“İrəvanın gizli irsi” filmi beynəlxalq mükafat aldı

post-img

Azərbaycanın beynəlxalq televiziya kanalı CBC-nin İrəvanın Azərbaycan tarixindən bəhs edən filmi Los-Ancelesdə keçirilən nüfuzlu “IndieX Film Fest”də “Üstün nailiyyət” mükafatına layiq görülüb.

Film Ermənistanın hazırkı paytaxtında azərbaycanlıların olması barədə tarixin çox az məlum səhifələrindən bəhs edir. Tarixi xəritələri, sənədləri və nadir fotoşəkilləri tədqiq edən çəkiliş qrupu itirilmiş mədəni irslə bağlı ekspedisiyaya yollanıb. Təhlükəsizlik məqsədilə jurnalist araşdırması gizli kamera ilə aparılıb. Filmdə diqqət mərkəzində bu gün yaşayış massivlərinin yerləşdiyi Təpəbaşı Məscididir, həm də Cəfərabad kəndində Pənah xan Əlixanın oğlunun evi, Göy məscid və Əmir Səədin məqbərəsindən də bəhs edilir. Bu gün bu memarlıq abidələrindən və tarixi məhəllələrdən qalan hər şey tamamilə yox olmaq ərəfəsindədir. CBC-nin baş redaktoru Orxan Məmmədov XQ-yə müsahibəsində filmin uğuru və layihənin gələcəyi barədə məlumat verdi.

– Öncə sizi mükafat almağınız münasibətilə təbrik edirik. Sənədli filmə belə beynəlxalq reaksiyanı gözləyirdinizmi?

– Təşəkkür edirəm. Sözün düzü, bu xəbər bizim üçün gözlənilməz, amma xoş oldu. Biz, sadəcə, işimizi görürük. Ona qiymət verən isə tamaşaçılarımızdır. Görünür, işimizin öhdəsindən layiqincə gəlirik ki, onun sorağı təkcə Azərbaycandan yox, ölkəmizdən kənardan da gəlir. Onu qeyd edə bilərəm ki, CBC telekanalı sənədli filmlərə böyük önəm verir. 2023-cü ildə 90-a yaxın sənədli film tamaşaçıların ixtiyarına verilib. Bu il bu rəqəm, hələ ki, 60-dır. Bütün bu işləri biz əməkdaşlarımızın peşəkarlığı və fədakarlığı hesabına həyata keçiririk.

– Filmin digər beynəlxalq müsabiqələrdə də iştirakı nəzərdə tutulurmu?

– Bundan öncə bir neçə sənədli filmimiz müxtəlif festivallarda nümayiş olunub. Misal üçün, Urmiya gölünün qurumasından bəhs edən “Doğma sahillər” sənədli filmi Sinqapurda, Xorvatiyada müsabiqələrdə göstərilib, “Azərbaycan ərazisində türk tamğaları” sənədli filmi “New York International Film Awards” festivalının ¼ finalına yüksəlib və ümid edirik ki, mükafata da layiq görüləcək. O ki qaldı sözügedən “İrəvanın gizlədilmiş irsi” lentinə, Los Ancelesdə keçirilən “IndieX Film Fest”in mükafatına layiq görülənədək Amsterdamda beynəlxalq Film Festivalında finala yüksəlib. Fransada da bu sənədli film böyük marağa səbəb olub və biz bu ölkədə keçirilən festivallardan birinə dəvət almışıq. Düşünürəm ki, filmə maraq varsa, digər beynəlxalq müsabiqələrə də müraciət etməliyik.

– Layihə Qərbi Azərbaycanın digər ərazilərini də əhatə edə bilərmi?

– Artıq əhatə edir. “İrəvanın gizlədilmiş irsi” Qərbi Azərbaycan mövzusunda hazırkı Ermənistan ərazisində çəkilən sənədli filmlər silsiləsindən yalnız biridir. Həmin ekran əsərlərindəki çəkilişlər təkcə İrəvanda deyil, Qərbi Zəngəzurda da aparılıb və bu işlər davam edir. İlin sonunadək bu mövzuda daha bir sənədli filmi tamaşaçılarımıza təqdim etməyi düşünürük.

– Filmdə ermənilərin mədəniyyət şovinizmi aydın şəkildə ifşa olunur. Necə düşünürsünüz, bu filmin beynəlxalq müstəvidə yayılması İrəvanda Azərbaycan izinin silinməsi prosesinə necə təsir göstərə bilər?

– Biz öhdəmizə düşən işləri görmüşük və bu proses davam edir. CBC televiziyasının komandası çəkilişlər aparır, Qərbi Azərbaycanda soydaşlarımıza məxsus mədəni irsin silinməsi ilə bağlı sübutları öz sənədli filmlərində nümayiş etdirərək bütün dünyaya çatdırır. Həmin kadrlarda hər şey açıq-aşkar görünür. Ümid edirəm ki, dünya ictimaiyyəti, aidiyyəti beynəlxalq qurumlar sənədli filmlərimizdə göstərilən kadrları izləyib Ermənistanda mədəni irsimizə qarşı davam edən cinayətlərin qarşısını almaq üçün lazımi addımlar atacaqlar.

Müsahibəni apardı:
Səbuhi MƏMMƏDOV
XQ

Müsahibə