Uşaqlar bugünümüzün əmanəti, sabahımızın zəmanətidirlər

post-img

Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin istiqamətlərini təşkil edir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizin aydın gələcəyi bu günün usaqlarının əlindədir, onları müdafiə etmək isə hər bir vətəndaşın ümdə vəzifəsidir. Dünyada olduğu kimi, Azərbaycanda da, uşaq hüquqlarının təmin olunması, uşaqların sağlamlığı, təhsili, onların əsl şəxsiyyət kimi yetişməsində dövlət səviyyəsində silsilə tədbirlər həyata keçirilir.

Hər bir cəmiyyətin məqsədi odur ki, uşaqlar böyüyərək şərəfli, təhsilli və ən əsası layiqli vətəndaş kimi yetişsin və öz dəyərli vəzifə və missiyalarını yerinə yetirə bilsinlər. Müasir dövrdə belə, dünyanın müxtəlif ölkələrində uşaqlar öz hüquqlarından istifadə edə bilmirlər. Dünya uşaqları bəzən aqressiya qurbanlarına çevrilir. Belə ki, onların əməyi istismar olunur, məcburi olaraq, diləndirilir, hətta zorla narkotik vasitə aludəçisinə çevrilə bilirlər. Bəzən uzunmüddətli işlərdə istirahətsiz işləməyə məhkum olunur, müxtəlif fiziki, mənəvi, məişət, hətta cinsi zorakılığa məruz qalırlar, onların təhsil, səhiyyə huquqları da əlindən alınır. Bu proses geniş hal alsa da, təəssüf ki, köklü şəkildə həllini tapa bilmir.

Belə bağışlanmaz halların qarşısının alınması və dünyanın bu kimi önəmli məsələlərə diqqətinin yönəlməsi üçün bir sıra addımlar atılır və atılmaqdadır.

20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günü olaraq, tarixə düşüb. 1989-cu il noyabr ayının 20-də BMT-nin Uşaq Hüququları Konvensiyası qəbul olunub. Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəd olmaqla, özündə 189 ölkəni birləşdirir. Azərbaycan Respublikası da həmin ölkələr sırasındadır. BMT-nin 1989-cu ildə qəbul etdiyi və qısa müddət ərzində bir çox dövlətlər tərəfindən imzalanan Uşaq hüquqları Konvensiyasında belə bir həqiqət öz əksini tapır: hər hansı bir ölkənin gələcəyinə bəslənilən ümidlər onun vətəndaşlarının gənc nəsli ilə bağlıdır. Bu mənada, bizim də taleyimiz, gələcəyə xoş ümid və arzularımız bu gün təlim-tərbiyə ocaqlarında təhsil və tərbiyə alan gənclərimizdən asılıdır. Lakin bu, eyni zamanda, bugünkü gənc nəslə necə təlim və tərbiyə verməyimizdən, mövcud təhsil sistemindən, bu sistemin aparıcı qüvvəsi olan pedaqoq-müəllimlərdən, təhsil işçilərindən asılıdır.

Çağdaş dövrümüzdə uşaqların düzgün tərbiyəsində onların öz hüquqlarını və mənafelərini müdafiə edən qanunlar, normativ aktlar barədə məlumat almaları olduqca vacibdir. Uşaqların erkən yaşlarından öz hüquqları barədə məlumatlandırılması cəmiyyət və dövlət üçün yararlı olan vətəndaşların yetişdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq normativ aktlar və Azərbaycanın milli qanunvericiliyi uşaqların hüquqlarının qorunması baxımından əhəmiyyətli təminatlar verir. Uşaq hüquqları haqqında qanuna və Ailə Məcəlləsinə əsasən, uşaq dedikdə, 18 yaşına çatmamış və hələ tam əmək qabiliyyəti əldə etməmiş şəxslər başa düşülür.

Uşaqların hüquqlarının qorunması tədbirlərinin hüquq normaları şəklində təsbit olunacağı yeni sənədin qəbulu zərurətini meydana çıxardı. 1979–1989–cu illərdə bir çox dünya ölkələri mütəxəssislərinin iştirakı ilə BMT-nin İnsan Haqları üzrə Komissiyası Uşaq hüquqlarına dair konvensiyanın mətnini hazırladı. Əvvəlki sənədlərdən fərqli olaraq 54 maddədən ibarət konvensiya uşaqların cəmiyyətdə həyatı və şəraiti ilə əlaqədar, demək olar ki, bütün məqamları əhatə edir. Konvensiyanı qəbul edən dövlətlər uşaqlara münasibətdə görüntülər və milli qanunvericilikləri BMT-nin konvensiyasına uyğun şəkildə dəyişdirilməlidirlər. Uşaq hüquqlarına dair konvensiya 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunub və 2 sentyabr 1990-cı ildən qüvvəyə minib.

Uşaq hüquqlarına dair konvensiyada bəyan olunur ki, uşaq cəmiyyətdə müstəqil həyata hazırlanmalı və BMT-nin nizamnaməsində göstərilən ideyalar ruhunda tərbiyə olunmalıdır. Konvensiyaya qoşulan dövlətlər hər bir uşağın yaşamaq hüququnu qəbul edirlər. Üzv dövlətlər uşağın yaşamasını və sağlam böyüməsini maksimum mümkün səviyyədə təmin etməlidirlər. Uşaq doğulandan dərhal sonra qeydiyyata alınır və doğulan andan onun vətəndaşlıq almaq, ad almaq da mümkün olduqda öz valideynlərini tanımaq və onların qayğısını görmək hüququ var. Üzv dövlətlər, həmçinin qanunda nəzərdə tutulmayan hallarda uşağın öz valideynlərindən ayrılmamasını da təmin etməyə borcludurlar. Konvensiyaya qoşulan dövlətlər uşağın öz fikrini sərbəst ifadə etmək, düşüncə, din və vicdan azadlığına təminat verirlər. Konvensiyada qeyd olunur ki, üzv dövlətlər uşağın sərbəst ictimai təşkilatlarda birləşmək və sərbəst toplaşmaq hüququnu da təmin edirlər. Sənəddə bəyan olunur ki, üzv dövlətlər uşaqların hər cür fiziki və psixi təsirlərdən, təhqir və zorakılıqdan, istismardan qorunması üçün bütün zəruri qanunverici, inzibati, sosial və maarifləndirmə tədbirlərini görməlidirlər.

Ailə qayğısından məhrum olan uşaqların qayğısına dövlət qalmalıdır. Üzv dövlətlər uşağın yüksək səhiyyə xidmətlərindən istifadə etmək hüququnu tanıyırlar. Üzv dövlətlər çalışmalıdırlar ki, heç bir uşaq bundan məhrum olmasın. Uşaqların sosial müdafiə sisteminin verdiyi imkanlardan yararlanmaq hüququ da tanınır. Dövlət bunun üçün məsuliyyəti öz üzərinə götürməlidir. Konvensiyaya qoşulan dövlətlər uşaqların, eləcə də, təhsil almaq hüququnu tanıyırlar və uşaqların bu hüquqdan bərabər şəkildə bəhrələnməsi üçün pulsuz və məcburi ibtidai təhsil sistemini tətbiq edirlər. Həmçinin uşağın yaşına uyğun istirahət, əyləncəli oyun və tədbirlərdə iştirakını, sərbəst şəkildə yaradıcılıqla məşğul olmaq hüququnu da tanıyırlar. Konvensiyaya qoşulan dövlətlər 15 yaşına çatmayan uşaqların birbaşa döyüş əməliyyatlarında iştirak etməməsi üçün bütün mümkün olan tədbirləri görməlidirlər.

Azərbaycan Respublikası bu konvensiyaya qoşulub və milli qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirilib. Uşaq hüquqlarının qorunması ilə bağlı sənədlər sırasında BMT-nin “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın qarşısının alınması haqqında BMT-nin əsas prinsipləri” haqqında qətnaməsini qeyd etmək lazımdır. Bu prinsiplər “Ər-Riyad prinsipləri” adlanır.

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Doğrudan da belədir. Hər bir millətin gələcəyi uşaqların bugünkü rifahından asılıdır. Uşaqların cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşması istiqamətində ən böyük rolu ailə oynayır. Ailə bəşər həyatının ilk müəssisəsi, müqəddəs bir qaladır. Bu qala gələcəyin təminatçısı olan uşaqların təkamül həyatında, sağlam xarakterin formalaşmasında, uşağın xeyirxahlıq və mehribanlıq zirvəsinə yol almasında müstəsna rola malikdir. İlahi əmanətlər olan körpələrin dünyagörüşü, həyat prinsipləri, enişli-yoxuşlu həyata hazırlanması, dünyaya baxışı və onun uca dəyərlərə yönəldilməsi ailəyə bağlıdır. Ailə digər tərəfdən həm də bir məktəbdir. Bu məktəb nə qədər elmi və mənəvi cəhətdən zəngin, sevgi ilə dolu olarsa, bax o zaman orada böyüyən, boya-başa çatan uşaq cəmiyyət üçün faydalı olacaq. Ailə qalasının və o qalanın təməli olan övladın qoruyucusu və həyata düzgün hazırlanmasının fədakarı isə anadır. Ana nurlu sözləri ilə tərbiyə qaynağı, aydın və məntiqli düşüncələri ilə övladının görən gözü, həyatda davranışı ilə ona örnək olan bir şəxsiyyətdir. Məhz bu səbəbdən “Analarımız savadlı olarsa, cəmiyyətimiz savadlı olacaq” – deyib müdriklərimiz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə, 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Ölkəmizdə uşaq ilinin elan olunması bir daha sübut edir ki, dövlət daima uşaqlara olan qayğını ön plana çəkir və onların xoşbəxt gələcəyini təmin etmək üçün əlindən gələni edir. Cox zaman insanlar xoşbəxtliyi fərqli yerlərdə axtarırlar. Amma ətraflarına nəzər salsalar xoşbəxtliyi onlara bəxş edəcək varlıqların yanlarında olduğunu görərlər. Həyatımızda bu qədər gözəlliklər olduğunu bilərək, gəlin, xoşbəxtliyi, sevgini, təbəssümü başqa yerlərdə deyil, bu balaca fidanların gözlərində axtaraq və onların qar kimi bəmbəyaz dünyasını daima sevgi ilə bəzəyək. Çünki, bu körpələr biz böyüklərdən həyatı öyrənməyə çalışır, gələcəkdə kim olacaqlarını ata və analarına, müəllimlərinə, böyüklərə baxaraq öyrənirlər. Gələcəyimizin xoşbəxtlik və sevgi dolu bir dünya olmasını istəyiriksə, övladlarımızı düzgün tərbiyə etməliyik.

Aynur TURAN



Sosial həyat