Mən qərib olmadım tacik elində

post-img

Birinci yazı

Bu qeydlərim dost Tacikistanın dövlət müstəqilliyinin elan edilməsinin 33, Emoməli Rəhmonun prezident seçilməsinin 30, onun Azərbaycana axırıncı səfərinin ildönümü günlərinə düşür. Maraqlıdır ki, bu faktların hamısı məhz oktyabr – noyabr aylarına təsadüf edir.

Ötən həftə türk televiziyalarından hansındasa verilişin qonağı olan din xadimindən belə bir ifadə eşitmişdim: “Kimsə sizə xoş arzular söyləyibsə, on illərdən sonra olsa da, həmin arzular reallaşacaq”. Doğrusu, həmin tezis mənə inandırıcı gəlməmişdi və o qədər də inanmamışdım. Amma dörd gün Düşənbədə qalandan sonra həmin məntiqin həqiqət olduğunu anladım.

Söhbət ondan gedir ki, İncəsənət İnstitutunda oxuduğumuz illərdə sənətşünaslıq fənnindən bizə dərs deyən Sevil Əliyeva (Allah ona rəhmət eləsin!) böyük sənətkar, heykəltəraş Fuad Əbdürrəhmanovun yaratdığı Nizami ( Gəncədə və Bakıda), Səməd Vurğun, “Azad qadın”, Mehdi Hüseynzadə heykəlləri barədə danışdıqdan sonra demişdi ki, onun iki böyük əl işi – Rudəki və Sədrəddin Ayni heykəlləri Düşənbədə, İbn Sina heykəli isə Səmərqənddə ucaldılıb. O zaman demişdim ki, kaş o heykəlləri görə biləydim. Sevil xanım qətiyyətli idi: “Ürəkdən arzulasan, görəcəksən!”

Düşənbədə Rudəkinin də, Sədrəddin Ayninin də abidəsi önündə dayananda bir vaxt deyilənlərə inanmadığıma görə xəcalət çəkdim. Elə oradaca türk din xadiminə, Fuad Əbdürrəhmanova, Rudəkiyə və Sədrəddin Ayniyə və həmçinin müəllimim Sevil xanıma min rəhmət oxudum. Elə Fuad Əbdürrəhmanovun həmin əsərlərinin memarı Mikayıl Hüseynova da. Sədrəddin Ayninin Düşənbədəki başqa bir heykəlinin müəllifi isə görkəmli sənətkarımız Ömər Eldarovdur. Ona isə Allah kömək olsun.

Tacikistan dostumuz, taciklər sirdaşlarımızdır

Ötən ay “Xalq qəzeti”ndə bu barədə bir yazım verildiyinə görə indi təfərrüata varmaq istəmirəm. Ancaq bəzi faktları xatırlatmaq lazım gəlir. Belə ki, respublikamızın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Çünki xalqlarımızın əsrlərlə davam edən tarixi, mədəni, dini bağlılığına ehtiramla yanaşmalıyıq və yanaşırıq. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana gəlmələri yenidən qütbləşən dünyada zamanın çağırışlarına, əslində, cavabdır. Rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlərin özünəməxsus yeri var.

Tarixi ənənələr üzərində qurulmuş bu münasibətlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra daha böyük əhəmiyyət kəsb edir. Hamı bilir ki, bu gün Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan keçir. Tacikistanlı mütəxəssislərin hazırladıqları elektron resurslarda tez-tez vurğulanır ki, Çindən başlanan qədim İpək Yolu məhz Tacikistan ərazisindən keçirdi. Üstəlik, beynəlxalq aləmdəki son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti artmaqdadır. Mütəxəssislərin fikrincə, bu gün Orta dəhlizə artan maraq heç də təsadüfi deyil. O da faktdır ki, Zəngəzur dəhlizi həmin nəhəng layihənin mühüm tərkib hissələrindən biri olacaq. Bu fakt isə regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək.

Tacikistanla münasibətlərə gəlincə isə xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri haqqında ölkəmizdə öyrəndiklərimin əksəriyyətini Düşənbədə də eşitdim. Xatırladım ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olub.

Ölkələrimiz arasında, ümumilikdə, 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilə imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair daha 14 sənəd imzalanıb.

Bu ilin may ayında Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində isə Bakıda keçirilən Azərbaycan –Tacikistan İnvestisiya Forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair daha 8 sənəd imzalanıb. Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandumun imzalanması da mühüm faktdır. Bundan başqa, Xocənd ilə Gəncə qardaşlaşmış şəhərlərdir.

“O Tacikistanda vətəndaş müharibəsinə son qoyub”

Düşənbə səfərim ezamiyyə və ya hansısa tapşırığın yerinə yetirilməsi məqsədi daşımadığına görə heç bir rəsmi quruma və ya təşkilata müraciət etmədim. Milli Dövlət Kitabxanasına, Etnoqrafiya muzeyinə və bu dost ölkədə çıxan “Narodnaya qazeta”nın redaksiyasına getməyim isə bu ilin yayında ərsəyə gəlmiş iki kitabımın tacik oxucularına və oradakı həmkarlarımıza təqdim etmək məqsədi daşıyırdı. Aşağıda həmin görüşlər barədə söhbət açacağam.

Qərəz, Ayni küçəsində həmsöhbətim olan (məmnuniyyətlə xatırladıram ki, Düşənbədə rastlaşdığım yaşlı adamların hamısı əcnəbi turist və ya qonaq görəndə əlini sinəsinə qoyaraq başını əyməklə, ehtiramla salam verir) Əlişir müəllimlə söhbətimiz doğmaların və ya köhnə tanışların ünsiyyətini xatırlatdı. Həmsöhbətim Azərbaycanın sürətlə inkişaf etdiyini və bütün planlarını istədiyi şəkildə reallaşdırdığını xatırlatdı. Mən isə Düşənbənin də sürətlə yeniləşməsini, şəhərin başdan-başa yeni binalarla gözəlləşdirildiyini xatırlatdım. Həmsöhbətim daha böyük əhəmiyyət kəsb edən başqa bir məsələdən söz açdı:

“Emoməli Rəhmonun tacik xalqına ən böyük xidməti 90-cı illərin əvvəllərində alovlanmış vətəndaş müharibəsinə son qoyması idi. Təbii ki, bütün müharibələr faciə və fəlakətlər gətirir. Ancaq vətəndaş müharibəsi təkcə itkilər, faciələr gətirmir, həm də xalqın ruhunu zədələyir, mənəviyyatına zərbələr vurur, millətə üz-qaralığı gətirir”.

“Dahi sözü yetərli deyil”

Şəhəri daha yaxşı görə bilmək üçün taksidən az istifadə etdim. Ona görə də Rudəki prospektinə çatmaq üçün Sədrəddin Ayni küçəsi ilə xeyli piyada getməli oldum. Rudəki prospekti isə demək olar ki, bitib-tükənmək bilmirdi. Prospektin sonundakı Rudəki parkını ( taciklər Boqi Rudaki – Rudəki bağı deyirlər) isə yaxşı görmək üçün ən azı üç-dörd gün gəzmək lazımdır. Yəni özümü çox yordum. Ona görə də bir az əvvəl kəsilmiş yağışın yuduğu klassik oturacaqlardan birində əyləşdim.

Məndən bir az aralıda iki ağsaqqal əyləşmişdi. Onlardan biri aşıq demiş, əl sinəyə qoyaraq, məni öz yanlarına dəvət etdi. Azərbaycanlı olduğumu biləndə dövlət başçımızın qazandığı uğurlardan və xüsusən, torpaqlarımızın düşmən tapdağından azad edilməsindən məmnunluqla danışdılar.

Həmsöhbətlərimdən biri dedi ki, Prezident İlham Əliyev dahi siyasətçidir. Digəri isə etiraz etdi: “Dahi sözünü şairlər, yazıçılar, alimlər, xüsusən, fiziklər, kimyaçılar haqqında demək olur. İlham Əliyevin böyüklüyünü xarakterizə etmək üçün isə dahi sözü yetərli deyil.

Söhbətin bu məcraya yönəldiyini görəndə mən onların kimliyi ilə maraqlandım. Məlum oldu ki, hər ikisi uzun illər ali məktəb müəllimi olub və indi pensiyaçıdır.

“And və əməl” regionun ən böyük kitabxanasında

Düşənbəyə gedəndə bu ilin yayında “Xalq qəzeti” baş redaktorunun təşəbbüsü ilə ərsəyə gətirdiyim “And və əməl” və “Baş redaktorlarımız haqqında yazılanlar” adlı kitablardan bir neçəsini götürmüşdüm. Həmin kitablardan ikisini təqdim etmək üçün Tacikistan Prezidenti İcra Aparatı nəzdindəki Milli Kitabxanaya getdim.

Kitabxana direktorunun birinci müavini Salima xanım Racabzado, sözün həqiqi mənasında, söz vurğunu, kitab aşiqi imiş. Bu xanım “Odlar yurdu” təmsilçisinin onlara iki kitab bağışlamasını əlamətdar bir gün kimi qəbul etdi. Hətta, mən Düşənbədən Bakıya qayıdanadək həmin görüş haqqındakı məlumatı xəbər şəklinə salaraq öz oxucularına təqdim etdilər.

Onu da əlavə edim ki, “Xalq qəzeti”nin kitabxanası seriyasından olan həmin kitablar Mərkəzi Asiyanın ən böyük kitabxanası adlandırılan bu bilik mənbəyinin Xarici ədəbiyyat şöbəsində yaradılmış “Azərbaycan” guşəsində nümayiş etdiriləcək.

Qarabağ Azərbaycandır!

Rudəki prospekti ilə Milli Kitabxana tərəfə gedəndə Sovet dönəmindən qalmış, üstündə heç bir yazısı, qeydi olmayan bir bina ilə maraqlandım. Bir nəfərdən soruşdum ki, bu bina nə məqsədlə tikilmişdi? Təbii ki, rus dilində soruşdum. Dedi ki, əfəndim, mən rus dilini bilmirəm. Mən Türkiyədənəm.

Mənim azərbaycanlı olduğumu biləndə sanki sevindi. O biri tindəki yaraşıqlı binanı göstərərək dedi ki, ora bizim səfirliyimizdir.

Məlum oldu ki, Ədhəm adlı bu şəxs Mirzoxan adlı özbək dostunu gözləyir. Mirzoxanla da salamlaşdıq və mən yoluma davam etdim.

Günortaya yaxın yenə də həmin prospektlə otelə qayıdanda yanımda bir maşın dayandı fərqinə varmadım. Siqnal verdilər. Çevrilib gördüm Ədhəmlə Mizoxandır. “Əfəndim, hara gedirsənsə biz bırakak” – deyə Ədhəm təklif etdi. Mən heç bir köməyə ehtiyac olmadığnı deyəndə isə özbək oğlan əlini maşının şüşəsindən kənara çıxararaq prospektdə hamının eşitməsi üçün deyirmiş kimi ucadan səsləndi: “Qarabağ Azərbaycandır!”

Çörəyimiz diz üstündə yox, göz üstündədir...

Düşənbəyə gedəndə Bakı aeroportunda Mədəniyyət nazirinin müşaviri, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi baş direktorunun vəzifəsini icra edən Orxan Fikrətoğlu ilə görüşdük. O, Düşənbəyə mədəniyyət nazirlərinin beynəlxalq forumunda iştirak etmək üçün gedirdi. Xeyli söhbət etdik və çay içdik.

İş elə gətirdi ki, qayıdanda da onunla eyni təyyarədə gəlməli olduq. Zəngin təəssüratları var idi. Mən isə həm Qazaxıstana səfərlərimdə, həm də Düşənbə səfərimdə Azərbaycan haqqında kifayət qədər xoş söz eşitdiyimi söylədim: “Məmnun oldum. Bizim haqqımızda ağız dolusu danışırlar!”

– Çünki bizim çörəyimiz diz üstündə yox, göz üstündədir” – deyə Orxan Fikrətoğlu gülümsədi. Əlavə etdi ki, dünya tamam dəyişib: “Hamı saxta münasibətlə səmimi münasibəti çox rahatlıqla seçə bilir. Azərbaycana olan inam bundan sonra daha da çoxalacaq”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Bakı – Düşənbə – Bakı



Sosial həyat