Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin və COP29 sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırdı: “Son illər Azərbaycan STEAM təhsili mərhələli şəkildə həm ümumi orta, həm də ali təhsilin bir hissəsinə çevrilməkdədir. 250 min şagird müxtəlif səviyyələrdə STEAM siniflərinə cəlb olunub. Festival isə şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı fikirlər formalaşdıracaq. İlk dəfə burada ənənəvi kateqoriyalarla yanaşı, şagirdlər iqlim dəyişikliyi ilə bağlı dayanıqlı həll yollarının tapılması, planetimizin qorunması kimi mövzularda bilik və bacarıqlarını nümayiş etdirəcəklər”.
BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, deputat Nigar Arpadarai bildirdi ki, COP29 ərəfəsində keçirilən bu festival çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət daşıyır: “COP29 sədrliyi olaraq 14 təşəbbüs irəli sürmüşük. Bu sırada təhsillə bağlı “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü” xüsusi yer tutur”.
“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına məlumat verdi ki, builki festivalın final mərhələsinə, ümumilikdə, 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Festival çərçivəsində 9 kateqoriya üzrə sərgi və yarışlar təşkil olunacaq. Bunlar “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.
Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edildi, iştirakçı komandaların təqdimatı oldu. Açılış mərasimi bədii hissə ilə yekunlaşdı.
Xatırladaq ki, 4 il əvvəlki festivalda yalnız öz ölkəmizdən şagird və tələbələr iştirak edirdisə, artıq çoxsaylı ölkənin şagirdləri bu bayrama qatılıb. Müxtəlif ölkələrin təcrübələri öyrənilir və onlar milli kurikuluma adaptasiya olunaraq, məktəblərdə dərsdənkənar fəaliyyət kimi tədris olunur. Bununla yanaşı, Azərbaycan bir sıra ölkələrdə STEAM tədrisinin qurulmasına da dəstək göstərir.
Rizvan FİKRƏTOĞLU
XQ