Biri sənsən, biri biz...

post-img

Əhsən Dadaşov – 100

Milli musiqi irsimiz zəngin Azərbaycan mədəniyyətində özünəməxsusluğu və orijinallığı ilə önəmli yer tutur. Bu möhtəşəm mənəvi mirasın yaşadılmasında, təbliğində və gələcək nəsillərə çatdırılmasında xidmətləri olan yaradıcı şəxsiyyətlərdən biri də ustad tarzən, ansambl rəhbəri, unudulmaz bəstələrin müəllifi və müşayiətçisi, Əməkdar artist Əhsən Dadaşovdur. Azərbaycan tar ifaçılığı sənətində özünəxas yaradıcı “mizrabı” ilə tanınan tarzən özündən sonrakı nəsillərə böyük mədəni irs bəxş edib.

Əhsən Dadaşovun tərcümeyi-halı ilə tanış olanda, o, güclü ruha malik, taleyin sərt zərbələrinə baxmayaraq yoluna əzmlə davam etməyə qadir bir şəxsiyyət kimi qarşımıza çıxır. Stalin repressiyası onun da ailəsindən yan keçməyib. “Qırmızı terror”un günahsız qurbanlarından biri də atası Əliabbas kişi olub. O vaxt Əhsənin 13 yaşı var idi. Amansız dönəmin çətinliklərinin üst-üstə gəldiyi bir vaxtda ruhdan düşməməyə çalışan, totalitar rejimin hətta, tanınmış qələm sahiblərini belə “Oxuma tar, oxuma tar…” yazmağa məcbur etdiyi illərdə musiqi sənətinə – tar ifaçılığına qarşısı-

alınmaz meyli ilə diqqət çəkən Əhsən Dadaşov ruhundakı pozitivliyi və ümidi qoruyaraq uzun və çətin yola çıxıb. Bu, ecazkar Azərbaycan musiqisini öz ruhundan keçirib bütün qəlbi ilə yaşamaq və yaşatmaq yolu idi. Əhsən Dadaşov tara sarılıb unudulmaz “Şur”unu ifa edərkən yolu üzərində indi dillər əzbəri olan məşhur kəlmə ilə – “Əhsən sənə, Əhsən!”lə onu alqışlayan dahi Üzeyir Hacıbəyov, “müəlliminə bənzəmə, özün ol” söyləyən Ənvər Mənsurov, “Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma tarzən pasportunu çoxdan alıb” deyən Səid Rüstəmov kimi ustadlar dayanmışdılar...

Valideynləri onu həkim görmək arzusunda idilər, o isə qəlbinin səsi ilə musiqiyə sarı gedib. Şübhəsiz ki, Əhsən Dadaşov hansı sahəyə üz tutsaydı, öz fitri istedadı ilə öndə gedə bilərdi, amma o zaman Azərbaycanın musiqi tarixi bir Əhsəndən məhrum olardı. Məhz bu fitri istedadına görə yaşının azlığına baxmayaraq – hələ 16 yaşında ikən o, Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işə qəbul olunub.

Əhsən Dadaşovun güclü ruhu haqqında danışanda onun həyatda aldığı zərbələr qarşısında mətin duruşundan söz açdıq. Vücudu qara qəpiyə dəyməyən şəxslərin yeniyetmə Əhsənin atasını Sibirə – gedər-gəlməzə göndərmələri az imiş kimi, yetkinlik dövründə də azyaşlı oğlunu itirmək dərdi böyük sənətkarın ruhən sarsılmasına səbəb olub. Bəlkə də bütün bu ağrıları, dərdləri üzündə təbəssüm olsa da, daxilində ağır yük kimi daşıdığına görə həyatının və yaradıcılığının ən məhsuldar çağında – 52 yaşında əcəl amansız xəstəlik cildində onu yaxalaya bilib. Təsəlli isə budur ki, cismən bu dünyadan ayrılsa da, gələcək nəsillərə zəngin orijinal musiqi irsi və melodik bir “Xatirə”si qalıb…

Əhsəndən “Xatirə”

Əhsən Dadaşovun milli musiqi tariximizdəki əvəzsiz xidmətlərindən biri də 1960-cı illərdə “Xatirə” xalq çalğı alətləri ansamblını yaradaraq onu öz orijinal üslubu ilə inkişaf etdirməsidir. Azərbaycan Milli Konservatoriyasının dosenti, tarzən-pedaqoq Mahmud Əliyev “Konservatoriya” elmi jurnalında dərc olunan “Azərbaycan xalq çalğı alətləri ansamblının inkişafında Əhməd Bakıxanov və Əhsən Dadaşovun rolu” sərlövhəli məqaləsində yazır: “Əhsən Dadaşov özündən əvvəlki və müasiri olan ustad sənətkarların üslubuna, ənənəsinə hörmətlə yanaşan, bununla belə öz yolunu, dəst-xəttini yaradan musiqiçi idi. Özünəməxsus fərdi ifaçılıq xüsusiyyətlərinə malik sənətkarın orijinal üslubu ansambla da yansımışdı. Onun müraciət etdiyi istənilən musiqidə bütövlük, tamlıq, möhtəşəmlik, ifaçılıq nizamı hakim olurdu. Əhsən Dadaşovun musiqisi bütün gözəlliyi, dərinliyi, füsunkarlığı, ehtişam və əzəməti ilə Azərbaycan xalqına məxsus idi. Ansambl da məhz bu cəhətləri özündə cəmləşdirmişdi.

Onun bədii rəhbər, konsertmeyster kimi böyük xidmətlərindən biri də Azərbaycan xalq çalğı alətlərinin hər birinin özünə xas olan keyfiyyətlərini, imkanlarını yeni baxış bucağında müəyyənləşdirməsində idi. O, ansambla orijinallıq, yeni vüsət gətirmək, onun repertuarını mütəmadi təzələmək, klassik irsə sadiq qalmaq, qədim ifaçılıq ənənələrinin ən yaxşı cəhətlərini qoruyub saxlamaq, onları yeni tərzdə, yeni biçimdə dinləyicilərə çatdırmaq üçün daim axtarışlar aparmış və buna nail olmuşdur. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın tərkibi də əsasən, milli xalq çalğı alətləri ilə komplektləşdirilmişdi. Tar, kamança, ud, saz, nağara ilə yanaşı, Orta Asiya musiqi alətlərindən bas dütar, Avropa musiqi alətlərindən fortepiano və qaboyu əlavə etməklə ahəngdarlıq, intonasiya və tembr, ritm zənginliyi yaratmışdı”.

Milli musiqimizin tarixinə və nəzəriyyəsinə yaxşı bələd olan mütəxəssisdən gətirdiyimiz bu iqtibas, zənnimizcə, görkəmli tarzənin ansambl rəhbəri kimi xidmətlərini ümumiləşdirən ən dəyərli fikirlərdəndir.

Əhsən Dadaşov ansamblında bəstəkar mahnılarına geniş yer verirdi. Azərbaycan milli ifaçılıq sənətinin Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qədir Rüstəmov və daha neçə-neçə korifeyi Əhsən Dadaşovun peşəkar ansamblının müşayiəti ilə ilhamlanaraq özlərinin ən gözəl, unudulmaz nəğmələrini ifa ediblər. Bununla da, Əhsən Dadaşov bir çox mahir ifaçı və xanəndənin sənət taleyinə unudulmaz mizrabı ilə, necə deyərlər, öz imzasını atmış, onların şöhrət zirvəsini fəth etməsində müşayiətçi olmuşdu.

Onun böyük sevgi və zəhmətlə yaradıb ərsəyə gətirdiyi “Xatirə” ansamblı adları sadalanan sənətkarların irsi kimi özündən sonra Azərbaycan xalqına bəxş etdiyi əziz xatirə olmaqla yanaşı, həm də dəyərini onillərlə itirməyən mənəvi xəzinədir.

Yenilikçi tarzən

Uzun illərin gərgin zəhməti ilə istedadın birgə vəhdəti sayəsində Əhsən Dadaşovun timsalında Azərbaycan musiqi tarixi ustad tarzən, peşəkar müşayiətçi, mahir orkestr ifaçısı, tələbkar, eyni zamanda, qayğıkeş ansambl rəhbəri, poetik ruhlu bir bəstəkar və tələbələrinə şəfqətlə yanaşan bir müəllim qazanır. Əhsən Dadaşovun rəhbərlik etdiyi “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiət etdiyi “Şur”, “Rast”, “Zabul-Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Vilayəti-Dilkəş” kimi muğam dəstgahları bu gün də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “qızıl fond”unda qorunmaqdadır. Bütün bu ifalarda Əhsən Dadaşov həmişə özünü təkrarolunmaz improvizator kimi göstərib. Müasirlərinin də bildirdikləri kimi, o, ifalara könlündən, ruhundan qopub gələn yeni nüansları, xalları, rəngləri, çalarları da qatardı. Təsadüfi deyil ki, müasirləri olan peşəkar musiqişünaslar da məqalələrində onu “poetik ilhamlı tarzən” kimi xarakterizə edirlər. Çünki Əhsən Dadaşov qəliblərə sığa bilən, şablonlar çərçivəsində hərəkət edən sənətkar deyildi. Onun ilhamının da, vəcdinin də, istedadının da, musiqiyə olan məhəbbətinin də sərhədləri sonsuz idi…

“Bir pərdənin iki səsi”

Yaradıcılığı haqqında söz düşəndə ilk olaraq ustad tarzən və ansambl rəhbəri kimi xatırlanan Əhsən Dadaşov həm də unudulmaz bəstələrin müəllifidir. Bu bəstələrin bəziləri o qədər məşhurdur ki, indi də dillərdə dolaşır, ancaq dinləyənlər bu mahnıların bəstəkarının kim olduğundan xəbərdar deyillər. Bunun bir səbəbi də Əhsən Dadaşovun öz təbiəti etibarilə təvazökar və sadə insan olmasında idi.

Sənətşünaslıq elmləri doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadənin yazdığına görə, Əhsən Dadaşov gözəl avazlı, ürəyəyatımlı səsə malik imiş: “Teleradionun səsyazma studiyasında Əhsən Dadaşov “Gəl barışalım” mahnısını royalda ifa edib və ansamblın müşayiəti ilə oxuyarkən səs rejissoru, bəstəkar Adil Bəbirov heç kəsin xəbəri olmadan lentə almışdı. Həmin ifa indi də fonotekada qorunur”.

Əhsənsevərlər onun bəstəkarlıq yaradıcılığına yaxşı bələddirlər. Şəxsən mən Əhsən Dadaşovun müəllifi olduğu “Hümayun” rənginə, Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi məşhur “Biri sənsən, biri mən” və Bəhram Nəsibovun mətni əsasında bəstələdiyi “Peyman etdik” mahnılarına vurğunam. Təbii ki, Əhsən Dadaşovun bəstəkarlıq fəaliyyəti bu məhdud subyektiv seçimlərlə kifayətlənmir. O, onlarca belə mahnı, rəng və melodiyanın bəstə müəllifidir. Lakin adını çəkdiyim və İslam Rzayevin bənzərsiz ifasında sevə-sevə dinlədiyim bu mahnılar lirik tərzinə, ifaçılıq üslubuna görə, insan ruhuna toxunmaq baxımından ən sevdiyim mahnılar siyahısına daxildir. Əhsən Dadaşovun bəstələri haqqında araşdırma apararkən “Biri sənsən, biri mən” nəğməsinin şəhid generalımız Polad Həşimovun ən sevdiyi mahnı olduğunu öyrəndim. Bu məlumat məni həqiqi sənətin gücü ilə gerçək qəhrəmanlığın birləşdiyi o ali nöqtədə riqqətə gətirərək çox kövrəltdi…

Qoşa simin titrəməsi,
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi,
Biri sənsən, biri mən…

Bu məlumat həm də Azərbaycan və azərbaycanlı olmağın iki fərqli qütbünü göstərən, hər ikisinin öz sahəsinin unudulmaz generalı olduğu həqiqəti kimi simvolik bir xatırlatma olaraq sanki qarşıma çıxmışdı…

Cəmi 52 il ömür sürüb bu dünyadan silinməz izlərlə keçib gedən Əhsən Dadaşovun bu il 100 illiyi tamam olur. Xalqımızın dua boxçasında “Yüz yaşayasan!” alqışı var. Fiziki ömründən daha artıq mənəvi olaraq xalqının yaddaşında sevgiylə “yüz yaşamaq” da ancaq millətinin mədəniyyətinə xidmət göstərən yaradıcı şəxsiyyətlərə nəsib olan səadətdir. Əminik ki, musiqi zövqümüzü cilalayaraq gözəlləşdirən, xəlqiliyə söykənərək mədəniyyət tariximizdə özünəməxsus iz salan Əhsən Dadaşovun sevdiyim “Peyman etdik” mahnısında deyildiyi kimi, qədirbilən xalqımız bundan sonra da “vəfa-etibar” deyərək, onu yaddaşında zaman-zaman yaşatmaqda və sevməkdə davam edəcək…

Səxavət HƏMİD
XQ


Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.

Mədəniyyət