Sumqayıt – 75
Sumqayıt Azərbaycan coğrafiyasının gözəl, boy-buxunlu “övladı”, Cənubi Qafqazın 2-ci böyük sənaye şəhəridir. Geniş, işıqlı küçə və prospektləri, üzə gülən park və xiyabanları, “göydələn” binaları, abidələri ilə sahilində qərar tutduğu qocaman Xəzərin aynasında güzgülənir.
Bir vaxtlar arzu qanadlarında gəlib buranı yurd-yuva seçənlərin, qoynunda doğulub boya-başa çatanların taleh şəhəridir Sumqayıt. İlk quruculuq illərində fəhlə şəhəri kimi tanınırdı. İndi isə böyük ziyalı ordusu, mədəniyyət və incəsənət adamları ilə də öyünür. Sumqayıtın öz universiteti, dövlət teatrı, “Poeziya evi” də var.
Şəhərin 75 illiyi ərəfəsində növbəti yazıma mənim üçün də doğma ünvan olan “Poeziya evi”ndən başlamaq istədim. Heydər Əliyev Parkında gözəl bir binadır. Əvvəl başqa məqsədlə tikilmişdi, amma icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərə rəhbər təyin olunandan az sonra buranı söz-sənət adamlarının ixtiyarına vermək təşəbbüsündə bulunub. Ona qədər Poeziya klubu kimi şəraitsiz yerlərdə fəaliyyət göstərirdi. Bildiyim qədərincə, Qazaxın Yuxarı Salahlı kəndindən və Şabran şəhərindən sonra Sumqayıt özünün ayrıca “Poeziya evi” olan 3-cü ünvandır. Buranı həm də ona görə seçdim ki, yubilyar şəhərlə bağlı duyğu və düşüncələrini kimsənin söz adamlarından daha yaxşı, daha obrazlı ifadə edə biləcəyinə inanmadım. Axı hər zaman məhz onlar əziz şəhərin yüksəlişini ürəkdən vəsf ediblər, bədii salnaməsini yaradıblar.
Əvvəlcə eyni binada yaşadığım, tanınmış qələm adamı, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli ilə görüşərək, mənimlə birlikdə yazarların “qərargah”ına getməsini xahiş etdim. Məmnuniyyətlə razı oldu. Yolboyu xatirələrini danışdı, 86 illik ömrünün üçdə-ikisini yaşadığı şəhərə qəlbən necə bağlılığını şairanə tərzdə əsaslandırdı, buranın ədəbi mühitinin ilk dövrlərini yada saldı.
“Poeziya evi”ndə bizi oranın direktoru, AYB-nin poeziya bölməsinin rəhbəri şair İbrahim İlyaslı qarşıladı. Əşrəf müəllim məhz onun səyləri ilə estetik görünüş qazanan, klassiklərin portretləri ilə bəzədilən saraya göz gəzdirib sözünə davam elədi:
– Sumqayıtın dünəni də, bugünü də mənim üçün əzizdir. Birində gəncliyimin şaqraq illəri, o birində isə qocalığımın xoş bəhrəli çağları... Sumqayıtda həmişə diqqət çəkən, qaynar bir ədəbi mühit olub. Əli Kərimi, Vaqif İbrahimi, Feyzi Mustafayevi, Ağəddin Mansurzadəni, Xasay Cahangirovu və digərlərini heç cür unuda bilmirəm. Qulam Feyzullayevin, Söhrab Abdullayevin də burada ədəbi mühitin formalaşmasında böyük əməkləri olub. O zamanlar mən “Sumqayıt” qəzeti nəzdində bədii şuranın sədri və poeziya klubunun direktoru idim. Mədəniyyət evlərində ədəbi birliklər, dərnəklər vardı. İndi isə, maşallah, belə gözəl, möhtəşəm “Poeziya evi”, AYB-nin şəhər bölməsi var və estafet uğurla davam edir. Sumqayıt ədəbi mühiti şəhər rəhbərliyinin diqqətindən kənarda deyil. Sözə, nəğməyə, bayatıya, nağıla büküb əzizlədiyimiz Sumqayıta həsr etdiyim şeirdən bir bənd deyim:
Yaranışdan o mənim könlümə ilham verib,
Qoynu coşub daşmalı, çağlamalı şəhərdir.
Otuna sığal çəkib, gülünə salam verib,
Hər gün halını sorub, yoxlamalı şəhərdir.
Sumqayıt ədəbi cameəsində güvəndiyim və bəyəndiyim imzalar çoxdur. Rafiq Yusifoğlu, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Məmməd İlqar, Zirəddin Qafarlı, Varis, Eyruz Məmmədov, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin, Hümbət Həsənoğlu, Nadir Azayoğlu, Xatirə Fərəcli, Rafiq Oday, Nazilə Gültac, Əyyub Qiyas, Ehtiram İlham, Lilpar Cəmşidqızı və başqalarının adlarını çəkə bilərəm. İnanıram ki, onlar doğma şəhərin 75 illiyinə də əliboş gəlmirlər.
Vaxtilə Nəbi Xəzri, Əhməd Cəmil, Zeynal Cabbarzadə, Hafiz Baxış, Vaqif İbrahim Sumqayıtın şəninə gözəl poetik nümunələr yaradıblar. Əvvəlcə gənclik şəhərində romantik peşə sayılan tramvay sürücüsü olmuş, sonra tanınmış istedadlı şair-jurnalist Tofiq Məmməd yazıb:
Məndən hünər istə, məndən iş istə,
Gör nələr, gör nələr yaratmışam mən.
Sumqayıt böyüyüb əllərim üstə,
Onunla birlikdə boy atmışam mən.
Fərəhlidir ki, Sumqayıtın yubileyləri ərəfəsində həmişə “Ən yaxşı şeir və hekayə” müsabiqələri də keçirilib və doğma şəhəri daha sanballı tərənnüm edənlər mükafatlandırılıblar. Onlardan biri də İbrahim İlyaslı olub. Şairin şeirindən bir bəndi yada salaq:
Həyatın özünə verdik imtahan,
Adınla gecəni gündüzə qatdıq.
Alın tərimizlə yoğruldu mayan,
Səni qarış-qarış qurub yaratdıq.
“Sumqayıtdan gələn səslər”, “Dünya Sumqayıtdan keçir” (tərcümələr), “Sahilsiz dəniz”, “Həzin nəğmələrdə yaşayan şəhər” kimi poeziya almanaxları buraxılıb. Yenisini gözləyirik.
Bu yaxınlarda müsahibə aldığım Ofelya Babayeva Sumqayıtın ilk xanım şairidir. Bu gün o, Əməkdar müəllim, “Şöhrət” ordenli Sumqayıt veteranı, Prezidentin fərdi təqaüdçüsüdür. Söhbət zamanı dedi ki, Prezident İlham Əliyevin Xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı sumqayıtlıların da sevincinə səbəb olub. Çünki Nəbi Xəzri Sumqayıtın fəxri vətəndaşıdır. Bu şəhər haqqında ilk monumental əsər olan “Sumqayıt səhifələri” poeması isə Azərbaycan ədəbiyyatına layiqli töhfədir:
Sumqayıt, əzizim, gözlərin aydın,
Sənin hər addımın böyük hünərdir.
Deyirəm, bəlkə də sən olmasaydın,
Yer üzü nə qədər boş görünərdi.
“Poeziya evi”ndə Sumqayıtın pərvazlandırdığı tanınmış şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ilə də görüşdüm. İllərdən bəri “Göyərçin” jurnalına rəhbərlik edən, 20 cildlik “Seçilmiş əsərləri”nin artıq 19-cu cildi nəşr olunan Rafiq müəllim dedi:
– Mən 1966-cı ildən Sumqayıtda yaşayıram. Keçmişin adamlarını bu gün buraya gətirə bilsəydik, gənclik şəhərinin qurulmasında böyük əməyi olan, dünyasını dəyişən həmin ləyaqətli insanlar bu günün çiçəklənən, gündən-günə gözəlləşən, təmiz havalı Sumqayıtını görəndə çox sevinər, qürur duyardılar. Ancaq təbii ki, bu, mümkün olan iş deyil. Bu gün 75 yaşını qeyd etməyə hazırlaşan Sumqayıt sürətli inkişaf yolu keçərək ölkənin ən gözəl şəhərlərindən birinə çevrilib. Özü də bu şəhəri digərlərindən fərqləndirən ən əsas cəhət burada bütün regionlardan olan insanların yaşamasıdır. Bu şəhər hamımız üçün doğmalaşıb.
Sumqayıtın 75 yaşının tamamından bir ay sonra mənim də 75 yaşım tamam olacaq. Bu 75 illik ömrün düz 58 ili Sumqayıtda keçib. Mən hara səfər etsəm də, 1 gündən sonra Sumqayıtımın qoynuna tələsirəm. Sumqayıtın hazırkı rəhbərliyi şəhəri ən dilbər məkanlardan birinə çevirib.
Sumqayıt bir nağıldır. Zəhmətkeş insanların əlləri ilə yazılan bu nağıl indi də davam eləyir. Nəsillər bir-birini əvəz etdikcə bu nağıllar şəhəri də gündən-günə gözəlləşir. 75 yaşlı Sumqayıt ağıllı, intellektual səviyyəli, mədəni, Azərbaycanı bütün dünyada tanıtmağa qadir ləyaqətli insanların şəhəridir.
Əli NƏCƏFXANLI
XQ