Argentinanın ekran həyatı Bakıda

post-img

Bakının “Landmark” kino klubunda Argentina Film Festivalının açılış mərasimi olub.

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi mərasimdə çıxış edərək, festival haqqında məlumat verib. O qeyd edib ki, bu festival Azərbaycan və Argentina arasında mədəni körpü rolunu oynayır.

“Festival çərçivəsində göstərilən ekran əsərləri vasitəsilə tamaşaçılar cəmiyyətimizin apardığı mübarizə və uğurları bir daha dərindən araşdıracaqlar”, – deyə xanım diplomat əlavə edib.

Sonra argentinalı rejissor Ariel Vinoqradın ekranlaşdırdığı və Rio bankının qarətindən bəhs edən “Əsrin oğurluğu” filmi nümayiş olunub. 2020-ci ilin istehsalı olan bu komik döyüş dramında rolları 61 aktyor – Qilermo Franselya, Dieqo Peretti, Luis Luk, Pablo Raqo, Rafael Ferro və başqaları ifa ediblər.

Qeyd edək ki, Azərbaycan və Argentina arasında qurulan diplomatik əlaqələr artıq 30 ildir davam edir. Bu illər ərzində mədəni sahədə uğurlu yol qət edilib. Müxtəlif mövzulu sərgilər, beynəlxalq tanqo festivalı keçirilib. Azərbaycan Dillər Universitetində Argentina kafedrası yaradılıb. Ötən ay Ekspo Mərkəzində təşkil olunan X Bakı Beynəlxalq Kitab Sərgisində Latın Amerikası ölkələri ilə birgə Argentina da öz stendi ilə iştirak edib. Bu film festivalı da əlaqələrin inkişafında növbəti bir addımdır.

XQ

Mədəniyyət