaf edən şəhərdə həyat qaynayır, küçələrində şütüyən avtomobillərin ardı-arası kəsilmir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq geri qayıdan əzəli sakinlərinin sayı artıqca Laçın da yenidən öz xoşbəxt günlərini yaşamağa başlayıb. Qeyd edək ki, indiyədək Laçın şəhərində 2090 nəfərdən ibarət 570 ailənin, Zabux kəndində 823 (217 ailə) və Susda 215 nəfərin (59 ailə) daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi, Laçında da öz doğma yurdlarına dönmüş sakinlərin işlə təminatı, onların sosial-məişət qayğılarının həlli hər zaman diqqət mərkəzində saxlanılır. Burada mütəmadi olaraq əmək yarmarkaları keçirilir, laçınlılar müxtəlif qurumlarda, zavod və fabriklərdə özlərinə iş tapırlar.
Laçına budəfəki səfərimin məqsədi də burada fəaliyyət göstərən müxtəlif təyinatlı istehsal müəssisələri, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış iş yerləri ilə tanış olmaqdır. Odur ki, vaxt itirmədən Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Yeganə Quliyeva və Ülviyyə Məmmədovanın müşayiəti ilə üz tuturuq müxtəlif təyinatlı müəssisələrin yerləşdiyi Zerti Aqro-Sənaye Parkına. Tanışlığa Beton Dam Örtükləri zavodundan başlayırıq. Bir il əvvəl fəaliyyətə başlamış zavodun istehsalat rəhbəri Şahin Səmədzadə ilə söhbət əsnasında öyrənirik ki, gündəlik 200 kvadrat metr məhsul istehsal edilən müəssisədə 15 nəfər Laçın sakini daimi işlə təmin edilib, sifarişlər artdıqca işçi sayının da artırılması nəzərdə tutulur. Burada müasir italyan avadanlıqları ilə ən yüksək standartlara cavab verən beton dam örtükləri hazırlanır. Bu məhsulun əsas üstünlüyü uzunömürlü olmasındadır. Belə ki, müəyyən müddətdən sonra korroziyaya uğrayan dəmir dam örtüklərindən fərqli olaraq, beton örtüklərin 100 ildən artıq davamlılığı var. Ş.Səmədzadə onu da bildirdi ki, “Zerti” adı altında istehsal edilən məhsulun əsas sifarişçiləri işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə cəlb edilmiş tikinti şirkətləridir. Zavodun fəaliyyəti həmin şirkətlər üçün nəqliyyat və çatdırılma xərclərinin xeyli azalması baxımından da əhəmiyyətlidir.
Müəssisədə işləyənlərin əksəriyyəti Laçın sakinləridir. Yaxınlaşıb elə iş başındaca onlarla hal-əhval tuturuq, işlərinin xeyirli olmasını diləyirik.
Dam örtüklərinin istehsalı üzrə operator Tahir Məmmədov bildirir ki, 17 yaşından didərgin düşdüyü Laçına bir il əvvəl gəzməyə gəlibmiş, geri qayıtmayıb:
–Ən böyük xəyallarımız gerçək oldu, torpaqlarımız işğaldan azad edildi. Anamgil, kiçik qardaşımgil köçüb Laçında yaşayırlar. Mənsə təxminən bir il əvvəl bura gəzməyə, daha doğrusu öz müqəddəs yurdumu ziyarət etməyə gəlmişdim. Ancaq qayıdıb Bakıya gedə bilmədim, qaldım Laçında. Sonra bu zavodda işləməyə başladım. Həyatımın son bir ilini tək cümlə ilə ifadə etməli olsam, deyərdim ki, elə bil yuxudayam, hər şey qeyri-adi dərəcədə gözəldir!
Qəlib yağlayıcısı Əbdül Cəfərov isə yarım ilə yaxındır Laçında daimi məskun[1]laşıb. Evindən də, həyatından da, işindən də razılıq edir:
–64 yaşım var. Məcburi köçkün kimi Bakıda, Xətai rayonunda məskunlaşmışdıq. Ötən ilin avqust ayında Laçın həsrətimiz bitdi, daimi yaşamaq üçün dövlətimizin tikib, təmir etdiyi yeni evimizə köçdük. Qısa bir müddətdən sonra isə bu zavodda işlə təmin olundum. Burada qəlibləri yağlayıb operatora ötürürəm. İşimdən də, həyatımdan da razıyam. Sanki dünyaya yenidən gəlmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, bizə bu günləri yaşadan Prezidentimizi qorusun!
Ay müəllim, “xeylax” cavanlaşmısan!
Aqro-Sənaye Parkının perspektivli müəssisələrindən biri də Heyvandarlıq Seleksiya Mərkəzidir. Mərkəzin sahə nəzarətçisi Əli Cəmilzadə ilə həmsöhbət oluruq. Öyrənirik ki, müasir tələblərə cavab verən mərkəzdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə müxtəlif cinsli keçi və qoyunların saxlanılması üçün hər biri 240 kvadrat[1]metr olan 5 ədəd saxlanc yeri var. 2023- cü ilin avqustundan fəaliyyət göstərən seleksiya mərkəzinə həmin vaxt ilkin olaraq 31 baş keçi, 72 baş qoyun gətirilib. Hazırda burada 15 cinsdə qoyun, 5 cinsdə keçi saxlanılır. Qoyunlar əsasən Rusiya, Fransa və Cənubi Afrika cinsləridir, keçilər arasında isə Türkiyə, İsveçrə, Rusi[1]ya, Suriya, Fransa cinsləri üstünlük təşkil edir. Məqsəd xarici növ heyvan cinslərinin yerli mühitə uyğunlaşdırılması, artırılması, gələcəkdə ətlik-südlük və yun çıxımı daha yüksək olan cinslərin əldə edilməsidir. Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər vurulur. Artım sayı müəyyən bir həddə çatdırıldıqdan sonra heyvanların əraziyə buraxılması, fermerlərə verilməsi və digər məsələlər həyata keçiriləcək. Müəssisədə 15 nəfər Laşın sakini daimi işlə təmin olunub.
Zerti Aqro-Sənaye Parkında fəaliyyə[1]ti ilə tanış olduğumuz növbəti müəssisə “Laçın Kemikal” MMC-nin 2024-cü ildən fəaliyyətə başlayan yuyucu, təmizləyici və gigiyenik vasitələrin istehsalı müssisəsidir. Müəssisənin direktoru Bəhruz Şükürov bildirir ki, burada ilkin mərhələdə 11 nəfər laçınlı daimi işlə təmin edilib:
–Məhsullarımızın satışı hələ ki, əsasən Bakı şəhərində korporativ şəkildə həyata keçirilir. Ancaq marketlərdə tanıtıma başlamışıq və satışın marketlər şəbəkəsi vasitəsilə genişləndirilməsi, gələcəkdə isə ixracyönümlü olması nəzərdə tutulur. İşğal olunmamışdan əvvəl Laçında “Pemaksol” markası ilə ovma toz istehsal olunub və keçmiş sovet respublikalarına satılıb. Biz həmin adın patentini almışıq və məhsullarımızda istifadə edirik. Məqsədimiz bu adın keçmiş şöhrətini özünə qaytarmaqdır. B.Şükürova arzularının tezliklə həyata keçməsini diləyib üz tuturuq parkın ən böyük istehsal müəssisələrindən olan “Aydınoğlu” mebel fabrikinə. Böyük, işıqlı fabrikdə Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Elə istehsalat rəisi Hüseyn Eren də Laçında keyfiyyətli mebel istehsalını genişləndirmək məqsədilə qardaş ölkədən dəvət edilib.
Söhbət əsnasında öyrənirik ki, ilk növbə[1]də Laçına köçürülən sakinlərin işlə təmin edilməsi fabrikin əsas prioritetidir.
Hazırda müəssisədə daimi olaraq 29 nəfər çalışır. Sifarişlərin həçmindən asılı olaraq isə işçi sayı artırılır və tam gücü ilə fəaliyyət göstərdikdə burada 120 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Sahə rəisinin sözlərinə görə, fabrikin istehsal etdiyi məhsulların keyfiyyəti kifayət qədər yüksəkdir, mebellərin xammalı, müxtəlif materiallar Türkiyə, Rusiya və digər ölkələrdən idxal edilir. Bütün məhsullar burada tam hazır mebel vəziyyətinə gətirildikdən sonra Qarabağda bərpa-quruculuq prosesində iştirak edən şirkətlərin sifarişlərinə uyğun olaraq çatdırılır və quraşdırılır. İstehsal prosesində keyfiyyətlə yanaşı, mebelin quraşdırılacağı hər bir evin ölçüləri də dizaynerlər, mühəndislər tərəfindən nəzərə alınır.
Fabrikdə işləyən laçınlıların da təəs[1]süratlarını öyrənirik. 66 yaşlı Elbrus Cabbarov Laçında yaşamağın, burada iş[1]ləməyin onlar üçün ən böyük xoşbəxtlik olduğunu deyir:
– Ömrümün tən yarısını məcburi köçkün həyatı yaşamışam. Laçın işğal olunandan sonra ailəmlə birlikdə bir müddət Ağcəbədidə məskunlaşdıq, daha sonra Bakıya köçdük. “Böyük Qayıdış” çərçivəsində Laçına ilk köçən ailələrdən biri də mənim ailəmdir. Hər şey əladır – öz dədə-baba yurdumuzda bizə yaradılan şə[1]rait də, işlə təminatımız da. Bizə bu günləri bəxş etdiyinə görə dövlət başçısına min[1]nətdarıq!
Ümumiyyətlə, Laçında yaşamaq, buranın havasını udmaq, suyunu içmək biz laçınlılar üçün ən böyük xoşbəxtlikdir. Laçın möcüzədir, burada adam cavanlaşır. Arada Bakıya gedəndə tanış-biliş deyir ki, ay müəllim, “xeylax” cavanlaşmısan (ürəkdən gülür – M.R.). Şəkər xəstəliyi olan, təzyiqdən əziyyət çəkənlər tanıyıram, Laçına qayıdandan dava-dərmanı tullayıb[1]lar bir tərəfə. Çünki Laçının təbiəti özü elə dərmandır.
“Gilabi”nin sənət dünyası, Həkəri balığı, kəklikotu çayı...
Zerti Aqro-Sənaye Parkında gördüklərimiz qürur duymamaq mümkün deyil. Sevindiricidir ki, yenidən qurulan, inkişaf edən Laçında çoxsaylı iş yerləri yaradılır, fəaliyyət göstərən bütün müəssisələr müasir texnologiyalar ilə təchiz olunub. Bütün bu görülən işlər gələcəkdə rayonda təkcə işğaldan əvvəl olduğu kimi kənd təsərrüfatının deyil, həm də sənayenin inkişafına zəmin yaradır. Fəaliyyətdə olan müəssisələrin bir özəlliyi də odur ki, istehsal olunan məhsullar Qarabağımızın, Şərqi Zəngəzurumuzun bərpa edilməsində istifadə olunur. Yəni hər şey zəruri tələblərin qarşılanması məqsədi daşıyır.
Parkdan xoş duyğularla ayrılıb yollanırıq 2020-ci ildən Azərbaycanın brendinə çevrilməyi hədəfləyən, 2023-cü ildən isə Laçında istehsal və satışa başlamış “Gilabi Ceramics”ə – tariximizi, onun özünəməxsusluğunu əl əməyi, göz nuru vasitəsilə sənət əsərinə çevirən yaradıcılıq mərkəzinə. Şəhərin səfalı yerində yerləşən mərkəzə daxil olar-olmaz bizi müasirliklə qədimiliyin harmoniyasından yaranmış ab-hava qarşılayır. Stendlərdəki hazır məhsullar, yəni gildən hazırlanmış, üzləri müxtəlif milli ornamentlərlə bəzənmiş boşqablar, vazalar, fincanlar, küp qablar, suvenirlər və digər dekorativ əşyalar insanda qəribə duyğular oyadır. İçəridə həvəskar rəssam Fatimə Abbaszadə bütün diqqətini yeni eskizlərin boyanması işinə verib. Öyrənirəm ki, cəmi 23 yaşı var. Bakıda, məcburi köçkün kimi doğulub. 2024-cü ilin yanvar ayında ailəsi ilə Laçına köçüb, mart ayından isə “Gilabi Ceramics”də çalışır. “Bakıdan gəlmiş gənc qız üçün tamamilə fərqli, dağlı-dərəli Laçın mühi[1]tinə uyğunlaşmaq çətin olmadı ki? Darıxmırsan ki?”, - deyə soruşuram. Cavab verir ki, yox, elə bilirəm bura qayıdandan sonra öz mühitmi yenidən kəşf etmişəm. Çünki mən elə anadan Laçında yaşamaq arzusu ilə doğulmuşam...
“Gilabi Ceramics”in nəzarətçisi Könül Bayandurova bizə 6 nəfərin işlədiyini müəssisə haqqında ətraflı məlumat verir: – “Gilabi ceramics” mərkəzi 2020-ci ildə Bakının Balaxanı kəndində aparılan abadlıq işləri çərçivəsində istedadlı keramika rəssamı Emin Ələkbərovun təşəbbüsü ilə yaranıb. Mərkəz təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan və milli brendə çevrilən qurumdur. Məqsədimiz peşəkar, istedadlı yaradıcı heyətin səyləri ilə keramika sənətinin bir çox sahəsini bir araya gətirmək və onu çoxyönlü bir sənət əsərinə çevirməkdir. Bu gün “Gilabi Ceramics” məhsulları artıq bütün dünyada tanınır, orijinal bədii[1]estetik naxışları, özünəməxsus rəngləri və bədii-ifadə tərzi ilə milli-mədəni irsimizi beynəlxalq miqyasda təmsil edir.
2023-cü ildən Laçın şəhərində də fəaliyyətə başlamışıq. İstehsalatda Türkiyədən gətirilən ağ gildən və yerli qırmızı gildən istifadə olunur.
Əl işlərinin hazırlanması zamanı Azərbaycan mədəniyyətində, məişətində, folk[1]lorunda istifadə olunan elementlərdən, xüsusilə Laçına məxsus XII əsrin yadigarı olan “Qasımuşağı” xalçasının milli ornamentlərindən, şəhərimizin simvollarından sayılan XV əsrə aid qoç və at fiqurlarının elementlərindn, həmçinin bir sıra tarixi abidələrin eskizlərindən istifadə edilir.
Belə gözəl yaradıcı mühitdə çay içməyin də bir başqa ləzzəti var. Çayımızı içib, “ev sahiblərinə” qonaqpərvərliklərinə görə minnətdarlığımızı bildirərək üz tuturuq Həkəri çayının sahilinə. Burada bizi Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri balıq təsərrüfatı” MMC-nin direktoru İlham Novruzov qarşılayır. Onunla söhbət zamanı öyrənirik ki, 2023-cü il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi təsərrüfatda 6 növdə balıq yetişdirilir. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.
Gənc təsərrüfat olmasına baxmayaraq, artıq 2 aya yaxındır ki, Həkəri balığının satışına başlanılıb, müəssisə özü-özünü maliyyələşdirir. Dadlı Laçın balığına tələbin çox olduğunu deyən İ.Novruzov bildirir ki, satış həm müqavilələr əsasında, həm də fərdi müraciətlərə əsasən ölkə daxilində həyata keçirilir. Gələcəkdə isə məqsəd xarici bazara məhsul göndərməkdir. Qış mövsümü olduğu üçün müəssisədə 7 nəfər Laçın sakini daimi işlə təmin olunub, yaz-payız aylarında isə işçi sayı 20-ə qədər artacaq. Nərəkimi balıqların soyuq, sərt dağ iqliminə uyğunlaşdırılmasına gəlincə, hər şey qaydasındadır. Direktorun sözlərinə görə, qışda Laçının soyuğunda balıqların inkişafı, böyüməsi geciksə də, sağlamlıqlarında heç bir problem yoxdur. Yəni balıqlar Həkəridə özlərini, necə deyərlər, balıq özünü suda hiss edən kimi hiss edirlər. Üstəlik, Kür və Azərbaycanın digər çayları ilə müqayisədə Həkəridə müxtəlif bakteriyalar az olduğu üçün xəstəliklər də yox dərəcəsindədir, əvəzində bu çayın suyu minerallarla, qeyri-üzvi maddələrlə daha zəngindir. Ona görə də Həkəri balığının dadı da fərqlidir, bir yeyən bir də yemək istəyir. Laçını sevdiyi qədər işinə də vurğun olan, gecə-gündüz balıqların qayğısına qalan, onların yaşam tərzlərinə, xasiyyətlərinə bələd olmaq üçün kitablar oxuduğunu, internet vasitəsilə məlumatlar öyrəndiyini deyən İlham müəllimlə söhbət nə qədər xoş olsa da, Həkəri ilə, Laçınla sağollaşmaq vaxtıdır. Yanvarın qısa günü bitir, Günəş dağların zirvəsindən aşmaq üzrədir. Ancaq yenə də Həkərinin sahilində bir armudu stəkan kəklikotulu çay içmədən dönmək olmaz...
Bilmirəm kim deyib ki, Laçın Azər[1]baycanın İsveçrəsidir? Məncə, Laçının deyil, İsveçrənin, dünyanın əksər gözəl məkanlarının Laçınla müqayisə edilməsi daha ədalətli olar. İstəsəm də, istəməsəm də dağlar qoynundakı bu əsrarəngiz şəhərə vida etmək vaxtıdır. Xoş ovqatla, gördüklərimin, eşitdiklərimin ruhuma bəxş etdiyi sevinc, fərəh hissi ilə sağollaşıram Laçınla. Bu tor[1]pağın şairi Şərif Ağayarın dediyi kimi, sözü[1]müzün əvvəli, sözümüzün sonu Laçınla...
Sözümün əvvəli, sözümün sonu,
Məskənim, beşiyim, anam, ay Laçın!
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın!
P.S. Yazının hazırlanmasına göstərdikləri köməyə və qonaqpərvərliklərinə görə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarına təşəkkür edirəm.
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ üzrə bölgə müxbiri
Laçın