Beynəlxalq hüquq mafiyasının anti-Azərbaycan fəaliyyəti

post-img

Ölkəmizə qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya amili

Dünən Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda konfrans keçirildi. Toplantıda “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edildi.

Konfransda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Siyasi sanksiyalarla bağlı lobbiçilik parlament diplomatiyasına və qanunyaradıcılıq missiyasına zidd hüququn siyasi alətə çevrilməsidir” məruzəsində vurğuladı ki, Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən Prezident İlham Əliyev geosiyasi inqilab etməklə, bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu. Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, ölkəmizi cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyaslı fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib. Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media və hüquq orqanlarının təhdidinə yeni institutlar, tərəfdaşlar və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin “hüquqları” ilə bağlı çoxsaylı qurumlar yaradılır. Beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlb edilməsi genişlənir, onlar rəhbər postlara gətirilir.

Sonra Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”sının sədri Ramid Namazov “COP29 – ölkəmizə yekdil dəstək beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun göstəricisi, erməni lobbisinin gücsüzlüyü kimi”, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Sanksiyalar hibrd müharibə aləti kimi. 30 illik işğal dövründə Ermənistana qarşı sanksiyalar nədən olmayıb?”, Milli Məclisin deputatı Mübariz Qurbanlı “902 düzəlişdən – İşğal edilmiş ölkədən qalib ölkəyə qədər: Zəfərimizdən sonrakı sanksiya fəallığının dinamikasına nəzər”, Milli Məclisin deputatı Rizvan Nəbiyev “COP-29. Azərbaycanın qlobal təşəbbüsü. “Yaşıl dünya naminə həmrəylik” qərəzli sanksiyalara cavab kimi” mövzularında məruzələrlə çıxış etdilər.

Natiqlər qeyd etdilər ki, Qarabağın işğaldan azad edilməsindən sonra qlobal erməni diasporunun revanşizm isterikası çoxsaylı istiqamətlərdə dəfələrlə güclənib. Ölkəmizin adını müxtəlif beynəlxalq insan hüquqları təşkilatlarında, ədalət və cinayət məhkəmələrində hallandırmaq, hesabat və reytinqlərdə neqativ təqdim etmək, parlamentlərdə qərəzli qətnamələr qəbul etdirmək cəhdlərinin sayı-hesabı yoxdur. Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar bir daha sübut edir ki, xüsusilə son illər beynəlxalq insan hüquqları təşkilatlarında, məhkəmə və ədliyyə qurumlarında, parlamentlərdə, QHT-lərdə ermənilərin həm rəhbərlik, həm də işçi heyətdə şəbəkələşməsi olduqca geniş, qlobal miqyas alıb.

Təqdim edilən kitabın müəllifi, STM İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova bildirdi ki, bu nəşrdə Azərbaycana qarşı sanksiya hazırlığı və suverenliyimizin tam təmin edilməsindən sonra qlobal erməniliyin hərəkətə keçməsi, eyni zamanda, hay diasporu və lobbisinin beynəlxalq insan hüquqları sahəsində təşkilatlara sızması, rəhbərlikdə və işçi heyətdə fəaliyyətini maskalamağa çalışanların aşkara çıxarılması və ifşası ilə bağlı faktlar ilk dəfə təqdim edilir.

Qeyd edək ki, Sosial Tədqiqat Mərkəzinin hazırladığı tədqiqat-kitabın əsas məqsədlərindən biri də Argentina–Fransa, frankofon və ispandilli ölkələrdə erməni diasporunun qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil fəaliyyət qurması, artıq “beynəlxalq hüquq mafiyası” adlana biləcək şəbəkənin çevik ifşa edilməsi, konkret şəxslərlə bağlı faktların təqdim edilməsidir.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat