Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupu Füzulidən sonra Şuşaya səfər edib.
Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib.
Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə də tanış olublar. Həmçinin səyyahlar Şuşa həbsxanasına baş çəkiblər. Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020–2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir.
***
Səyyah qrupu Şuşadan sonra Ağdamı da ziyarət edib. Şəhərdəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib.
Xarici səyyahlar sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub.
XQ