“Tarixdən bu günümüzə süzülən tar sənəti”

post-img

Balakəndə tanınmış sənətkar – tar ustası Aydın Tağıyevin 90 illik yubileyinə həsr edilmiş “Tarixdən bu günümüzə süzülən tar sənəti” adlı konfrans-konserti olub.    

Aydın Tağıyev 1935-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda doğulmuşdur. Ermənistanda yaşayan azərbaycanlılara qarşı artan təzyiqlər nəticəsində ailəsi ilə birlikdə 1948-ci ildə Balakən rayonunun Qullar kəndinə köçmüş və ömrünün sonunadək burada yaşamış, 1992-ci ildə vəfat etmişdir. Ustad sənətkar ötən əsrin 60-cı illərinin ortalarından başlayaraq təqribən 25 il davamlı şəkildə gözəl tarlar hazırlamışdır.   

Tarın milliyinin, Azərbaycana məxsusluğunun qorunub saxlanmasında xidmətləri olan Aydın Tağıyevin düzəltdiyi alətlər keyfiyyəti, özünəməxsusluğu, standartlara tam uyğun olması, gözəl səslənməsi ilə yaxın və uzaq ellərdə də məşhur idi. O, eyni zamanda, görkəmli musiqiçilərlə sıx əlaqədə olaraq bu alətin daha da təkmilləşməsinə əvəzsiz zəhmət sərf edib. 

Yubiley mərasimini giriş sözü ilə  Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə açdı. Sonra  rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, ölkəmizdə mədəniyyətə göstərilən dövlət qayğısından danışdı, Prezident İlham Əliyevin açılışında şəxsən iştirak etdiyi və hazırkı tədbirin də keçirildiyi Balakən Uşaq İncəsənət Məktəbinin gənc istedadlara böyük töhfə olduğunu vurğuladı. İcra başçısı Aydın Tağıyev kimi el sənətkarlarının xatirəsinin yaşadılması zərurətini qeyd etdi.  

Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev milli musiqi alətimiz olan tarın təkmilləşdirilməsində Aydın Tağıyevin xidmətlərindən söz açdı. Xatırladı ki, dövrünün tanınmış tar ustaları, istehsalçıları və istehlakçıları hər yerdən Balakənə gələrək mütləq Aydın Tağıyevin düzəltdiyi musiqi alətlərinə üstünlük verərdilər. Kimi tar alar, kimi tarın əsas hissəsi olan çanağını sifariş edər, kimi də onun ustad məsləhətlərinə ehtiyac duyardı. Ramiz Quliyev təklif etdi ki, Balakəndə   küçələrdən birinə Aydın Tağıyevin adı verilsin və məxsusi bir muzey yaradılsın ki, sənət mirası qorunub, gələcək nəsillərə çatdırılsın, ustad sənətkarın emalatxanası, iş alətləri, düzəldiyi tarlardan nümunələr, onunla bağlı şəkillər, məlumatlar bir yerə  toplansın.   

Qeyd edildi ki, sənətinin kamil bilicisi olan ustanın dəqiqliklə yonub düzəltdiyi tarlar bu gün də respublikamızın görkəmli musiqiçilərinin əllərində səslənir. Təəssüflər olsun ki, bu tarları keçmiş SSRİ ərazisində yaşamış ermənilər daim öz adlarına çıxmağa çalışıblar. Usta Aydın belə hadisələrin dönə-dönə şahidi olduğundan tarların çanaq hissəsində, pərdənin altına “Balakən rayonu, Aydın Tağıyev” sözləri yazılmış kağız parçası yapışdırmaq məcburiyyətində qalıb. Hətta Azərbaycanda həmin dövrdə tar sənəti ilə məşğul olan ermənilər Aydın Tağıyevin düzəltdiyi çanaqları əldə edərək özününküləşdirmək istəsələr də, görkəmli tar ustası öz sənəti, dəsti-xətti ilə tarın ən vacib hissəsi sayılan bu çanaqların ona məxsusluğunu sübuta yetirib və erməniləri ifşa edib.  

Aydın Tağıyevin övladı – Balakən Uşaq İncəsənət Məktəbinin direktoru Arifə xanım Tağıyeva söz alaraq Prezident 
İlham Əliyevə ölkədə mədəniyyətin, musiqi sənətinin inkişafındakı dəstəyinə, direktoru olduğu bu gözəl tədris ocağının ərsəyə gətirilməsinə görə, Birinci vitse-prezident Mehriban Əliyevaya muğam və tar sənətinin dünyada tanıdılmasına göstərdiyi qayğıya görə minnətdarlıq duyğularını ifadə etdi. O, bütün qonaqlara isə atasının xatirəsini əziz tutduqları üçün təşəkkür etdi.

Sonra konfrans-konsertin ­proqramı təqdim olundu. BMA-nın professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, dosentlər Nuridə İsmayılzadə, Rauf Bəhmənli, Zümrüd Məmmədova, BMA-nın elmi-tədqiqat laboratoriyasının alət ustası Musa Yaqubov, ADMİU-nun müəllimi Səxavət Məmmədov, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru Həbibə Məmmədova, həmin təhsil ocağının müəllimi, Əməkdar artist Elçin Allahverdiyev ayrı-ayrı mövzularda maraqlı çıxışlar etdilər. Tar, kamança və fortepianonun müşayiəti ilə ifa olunan musiqi nömrələri gecəyə xüsusi rəng qatdı.   

 İ.MUSAOĞLU,
XQ-nin bölgə müxbiri

Balakən

 





Sosial həyat