Yaşa, çiçəklən, var ol, Bakı Universiteti
V.İ.Razumovski, BDU-nun ilk rektoru
Tarixdə xalqlar öz sayına görə yox, elm, təhsil, mədəni səviyyəsinə görə tanınır və yad olunur. Belə ki, qədim dövlətlər olan Misir, Yunanıstan, Hindistan, Çin və Mesopotamiya saysız-hesabsız müharibələrə görə yox, dünyaya verdikləri elmi kəşflərə görə tarixə düşmüşdür. Xalqı kütlə düşüncəsindən ayıran, cəmiyyətin fəal üzvünə çevirən, onu mübariz edən elm və təhsildir.
VII əsrin ortalarından başlayaraq Azərbaycanda İslam dini yayılmağa başladı və bu ərazidə yaşayan xalqların vahid etnos halında birləşməsinə təkan verdi. İslam dini təbliğ edirdi ki, elm Çində olsa belə, onun ardınca getmək lazımdır. IX əsrin II yarısından başlayaraq Azərbaycan hökmdarları maarif və elmin inkişafına xüsusi qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, möhtəşəm məscidlər ucaldır, mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və başqa şəhərlərində mükəmməl təhsil verən çox sayda məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə “Qurani-Kərim”lə yanaşı, müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilir, mədrəsələrdə dini biliklər, şəriətlə yanaşı, məntiq, Şərq dilləri və təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.
Avropada ilk universitetlər XI əsrdən təsis olunmağa başladı. Amma bu yol nə qədər şərəfli olsa da, onun uğurla başa çatdırılması çətin və üzücü olurdu. Belə ki, Orta əsrlər Avropasında kilsə hər şeyi öz təsiri altına almışdı. Din xadimlərinə belə gəlirdi ki, din adamları savad sahibi və hər şey haqqında hökm vermək iqtidarında olduqları üçün dünyəvi təhsilə ehtiyac yoxdur. Ona görə ayrı-ayrı adamların dünyəvi təhsillə bağlı çağırışları uğursuzluğa düçar olur, çox zaman aqibətləri tonqalda yandırmaqla başa çatırdı. Amma zaman öz sözünü deyirdi, dini hakimiyyət yavaş-yavaş zəifləyir, dünyəvi elmlər üçün yollar açılırdı. Buna ən bariz nümunə 1088-ci ildə İtaliyada Bolonya Universitetinin təsis edilməsi oldu. 1096-cı ildə Oksford, 1209-cu ildə Kembric, 1303-cü ildə Roma, 1348-ci ildə Praqa, 1365-ci ildə Vyana, 1453-cü ildə Barselona və İstanbul universitetləri fəaliyyətə başladığı halda, Şərq ölkələrində universitetlər Qərbdən bir neçə on illər öncə yaranıb.
Vaxtilə N.Tusinin Marağa şəhərində açdığı rəsədxana, Rəşidəddinin Təbrizdə təsis etdiyi "Dar-üş şəfa" (müalicə kompleksi), "Nizamiyyə" mədrəsəsi, Şah İsmayıl Xətainin Təbrizdəki kitabxanası xalqımızın ən böyük uğurları sırasında yer almışdır. Təbriz kitabxanasının yaradılmasının nəticəsi idi ki, bu saraya "Şərqin Rafaeli" adı ilə məşhurlaşmış, Nizami Gəncəvinin "Xəmsə”sinin əlyazmasına çəkilmiş miniatürləri ilə hazırda İstanbulun Topqapı və Londonun Britaniya muzeylərini bəzəyən Kəmaləddin Behzad kimi rəssamlar toplaşmışdı.
Nadir şahın ölümündən sonra Azərbaycanda yaranan müstəqil xanlıqların daim təhdid altında olması, həm xaricdən, həm də daxildəki təhlükələr elmin və təhsilin inkişafı üçün maneələr törədirdi. Xanlıqların əsas məqsədləri öz ərazilərini qorumaqdan ibarət olduğundan, çox təəssüflər olsun ki, Azərbaycanda rahat yaşamaq, müstəqil söz sahibi olmaq, öz dini dəyərlərinə etiqad etmək və ən nəhayət, bu torpağın sahibi kimi hökm vermək uzun çəkmədi.
XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına başlandı. Xanlıqların müstəqilliyinə son qoyan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Şimali və Cənubi Azərbaycan ifadələri meydana gəldi. Türkmənçay müqaviləsinin XV bəndi xalqımızın gələcək həyatı üçün faciələrin bünövrəsini qoydu: İran ərazisində yaşayan ermənilər istənilən vaxt Azərbaycan ərazisinə köçə bilər, Azərbaycanın istənilən torpağında yurd sala bilərdi və s. Çar Rusiyası gəlmə erməniləri açıq şəkildə və hər vasitə ilə himayə edirdi. Bu, azmış kimi, çar I Nikolay Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması haqqında fərman verdi.
Beləliklə, zorla işğal edilən Azərbaycan torpaqlarında özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu işğal dünyada mövcud olan portəgiz, ispan və ingilis işğalına bənzəmirdi. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də erməniyə dayaq durmaqla yerli müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan xalqa qarşı soyqırım siyasəti var idi.
Çar Rusiyası Azərbaycan xalqını öz mənəvi dəyərlərindən məhrum etmək üçün Şimali Azərbaycanı müsəlman qonşularından təcrid etməyə nail oldu. Albaniyanın keçmişi ilə bağlı tarixi abidələri məhv etdi və ya erməni idarəçiliyinə verdi. Hətta 1836-cı ildə Alban kilsəsini ləğv edərək, onun bütün səlahiyyətlərini erməni kilsəsinə verdi.
XIX əsrin 40-cı illərində çar Rusiyası tərəfindən həyata keçirilən inzibati islahatlar azərbaycanlıları çox şeydən məhrum etdi. Inzibati islahat adı altında mülkədar-bəylərin şəxsi torpaqları əllərindən alındı. Yerli xalq milli-mənəvi dəyərlərini həyata keçirərkən qadağalarla üzləşdi. Din adamlarının ən barışmaz zümrə olduğunu hiss edən çarizm Tiflisdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini təsis etdi. Ədalət naminə qeyd etmək lazımdır ki, bu idarə çarizm tərəfindən təşkil olunsa da, bütün fəaliyyəti dövründə öz xalqının maraqlarına zidd heç bir hərəkətə yol vermədi. Əksinə, milli-mənəvi dəyərlərimizi qorumaq üçün ziyalılarımızla əl-ələ verdi. Hətta bu idarənin bəzi din xadimləri çar üsul-idarəsinə etiraz olaraq istefa verməkdən belə çəkinmədilər.
XIX əsrin ortalarından başlayaraq Azərbaycan xalqının tarixində yeni bir istiqamət formalaşmağa başladı. Çarizmin işğalına qədər bütün əlaqələrini müsəlman ölkələri ilə quran Azərbaycan xalqı üzünü Rusiyaya çevirməyə məcbur edildi. Azərbaycanın yeni ziyalı nəsli yetişməyə başladı. Azərbaycan tarixşünaslığının banisi, maarifçi-demokratik istiqamətin ilk nümayəndəsi Abbasqulu ağa Bakıxanov çarizmə qarşı mübarizənin daha sivil yolunu seçdi. 1837-ci il Quba üsyanının təşkilatçılarından sayılan A.Bakıxanov bu hərəkatın uğur qazana bilməməsinə ancaq təəssüflənə bildi. Üsyan iştirakçılarının hamısı ağır cəzalandırıldı.
Xan ailəsindən çıxan, işğal ağrılarını yaşayan və uğursuzluğun şahidi olan A.Bakıxanov azərbaycanlı əhalinin savadlanması üçün təhsil ocaqlarının – məktəblərin açılmasını vacib sayırdı. Hətta bu barədə ən yuxarı instansiyalara məktublarla müraciət etdi. A.Bakıxanov maarifçi-demokratik istiqamətin ilk qaranquşu idi.
A.Bakıxanov Quba kimi bir əyalət şəhərində elə bir kitabxana yaratmışdı ki, həmin mənbələr əsasında Şərq və Qərb tarixinə, fəlsəfə və coğrafiyaya, məntiq və əxlaqa dair qiymətli əsərlər qələmə almışdır.
A.Bakıxanovun son dərəcə zəngin və qiymətli kitabxanası olduğunu bilən Qafqaz canişini Vorontsov-Daşkov onun ölüm xəbərini aldıqdan bir neçə gün sonra gənc şərqşünas N.Xanıkovu həmin kitabların siyahısını tutmaq və onların satınalma şərtlərini öyrənmək üçün təcili Qubaya göndərdi. Sonralar həmin kitabxananın mühüm bir hissəsi Peterburq Universitetinə bağışlandı.
A.Bakıxanovun maarifçi missiyası M.Kazımbəy, M.F.Axundzadə, M.Ş.Vazeh, M.C.Topçubaşov və başqaları tərəfindən uğurla davam etdirildi. Yeri gəlmişkən bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Mirzə Fətəlinin Azərbaycan ədəbi, ictimai-siyasi mühitində xidmətləri danılmazdır. Sovet dönəmində başqaları kimi Mirzə Fətəli də daha çox ateist yazar kimi təbliğ olunurdu. Bəlkə də bu təbliğatın nəticəsi idi ki, 90-cı illərin əvvəllərində yenidən müstəqilliyimizə qovuşan ərəfədə milli-mənəvi dəyərlərimizə sahib çıxarkən Mirzə Fətəliyə münasibət bir qədər soyudu. Mirzə Fətəli sevilməlidir, ən azı ona görə ki, 1813-cü ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra xalqımızın tarixi ilə bağlı yazılan və Tiflisə göndərilən bütün sənədlər onun tərəfindən rus dilinə tərcümə olunaraq arxivdə saxlanıldı. Mirzə Fətəli ömrünün son aylarına kimi bu sənədlərin tərcüməsi ilə məşğul olmuş və bizim üçün saysız-hesabsız və qiyməti heç nə ilə ölçülməyən irs qoymuşdur.
Mirzə Fətəli ilə davam olunan yola milli-demokratik istiqamətin ilk qaranquşlarından olan Həsən bəy Zərdabi qoşuldu. Həsən bəy bütün ömrünü millətin təhsilinə həsr etdi. Hətta öz evində məktəb açdı, şagirdlərin kitablarını da, müəllimlərin məvacibini də öz cibindən ödəməli oldu. Xalqına xidmət baxımından Həsən bəy zirvədir.
Həsən bəyin həyat yoldaşı Hənifə xanım bu barədə sonralar öz xatirələrində yazırdı: "Moskva Dövlət Universitetinin rektoru, görkəmli rus tarixçisi A.Solovyov Şərqlə, xüsusən də İslamla çox maraqlanırdı. Onun ailəsində Həsən bəyin Qafqaz, bu diyarın adət-ənənələri, əxlaqı barəsindəki söhbətlərinə böyük maraqla qulaq asırdılar. A.Solovyov tez-tez Həsən bəyin İslamla bağlı məsələlərə dair izahatlarını dinləyir, eşitdiklərinin çoxunu qeyd edirdi. Daim Solovyovların evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin Həsən bəy yaxşı bilirdi ki, əgər o, ali təhsil almış ilk müsəlman xristian qızı ilə evlənsə, xalq həm özündən, həm də xanımından birdəfəlik üz döndərər. Ona görə də Həsən bəy ürəkdən sevdiyi qızla nikaha girməkdən imtina etdi və təhsilini başa vuran kimi doğma xalqına xidmət üçün Vətənə qayıtdı".
Sovet rejimi dindar Həsən bəyi gözdən salmaq, onun böyüklüyünü gizlətmək üçün onu bizə yalnız "Əkinçi"nin naşiri kimi təqdim etdi. Amma gün kimi aydındır ki, 56 sayı işıq üzü görən "Əkinçi" Həsənbəyin fəaliyyətinin yalnız iki ilini təşkil edir.
"Əkinçi" sözünün altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı gizlənirdi. Azərbaycan kəndlisini daha yaxşı, çağdaş üsullar əsasında daha səmərəli işləməyə öyrətmək yox, həm də onun ürəyinə, şüuruna maarif toxumu səpmək lazım idi.
Uzun illər boyu bir-birinə böyük hörmətlə yanaşan yaşlı Mirzə Fətəli ilə gənc Həsən bəy arasında təhsillə bağlı bir fikir ayrılığı var idi. Mirzə Fətəli rus-tatar məktəbi, Həsən bəy isə türk-tatar məktəbinin tərəfdarı idi. Son nəticədə isə hər iki maarifçi xalqın savadlanması üçün əlindən gələni etdi.
Avropada təhsil missiyasını milli burjuaziya öz üzərinə götürmüşdü. Orta əsrlərdə sexlər yaradan, sonradan sexləri manufakturalara çevirən bu bacarıqlı insanlar bir neçə əsr sonra zavod və fabrik sahibi oldular. Elm və təhsilin cəmiyyətin həyatında oynadığı rolu dərk edən varlı şəhər əhalisi – burjuaziya təhsilə böyük önəm verərək, bu sahədə ciddi addımlar atdi, hakimiyyətə gəlmək üçün burjua inqilablarını həyata keçirdi. Beləliklə, Avropada elm və təhsilin başında mili burjuaziya dayanmalı oldu. Bunu Azərbaycanın milli burjuaziyası haqqında demək çətindir. Çünki bu bərəkətli torpağın sahibi yerli xalq yox, rus çarizmi idi.
XX əsrin əvvəllərindən başlayaraq “hümmətçilik düşüncələri”ndən millətçiliyə qədəm qoyan milli ziyalılarımız ağır bir yükün altına girdilər. Bu işdə milli burjuaziya milli ziyalılara yaxından dəstək oldu. Milli burjuaziya var-dövləti ilə, milli ziyalılarımız isə milli düşüncələri ilə azərbaycançılıq məfkurəsinin yaradılmasına başladılar. XX əsrin əvvəllərində xalqı qəflət və cəhalətdən qurtarmağı əsas vəzifə kimi qarşılarına məqsəd qoyan milli demokratik düşüncəli ziyalılarımız milli burjuaziyanın yaxından iştirakı ilə milli ruhu təbliğ edən qəzet, jurnal, müxtəlif xeyriyyə və mədəni-maarif cəmiyyətlərinin yaradılmasına nail oldular. Bu tədbirlərin mərkəzində xalqı savadlandırmaq, maarifləndirmək, milli dildə məktəblər açmaq dururdu.
Gəncənin vətənpərvər ziyalılarından olan Ələkbər bəy Rəfibəyli yazırdı: “Nə qədər ki, milli məktəb yoxdur, milli tərbiyə də olmayacaqdır”. Gəncədə milli məktəbin açılmasına təkid edən Ələkbər bəy Rəfibəyliyə çar üsul-idarəsinin rəsmiləri belə cavab verdilər: “Qoy, sizin çocuqlar rus məktəblərində Quranı rus dilində oxusunlar, sonra da sizə axundluq, mollalıq və yaxud da əfəndilik etsinlər”. 100 il ərzində Azərbaycan xalqı təhsillə bağlı çar idarələrindən buna oxşar cavablar alırdılar.
Bir əsrdən çox Cənubi Qafqazı işğal altında saxlayan çarizm süqut edənə qədər burada ali məktəb açmadı. Bu çarizmin müstəmləkəçilik, qeyri-rus xalqlarına zülm etmək və onları mənəvi əsarətdə saxlamaq siyasətinin biləvasitə təzahürü idi.
Hələ XIX əsrin 70-ci illərindən başlayaraq Qafqazın siyasi mərkəzi Tiflisdən Sankt-Peterburqa universitet açılması ilə bağlı xahişnamələr göndərilirdi. Kiyev və Varşavada ilk politexnikumlar açıldıqdan sonra bu istiqamətdə məktubların sayı artdı. Əslində, çarizm bu məsələyə etiraz etmədiyi kimi, razılığını da dilə gətirmirdi. Beləliklə, bu məsələ illərlə uzandı. XX əsrin əvvəllərində Rusiyanın Dövlət Dumasında azərbaycanlı, gürcü və erməni deputatlarının birgə qərar verdiyi məsələlərdən biri də Qafqazda universitetin təşkili ilə bağlı idi. Çox təəssüflər olsun ki, Rusiya Dövlət Duması Qafqazdan olan deputatların bu tələbini qulaqardına vurdu. Ədalət naminə qeyd etmək lazımdır ki, Qafqazda universitetin təşkilinə icazə verilməsinə nail olmaq üçün milli demokratik ziyalılarımızla yanaşı, Azərbaycanın milli burjuaziyası da böyük fəallıq göstərirdi. Hətta, bu ali məktəb Tiflisdə açılsaydı belə, milli burjuaziyamız ona hərtərəfli maddi yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.
1914-cü ildə I Dünya müharibəsi başladı. Çar Rusiyası Fransa və İngiltərə ilə müttəfiq olaraq Almaniya bloku ilə vuruşurdu. Osmanlı Türkiyəsi də Almaniya tərəfdən bu müharibəyə qoşuldu. Uzun sürən müharibə Rusiyanı çökdürdü və 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiya əsarətindən qurtulmaq üçün xalqlar yollar arayırdı. Bu mücadilədə ilk qurtulan, müstəqilliyə qovuşan polyaklar və finlər oldular. Azərbaycanın milli düşüncəli ziyalıları Əl bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsini cızdılar. Bu yolda kifayət qədər çətinliklər vardı. Gah tatar, gah dağıstanlı, gah müsəlman, gah türk, gah da müxtəlif adlar altında milli-dini zülmə məruz qalan Azərbaycan xalqı istiqlala qovuşmaq üçün fürsəti əldən vermək istəmirdi.
Bədnam qonşumuz da dinc dayanmırdı, Azərbaycan torpaqları hesabına qondarma "böyük erməni dövlət”yaratmaq xülyasını reallaşdırmağa çalışırdı. Bu işdə ona həm Qərb dövlətləri, həm də Rusiya kömək edirdi. Azərbaycan xalqını öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə Bakı Soveti qurumu yaradıldı. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq müsəlmanın həyatına son qoydu. Şamaxı qəzasında 16 min, Quba qəzasında 16 min, Qərbi Azərbaycanda on minlərlə, Zəngəzurda 10 min, Cənubi Azərbaycanda 80 min günahsiz insan soyqırıma məruz qaldı. 100 minlərlə müsəlman qaçqın və köçkün vəziyyətinə salındı. Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi. Azərbaycanın demokratik ziyalıları yüz il əsarətdə olduğu Rusiyadan əlini üzərək ümidini Osmanlıya bağladılar.
Beləliklə, 1918-ci ilin mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Hökumət iyunun 17-də Gəncəyə, sentyabrın 15-də isə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Qüvvələrinin köməyi ilə Bakı şəhərinə köçdü. Milli hökumət ilk gündən xalqın maariflənməsini ön plana çəkdi. Hökumətin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı verdiyi qərar oldu. Təhsil sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi idi. Hökumətin qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Hökumətin xüsusi qərarı ilə Xalq Maarif Nazirliyində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə şöbələr yaradıldı. Ölkənin hər yerində müxtəlif pillələrdən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları və kitabxanalar açılmağa başladı.
Hələ 1917-ci ildə Romanovlar sülaləsinin devrilməsindən sonra Müvəqqəti hökumət keçmiş imperiyanı, o cümlədən Cənubi Qafqazı əlində saxlamaq üçün Tiflis Şəhər Dumasına göndərdiyi şifrəli teleqramda Tiflisdə Rus Universitetinin təşkili üçün təcili surətdə layihə və smeta tərtib olunmasını təklif etmişdi. Bu məqsədlə Tiflis ali qadın kurslarının professorlarından ibarət komissiya yaradıldı. I dünya müharibəsi ilə bağlı Qafqaz ordusunun baş cərrahı təyin olunmuş V.Razumovskiyə ali qadın kurslarının tibb fakültəsi üçün layihə hazırlamaq tapşırıldı. İşin öhdəsindən uğurla gələn V.Razumovski universitet komissiyasının sədri təyin edildi. Beləliklə, V.Razumovskinin başçılıq etdiyi komissiya universitetin layihə və smetasını hazırlayıb, Zaqafqaziya Komissarlığının müzakirəsinə verilməsi üçün Xalq maarif naziri Fətəli xan Xoyski ilə görüşdü.
Universitetin layihə və smetası hazırlanan dövrdə Cənubi Qafqazın siyasi həyatında mühüm dəyişikliklər baş verdi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər. Müvəqqəti hökumət devrildi. Müvəqqəti hökumətin devrilməsinə etiraz olaraq Zaqafqaziya Komissarlığı Rusiyadan ayrıldığını elan etdi. Belə bir vaxtda Maarif naziri F.X.Xoyski universitetin Bakıda açılmasını Komissiya sədrinə təklif etdi. Siyasi hadisələr bir-birini sürətlə əvəz etməyə başladı. Zaqafqaziya Komissarlığı istefa verdi, onu Zaqafqaziya Seymi əvəz etdi.
1918-ci il mayın 26-da gürcü deputatları Zaqafqaziya Seymindən çıxaraq Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci ilin iyulunda Tiflisdə V.Razumovskinin rektor seçildiyi və tədrisin rus dilində aparılması nəzərdə tutulan Zaqafqaziya Universiteti açıldı. Əslində, bu ali məktəb üç xalqın maraqlarını təmin edə bilən təhsil qurumu kimi nəzərdə tutulmuşdu. Eyni zamanda, ali məktəbin maliyyə xərclərini də bu üç respublika ödəməli idi. Tarixi Azərbaycan torpaqlarında erməni dövlətini təşkil edən Ararat Respublikası Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, eyni zamanda, Ermənistanla Gürcüstan arasında Borçalı torpaqları üstündə müharibə yaşanırdı. Ermənistan Zaqafqaziya Universitetinə maliyyə yardımı göstərməkdən imtina etdi. 1918-ci ilin fevralında yaradılan Tiflis Universiteti həmin ilin sentyabrında Tiflis Dövlət Universitetinə çevrildi. (Tiflis Universitetinin ilk rektoru, gürcü tarixçisi İvane Cavaxişvili olmuşdur. Bu Universitet hazırda onun adını daşıyır). Beləliklə, gürcü dilində tədrisə başlayan Tiflis Universiteti ilə rəqabət aparmaqda çətinlik çəkən rusdilli Zaqafqaziya Universiteti ya fəaliyyətini dayandırmalı, ya da başqa şəhərə köçürülməli idi.
(ardı var)
Anar İSGƏNDƏROV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor