Maqsud Əliyev – 100
Elm və Təhsil Nazirliyi, qurumun Fizika İnstitutu, Milli Elmlər Akademiyası və akademiyanın Gəncə Bölməsi tərəfindən görkəmli fizik alim, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Nüfuzlu elmi tədbirə Azərbaycan və MDB ölkələrinin elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alimlər qatılıblar.
İştirakçılar görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar. Sonra akademik Maqsud Əliyevin həyat və fəaliyyəti haqqında bioqrafik videoçarx təqdim edilib.
Qeyd olunub ki, Azərbaycan fizika-riyaziyyat tədqiqatlarının əməli və nəzəri məktəbinin patriarxlarından sayılan akademik Maqsud Əliyev (1924–2016) elmimizi dünyada şöhrətləndirən şəxsiyyətlərdəndir. O,1957-ci ildə fizika üzrə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru, 1967-ci ildə professor adını almışdır. 1969-cu ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. Alim yarımkeçiricilər fizikası sahəsində tədqiqatların aparılmasında və elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
Akademik Maqsud Əliyev 20 ixtiranın müəllifi olub. Onun “Yarımkeçiricilərin istilikkeçirməsi” adlı kitabı böyük şöhrət qazanıb. Maqsud Əliyevin rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilib. Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər, məşhur alim Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində də tədqiqatlar aparıb. O, “Fizika problemləri və qeyri-səlis məntiq” üzrə elmi problemlərin araşdırılması ilə geniş məşğul olub, bir neçə beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. “Şöhrət”, “Vətən müharibəsi”, “Xalqlar dostluğu” ordenləri, akademik Y.Məmmədəliyev adına mükafat və medal, “Sülhün səfiri” beynəlxalq diplomu ilə təltif olunub. Görkəmli alim 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adını alıb. 24 dekabr 2016-cı ildə 92 yaşında Bakıda vəfat edib.
Beynəlxalq elmi konfransı açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu mötəbər məclisin ümummili lider Heydər Əliyevin əziz xatirəsinin anıldığı əlamətdar günlərlə səsləşdiyini qeyd edərək Ulu öndərin Azərbaycan elminin inkişafına xüsusi diqqət göstərdiyini, onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkənin gələcəyinin təminatı naminə vacib olan bu sahənin müasir tələblər baxımından yüksəlişi strategiyasını uğurla həyata keçirdiyini vurğulayıb.
Sonra konfransın iştirakçıları arasında görkəmli alim Maqsud Əliyevin yaratdığı Azərbaycan yarımkeçiricilər elmi məktəbinin ardıcıllarının olduğu da qeyd edilib. Akademikin xatirəsinin Gəncənin elmi mühiti, bu şəhərdə çalışan alimlər tərəfindən xüsusi rəğbətlə yad edildiyi vurğulanıb. Respublikamızın ikinci şəhərində çoxşaxəli elmi mərkəzin yaranması, burada aparılacaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, hətta onun üçün böyük binanın seçilməsi məsələlərinin reallaşmasında Maqsud müəllimin də həlledici rolu olduğu göstərilib.
Beynəlxalq konfransı idarə edən Fizika İnstitutunun baş direktoru, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Maqsud Əliyevin respublikamız üçün böyük sınaqlar dövrü olan 90-cı illərdəki fəal mövqeyi, o cümlədən Ulu öndərin dövlətçiliyimizin formalaşdırılması naminə yorulmaz səylərinə öz dəstəklərini nümayiş etdirmiş ziyalı-alimlərimiz sırasında olduğunu vurğulayıb.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, texnika elmləri namizədi, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, biologiya elmləri namizədi, dosent Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şahin Xurşudov, alimin yetirmələrindən fizika-riyaziyyat elmləri doktoru, professor Məntiq Cəfərov və fizika elmləri doktoru, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru, professor Dürdanə Araslı çıxış ediblər. Onlar Maqsud Əliyevi elm ilə nəcabətin vəhdətinin təcəssümü kimi xarakterizə ediblər.
Akademik Maqsud Əliyevin yaxın qohumu Xanlar Məmmədov alimin elmi, ictimai fəaliyyətinə və onun şəxsiyyətinə böyük həssaslıq nümayiş etdirərək bu mötəbər elmi forumu təşkil edənlərə alimin ailəsi adından minnətdarlıq bildirib.
Üç günlük beynəlxalq konfrans bölmə iclasları ilə davam etdirilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə