Şuşa zəfəri əbədi qürur mənbəyimizdir

post-img

Hərbi media-tur

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şuşada xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edilib. Media təmsilçiləri Şuşada çəkilişlər aparıb və Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbçilərdən müsahibələr götürüblər. Şuşa döyüşünün iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Media-tur çərçivəsində Müdafiə Nazirliyi xüsusitəyinatlıların, dəniz xüsusi təyinatlılarının (dəniz piyadaları və “dəniz pişikləri”) və quru qoşunlarının hərbçiləri ilə həmsöhbət olduq. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını bildirdilər, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını və xidmət növbətçiliyində ayıq-sayıq durduqlarını ifadə etdilər.

Xüsusitəyinatlılar bildirdilər ki, Şuşa zəfəri müharibənin taleyini həll etdi. Bu şəhər elə bir yüksəklikdə yerləşir ki, buraya meşə cığırlarından keçib tankla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi:

– Biz səhəri hava zərbələri, uzaq top atəşləri ilə də azad edə bilərdik. Lakin Şuşa kimi tarixi bir incinin bombardman edilməsi böyük dağıntılara səbəb olacağından komandanlıq bu yolu seçmədi. Yüngül silahlarla meşələri, dərələri keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etmək, Şuşanı işğalçılardan təmizləmək tapşırığı aldıq. Yüngül silah-sursat ilə təchiz edilib qruplara bölünərək Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq şəhərə dörd tərəfdən daxil olub döyüşlərə başladıq.

Böyük itki verən düşmən 6–7 saata Şuşanı tərk etdi. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədilə ermənilərin çoxsaylı hücum cəhdləri də boşa çıxdı. Qadağan olunmuş “İsgəndər-M” ballistik raketləri atılsa da, bu, heç nəyi dəyişə bilmədi. Prezident, Ali Baş Komandan İlham Əliyev bizim qələbəmizi yüksək qiymətləndirdi, çıxışlarında dəfələrlə bu hünəri xatırlatdı. Bizi Bakı və digər şəhərlərimizin küçələrində insanların qələbə sevinci, təntənələr daha da ruhlandırırdı. Böyükdən-kiçiyə hər kəs Prezidentimizə qoşulub “Əziz Şuşa, sən azadsan”, – deyirdi.

Dəniz piyadaları Hərbi Dəniz Qüvvələrinin tərkibində – suda, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərirlər. Onlar Vətən müharibəsində aktiv iştirak ediblər. Dəniz piyadalarına Qarabağ müharibəsinin gizli qəhrəmanları da deyirlər. Özləri isə Şuşa zəfərini belə xatırladılar:

– Bizdə qorxu deyilən hiss yoxdur. Keçirdiyimiz əməliyyatlarda qat-qat artıq düşməni məhv etmişik, çoxlu qənimət götürmüşük. Bir bölükdən az şəxsi heyətimizlə düşmənin bir taborunu əzib mövqelərindən çıxarıb qaçmağa məcbur etmişik. Qubadlıda cəmi üç hərbçimiz düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərlərini öldürmüşdü.

Biz cəbhənin cənub istiqamətində düşmənin on illərdir möhkəmləndirilmiş istehkamlarının yarılması, Cəbrayılın Soltanlı və Əmirvar kəndləri ətrafında düşmənin üçüncü müdafiə eşelonunu keçmək üçün günlərlə davam edən amansız döyüşlərdə və başqa əməliyyatlarda da uğur qazanmışıq. Arazboyu ərazilərin azad edilməsindən sonra cəbhənin cənub-qərb istiqamətinə, Xocavəndə göndərilmişdik. Qubadlı şəhərində bayrağımızı biz qaldırmışıq. 9 döyüşçümüz şəhid olub, adını zəfər tariximizə yazıb.

Quru qoşunların hərbçiləri də Şuşa qələbəsindən öyünclə söz açdılar:

– Biz müharibə zamanı uzaqmənzilli döyüş vasitələri ilə düşməni ölkəmizdən qovduq, hərbi üstünlüyümüzü açıq şəkildə nümayiş etdirdik. Azərbaycan ordusunun qoşun növləri bir-bir yerdə, nizamla irəliləyib qələbə qazandı. İndi isə azad edilmiş torpaqlarda xidmət etmək qürurvericidir.

Şuşanın ən hündür zirvəsində hərbçilərimizlə söhbət etdikcə biz jurnalistlər də eyni dərəcədə qürurlanırdıq. 4 il əvvəl bu günlərdə respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə köməyə yetən mülki insanlarımız, bütövlükdə, ordu–xalq yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, qələbəyə yol açmışdılar. Bu yolu isə bizlərə açan Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Bu birlikdən vahimələnən, mövqelərini itirən düşmən isə müharibə qanunlarını pozaraq, təxribatlara əl atıb günahsız mülki insanları qətlə yetirməklə müharibə cinayətləri törətdi.

Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağı və ətraf əraziləri 30 il işğal altında saxlaması, bu azmış kimi, təcavüzkarın yeni ərazi iddiaları, atəşkəsin davamlı pozulması və irimiqyaslı hücum əməliyyatları qəbuledilməz idi. Nəticədə, 27 sentyabr 2020-ci ildə əks-hücuma başlayan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşməni məğlub edib torpaqlarımızı azad etdi. Müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin 2907 hərbi qulluqçusu şəhid oldu, minlərlə hərbçi yaralandı.

“Xalq qəzeti”nin səhifələrində zaman-zaman şəhidlər və qazilər barəsində materiallar dərc edilib. Budəfəki qəhrəmanımız Şuşa uğrunda gedən döyüşlərdə yüksək fədakarlıq göstərmiş Azərbaycan Ordusunun baş giziri Yaşar Hüseynovdur. O, 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal kəndində anadan olub. 1992-ci ildə doğma kəndi işğal edildikdən sonra ailəsi ilə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurub. Uşaq yaşından düşmənin məkrli, xain, qaniçən olmasının şahididir. Ailənin sonbeşiyi olan Yaşar gözünü açandan savaş, faciə görüb, döyüşçü kimi də böyüyüb.

Birinci Qarabağ müharibəsi zamanı Yaşarın 3 qardaşı Ağdam ətrafında gedən döyüşlərə qatılıb. Qardaşı Füzuli Hüseynov 1994-cü il aprelin 16-da Ağdamın Yusifcanlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Digər qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Uşaq yaşında yaranmış intiqam hissi Yaşarı müqəddəs torpaqları düşməndən azad etməyə yönləndirib. Söhbətim zamanı Yaşar dedi ki, o özünü illər boyu şəhid qardaşı Füzuli Hüseynovun qisasını almağa və işğal altında olan torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq uğrunda savaşa hazırlayıb.

Yaşar 14 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə qəbul edilib. Həmin ilin avqustunda Azərbaycan Ordusunun nəzdində olan gizir hazırlığı kursuna yazılıb, həyatını, karyerasını hərbi sahəyə bağlayıb. O günləri belə xatırlayır:

– Xidmət zamanı biz hiss edirdik ki, nə vaxtsa müharibə olacaq. Çünki düşmən özxoşuna torpaqlarımızdan getmək istəmirdi. Bu səbəbdən döyüş hazırlığımızı hər gün gücləndirir, təlim-məşqlərimizi artırırdıq. Erməni vandalları nəinki işğal etdiyi torpaqlarımızı qaytarmaq, hətta yeni əraziləri tutmaq məqsədilə təxribatlar törədir, yeni hücüm planı hazırlayırdılar. İrimiqyaslı təxribatı 27 sentyabr 2020-ci ildə həyata keçirmək üçün hücuma başladılar. Bu zaman Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatı tapşırığını verdi.

İlk döyüşü Lələtəpə istiqamətində olan Yaşar Hüseynov o günlərə qayıdır:

– Düşmənin say tərkibi çox idi. Müharibənin ilk günləri ermənilər olduqca hünərli görünürdü. Təxminən, 4–5 saat açıq ərazidə, üzbəüz şəkildə döyüş getdi. Xeyli itki verən erməni qaniçənləri məğlub olaraq dayandıqları mövqedən geri çəkildilər. Onların şəxsi heyət sarıdan, təxminən, 300 nəfərini məhv etmişdik. Lələtəpənin işğaldan azad edilməsində bizim də itkilərimiz oldu – şəhidlər verdik, yaralananlar var idi. Lələtəpənin azad edilməsi olduqca vacib idi. Çünki “Ohanyan xəttinin” başlanğıcına gedən yol oradan keçirdi.

Xüsusitəyinatlıların növbəti azad etdiyi ərazi Cəbrayıl rayonunun yaxınlığında yerləşən yüksəkliklərdən biri olub: “Yadımdadır, həmin təpədə qarşı tərəfin 4 ədəd minaatan silahı, 20-yə qədər hava nəqliyyatlarını zərərsizləşdirmək üçün kompleksi, 1 ədəd tankı, 1ədəd piyadanın döyüş maşını və 1 ədəd topu var idi. Oktyabrın 2-dən 3-nə keçən gecə gərgin döyüşdən sonra həmin yüksəkliyi nəzarətimizə keçirə bildik. Eyni qaydada, düşmən burada da xeyli itki verdi, bəziləri qaçıb digər yüksəkliklərə pənah apardı.

Düşmən bu yüksəkliyin azad edilməsi ilə barışmaq istəmirdi. Yuxarı komandanlıqdan bizə məlumat gəldi ki, ermənilər böyük qüvvə toplayıb tutduğumuz yüksəkliyə sarı irəliləyir, biz təcili mövqeləri tərk edək. Bu bizim üçün ağır sınaq idi. Geri çəkilmək istəmirdik, ancaq irəliyə getmək düşüncəsi var idi. Biz tutduğumuz yüksəklikdən, təxminən, bir kilometr qarşıya irəliləmişdik, düşmən həmin postlara davamlı artilleriya zərbələri endirdi. Düşmənin bir xüsusiyyəti də odur ki, hansı dayaq nöqtələri nəzarətindən çıxırdısa, dərhal öz artilleriyası ilə həmin əraziləri məhv edirdi. Ərazilər alındıqca güc baxımından üstünlüyümüz artır, qənimətlər ələ keçirirdik”.

Dəstə beləcə davam edib on kilometr irəliləyib: “Sol tərəfimizdə Araz çayı, sağ tərəfimizdə Füzuli yerləşirdi. Araz ətrafında və Füzulidə də qızğın döyüşlər gedirdi. Biz koordinantları yuxarı komandanlığa göndərəndə onlar heyrət içində idilər. Çünki bizim geriyə çəkildiyimizi düşünürlərmiş. Tapşırıq verildi ki, arxanı gözləyək, hər tərəfimiz düşmənlə doludur, mühasirəyə düşə bilərik. Növbəti tapşırığa uyğun olaraq iki kilometr sağa – Füzuli istiqamətinə hərəkət edib digər bölmələrimizlə birləşərək irəliyə – Cəbrayıl istiqamətinə hərəkət etməliyik. Beləcə Cəbrayıl rayonunun Şeybəy, Quycaq və əlavə bir neçə kəndlərini düşməndən təmizlədik.

Bundan sonra bizim bölmə rayonun Qaratəpə yüksəkliyini azad etdi. O istiqamətdə daha bir neçə ərazini işğaldan azad etdik. Bundan sonra Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib düşməni topaqlarımızdan təmizlədik. Düşmən 30 il ərzində bütün mövqelərini gücləndirmişdi. Məsələn, Qaratəpə yüksəkliyində 5 snayper var idi. Adi halda hər mövqeyə 1 snayper yerləşdirilir. Qaratəpə uğrunda gedən döyüşdə 2 şəhid, 2 yaralımız oldu”.

Xüsusitəyinatlıların bayraq sancdığı Füzuli rayonunun Gorazılı kəndi düşmənin hərbi şəhərciyi olub. Buraya irəliləyərkən onların pusqusuna rast gəliblər: “Hərəkət nöqtəmizi müəyyən edə bilmişdilər. Kəndin köhnə müsəlman qəbiristanlığında 9 yaralımız oldu. Pusqu qurmuş düşmənin 14 əsgərini məhv etdik. Mən də orada yaralanmışdım. Füzuli rayon xəstəxanasına, oradan da Mingəçevir şəhər xəstəxanasına təxliyə olunaraq müalicə aldım. 11 günlük müharibədən sonra yenidən döyüş əməliyyatlarına qayıtdım”.

İgid gizir Xocalının Sığnaq kəndində böyük fədakarlıq göstərib. Bundan sonra növbəti hədəf Şuşanın azad edilməsi olub: “Ruh yüksəkliyi ilə şəhər istiqamətinə hərəkət etdik. Şuşa uğrunda gedən döyüşlər müharibənin taleyini həll etdi. Bu şəhər elə bir yerdə yerləşir ki, buraya tankla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Biz buranı hava zərbələri, top atəşləri ilə də azad edə bilərdik. Lakin şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacağından komandanlıq bu yolu seçmədi. Yüngül silahlarla meşələri, dərələri keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etmək, Şuşanı düşməndən təmizləmək tapşırığı aldıq. Yolboyu maneələrə rast gəldik. Lakin hədəf Şuşa olduğundan yubanmaq fikrimiz yox idi. Belə də oldu. Şuşa uğrunda gedən qızğın döyüşlər, demək olar ki, silahsız, əlbəyəxa idi. Şəhəri azad etdik. Şuşa şəhərində Duma binasının üzərində Azərbaycan bayrağını sancan, Şuşada ilk azanı verən mən oldum”.

Yaşar Hüseynov İkinci Qarabağ müharibəsindən əvvəl bir sıra əməliyyatlarda da iştirak edib. O, 2014-cü ilin avqustunda Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında ermənilər tərəfindən ağır yaralanıb. 2016-cı ilin 2–5 aprelində Ermənistanın növbəti təxribatı zamanı Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Talış istiqamətlərində gedən hərbi əməliyyatlarda fərqlənib. Aprel döyüşləri zamanı o, yaralı halda 6 erməni hərbçisini zərərsizləşdirib.

Yaşar Hüseynovun Vətən uğrunda döyüşlərdə xüsusi xidmətləri nəzərə alınaraq ona Prezident İlham Əliyevin sərəncamı ilə ən yüksək fərqlənmə dərəcəsi sayılan “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Müxtəlif illərdə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə” medallara, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat