Xəzər dənizi Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan da daxil olmaqla 5 ölkənin ərazisini yuyan ən böyük su hövzəsi olmaqla bərabər, həm də sahilyanı dövlətlər üçün qlobal əhəmiyyətli zəngin təbii sərvətlər xəzinəsidir. Bu gün Xəzər çirklənmə və iqlim dəyişikliyinin fəsadları ilə üz-üzədir. Dənizin ekosistemi sürətlə deqradasiyaya uğrayır. Bunun nəticəsində bəzi dəniz heyvanları tələf olur, bir çoxu isə təhlükə altındadır. Sahil xətti ciddi təsirlərə məruz qalır.
ETN Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bütün bunlarla bağlı XQ-yə bildirdi:
– Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 santimetr, son 10 ildə isə 114 santimetr enib. 1990-cı illərin ortasından bəri su hövzəsinin səviyyəsi 2 metrdən çox aşağı düşüb. Bu azalma iqlim istiləşməsi, Xəzər hövzəsinə aid çaylar boyu əhalinin, su istehlakı standartlarının artması və çay hövzələrində yağıntıların azalması səbəbndən daha da artıb. Artıq bu, bütün Xəzəryanı ölkələri ciddi narahat edən problemlərdən birinə çevrilib.
Dənizin səviyyəsinin aşağı düşməsi ilə bağlı çox sayda versiyalar var. Onlardan biri Avrasiyanın daxili ərazilərində iqlimin quraqlaşması və bunun bir sıra su obyektlərinin, o cümlədən Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Digər versiyaya görə, dənizinin cənub hissəsi tektonik cəhətdən aktivdir. Ola bilsin ki, su hövzəsinin cənub hissəsindəki dərin səth dalğalanmaları həddindən artıq dayaz olan şimal hissəsində suyun səviyyəsində dəyişikliyə səbəb olur. Suyun bir hissəsi çənuba doğru çəkilir. Üçüncü versiya isə dənizin səviyyəsinin dəyişməsi onun su balansı ilə əlaqələndirilir. Xəzərdə quraq iqlimə görə dəniz səthindən illik yağıntının miqdarından çox su buxarlanır.
Çayların suyunun azalması da təsirsiz ötüşmür. Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə ona ümumi illik axar 80 faiz, digər çaylar – Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4-4,5 faiz təşkil edir. Amma indi Volqa və digər çaylar əvvəlki kimi dənizə bol su gətirmir.
– Xəzər dənizində çirklənmənin artması hansı təhlükəli nəticələr törədir?
– Dənizin əsas çirkləndiricisi təbii ki, neftdir. Bu, Xəzərin mavi–yaşıl yosunlarının və fitoplanktonlarının inkişafını zəiflədir, oksigen istehsalını azaldır və dib çöküntülərində toplanır. Nəticədə dəniz heyvanlarının yem və oksgen qıtlığı yaranır. Çirklənmənin artması su səthi ilə atmosfer arasında istiliyə, qaz mübadiləsinə mənfi təsir göstərir. Neft ləkələrinin geniş ərazilərə yayılması ilə buxarlanma sürəti bir neçə dəfə azalır.
Neft çiriklənməsi ilə yanaşı, sənaye müəssisələrindən müxtəlif tullantı suları Xəzər dənizinə axıdılır. Çayların rolu da az deyil. Mütəxəssislərin fikrincə, hər il Xəzər dənizinə 100 milyon kubmetr çirkab su axıdılır. Bu da dənizin ekologiyasına ziyan vurur, eyni zamanda, insan sağlamlığı üçün təhlükəli olan yoluxucu xəstəliklərin mənbəyinə çevrilir.
Beləliklə, dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə çaylar–kanallar vasitəsilə dənizə buraxılması da onu çirikləndirir.
– Xəzər bəzi heyvan növləri üçün risk zonasına çevrilib. Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar.
– Çirklənmə nəticəsində təkcə bir növün deyil, bütün yaşayış yerlərinin itirilməsi daha təhlükəlidir. Hazırda su sahəsi qurğuşun, civə, kadmium, arsen, sink, nikel, vanadium və bir çox digər təhlükəli maddələrlə çirklənib. Ən böyük zərəri fenollar – neftin emalı zamanı əmələ gələn maddələr vurur. Onların miqdarı icazə verilən normadan bir neçə dəfə çoxdur.
Digər tərəfdən suyun səviyyəsinin aşağı düşməsi və onun səth sahəsinin azalması duzluluğu dəyişir, flora və faunanın bir çox növləri üçün təhlükə yaradır. Bundan əlavə, suyun həcmi azaldıqca çirkləndiricilərin qatılığı artır. Ekosistemdəki dəyişikliklər növlərin miqrasiyasına, qida zəncirlərinin pozulmasına və rəqabətin artmasına səbəb olur.
Məsələn, Xəzər suitiləri risk zonasındadır. Onlar endemikdir (yalnız müəyyən coğrafi ərazidə və başqa heç yerdə rast gəlinməyən canlı orqanizm növü) və sağlamlığı bütün Xəzər dənizinin ekoloji rifahının göstəricisi hesab olunur. Ekoloji dəyişikliklər suitlərin kilkə və siyənəkdən ibarət qida təminatını pisləşdirir. Bütün bu amillər isə suitilərin həyatı üçün ciddi təhlükələr yaradır və onların sayının azalmasına səbəb olur.
Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar. Belə ki, 1990-cı ildən 2012-ci ilə qədər populyasiyanın sayı 1,2 milyondan 274 minə qədər azalıb. Sonrakı dövrlərdə də Xəzərin sahillərində vaxtaşırı heyvanların kütləvi ölümü qeydə alınıb.
Yuxarıda qeyd etdiyim kimi, balıqların sayı da sürətlə azalır. Bu, təkcə Azərbaycan ərazisində yox, Xəzəryanı ölkələrin hər birində nərəcinsli balıqların ehtiyatı ötən əsrin 80-ci illəri ilə müqayisədə, təqribən, 30 dəfə, 2005–2006-cı illərlə müqayisədə isə 10 dəfə azalıb. Sudak balığının kürüləmə, kiçik balıqların qidalanma sahələri əsasən, neft və qazlı ərazilərlə üst-üstə düşür. Kilkə balığının 50–60 faiz azaldığı bildirilir. Bu da iri balıqların yem ehtiyatının azalması və onların yox olmasına gətirib çıxara bilər.
Balıqların ölümünə həm də oksigen çatışmazlığı təsir edir. Kilkələr, kefallar və s. əsasən, iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar müsbət olmayan bir şəraitlə rastlaşdıqları üçün məhv olurlar. Çünki Xəzər dənizi dayazlaşır, bu zaman dərinlik azalır, su daha çox qızdığı üçün oksigenin miqdarı azalır.
Dənizin neftlə çirklənməsi su quşlarına da təsir edir. Yağla təmasda olan lələklər su itələyici və istilik izolyasiya xüsusiyyətlərini itirir, bu da quşların tez ölümünə səbəb olur. Abşeron rayonunda dəfələrlə quşların kütləvi tələfatı qeydə alınıb. 1998-ci ildə Ələt qəsəbəsinin yaxınlığındakı Gel adasının sahil zolağının neftlə çiriklənməsi nəticəsində 30 min bataqlıq quşu tələf olub. Son illərdə isə bu ərazidə vəziyyət xeyli yaxşılaşıb.
Bundan 3 il əvvəl isə “Tengiz” quyusunda (Qazaxıstan) baş vermiş qəza nəticəsində 200 minə yaxın quş ölüb. 2020-ci və 2022-ci illərdə də kütləvi quş ölümləri qeydə alınıb.
– Alimlər Xəzərin xilasını nədə görürlər?
– Dənizin ekoloji vəziyyəti tədricən fəlakətə yaxınlaşır. 2006-cı ildə 5 ölkə Tehran Çərçivə Konvensiyasını imzalayıb ki, bu da Xəzər dənizində ətraf mühitin qorunması, atqıların idarə edilməsi, müxtəlif maddələrlə çirklənmədən qorunması, dəniz suyunun mühafizəsi və bərpası məqsədi daşıyır. Lakin bu, Xəzər dənizinin ekologiyasını xilas etmir və ildən–ilə vəziyyət daha da pisləşir.
2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Zirvə toplantısı zamanı Xəzəryanı ölkələrin dövlət başçıları bu çağırışdan narahat olduqlarını bildiriblər. Toplantıda problemin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycan tərəfi həmin problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sevindirici haldır ki, Xəzəryanı ölkələr də həmin təşəbbüsə qoşulublar.
Ekspert qrupunun əsas məqsədi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərin tədqiqi, bu mühüm su hövzəsinin davamlı idarə olunması üçün tövsiyələrin formalaşdırılmasıdır. Hesab edirəm ki, ilk növbədə, Xəzər dənizinin dibindən başlayaraq onun sahil zonalarına qədər tam tədqiqi zəruridir. İkincisi, Xəzər dənizi ilə təmasda olan bütün çirkləndirici mənbələrin inventarlaşdırılması aparılmalıdır. Həmçinin, hər birimiz istirahətdən sonra sahilə zibil atmadan sadəcə olaraq dənizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəmizi verə bilərik.
Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ