Dörd il öncə bu gün Zaqatalanın Üçüncü Tala kəndində izdiham yaşanırdı. Bütün kənd əhli 44 günlük savaşda yüksək məqama ucalan igid şəhidini qarşılayırdı. Qarşıda polis, ardınca təcili yardım, daha arxada hərbçilərin əyləşdiyi maşınları görən ananın fəryadı göyə yüksəlirdi, həyat yoldaşının dizləri bükülürdü. Şəhidin nəşi döyüş yoldaşlarının çiynində ailə ilə vidalaşmağa Azərbaycan bayrağına bükülmüş tabutda gəlirdi. İzdiham kənd qəbiristanlığına axışırdı. Əklillər, hərbçinin böyüdülüb çərçivəyə salınmış fotoları, təltifləri tabutun önündə şəhidi son mənzilədək müşayiət edirdi.
Doğulduğu kənddə yaylım atəşləri altında dəfn edilən igid ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən, Daxili Qoşunların “Bəbir” adlı Xüsusi Təyinatlı Dəstəsinin komandiri, mayor Şixamir Qaflanov idi.
Xatırlatma
Şixamir Qaflanov 1986-cı ildə Zaqatala rayonunun Dombabinə (hazırda Üçüncü Tala adlanır) kəndində anadan olmuşdur. O, Oruc və Mominət Qaflanovların dörd övladından sonuncu idi. Ailənin böyük oğlu Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Digəri–Qurban Qaflanov isə Daxili Qoşunların “Bəbir” adlı Xüsusi Təyinatlı Dəstəsində xidmət edir.
Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə kənd tam orta məktəbində təhsil almış və 2004-cü ildə oradan məzun olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Pələng” Xüsusi Təyinatlı Dəstəsinin sıralarında qulluq etmişdir. 2006-cı ilin iyul ayında ordu sıralarından tərxis olunur və 2007-ci ilin aprel ayında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olaraq xidmətə başlayır.
Şıxamir Qaflanovun arzusu Daxili Qoşunların zabiti olmaq idi. Buna görə də 2008-ci il ildə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olur. 2010-cu ildə təhsilini başa vurub leytenant hərbi rütbəsi alır və Zaqatalada “N” saylı hərbi hissədə xidmətinə davam edir. Bilik və bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə Türkiyədə keçirilən təlimlərdə iştirak etmək istəyi gerçəkləşir. O, 2012-ci ilin oktyabr ayından dekabra qədər İzmirdə Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Zabit Komando” kurslarında təhsil alır. 2019-cu ildə qardaş ölkədə təşkil edilən təlimlərə 2-ci dəfə qatılır. Fevral ayından iyun ayına qədər İzmirdə Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Jandarma Komando” kurslarında təlim keçir.
İkinci Qarabağ müharibəsi başlayır
2020-ci il sentyabrın 27-də Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Şixamir Qaflanov 40 nəfərdən ibarət şəxsi heyətlə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşa başlayır. Dəstənin birinci döyüşü Füzuli rayonunun Qaraxanbəyli istiqamətində olur. Səhər saatlarında başlanan döyüşlərin nəticəsi olaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında mövcud olan təmas xətti yarılır və Qaraxanbəyli 27 il davam edən işğaldan azad edilir. Daha sonra dəstə Cəbrayıl rayonunun Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlara qatılır. Və Cəbrayıl istiqamətində olan əlverilşli mövqelər, həmçinin yaşayış məntəqələri azadlığa qovuşur.
Cəbrayıl, Füzuli, Hadrut... və Xocavənddə son döyüş
“Bəbir” adlanan dəstənin üzvləri Qaraxanbəyli kəndindən sonra Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlarda iştirak edirlər. Ümumilikdə Cəbrayılın, Füzulinin, Hadrutun işğaldan azad edilməsi uğrunda 23 döyüşə qatılaraq Ermənistan Respublikasının Müdafiə Ordusunun canlı qüvvəsini məhv edirlər. Kəndlər, rayonlar işğaldan azad edildikcə onların üzü gülür, Şuşaya bayraq sancacaqları günü səbirsizliklə gözləyirlər. O günün yaxında olacağına qəlbən inanırlar. Dövlət başçısının işğaldan azad edilən rayonlarla bağlı xalqa verdiyi xəbərlər onların döyüş ruhunu, əzmini birə-beş artırır.
Şixamir oktyabrın 19-da səhər tezdən atasına zəng edir. Narahat olmamağı, hər şeyin yaxşı olacağına inanmasını söyləyir. Deyir ki, biz yaxşıyıq, özünüzə fikir verin və bizdən nigaran qalmayın, irəliləyirik.
Onun döyüş şücaətini görüb “Əfsanəvi Rembo” adlandırırlar. Şixamirin son döyüşü oktyabrın 19-da Xocavənd rayonu istiqamətində olub. Həmin gün döyüş tapşırığına əsasən, Laçın dəhlizinə və Füzuli rayonuna çıxan bəlli strateji mövqe alınmalı idi. Döyüşdən öncə o tabeliyində olanlara lazımı tövsiyələrini verir, ehtiyatlı olmağı tapşırır. O vaxtadək “Bəbir” Xüsusi Təyinatlı Dəstə bir nəfər də şəhid verməmişdi. Döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan Şixamir Qaflanovun özü dəstənin ilk şəhidi olur. Həmin döyüşlərdə komandirdən başqa baş çavuşlar Sahib Yaşar oğlu Məmmədov və Surxay Zülfi oğlu Mehdiyev, həmçinin çavuş Sənan Muxtar oğlu Ələsgərzadə də həlak olur. Xəbər ailəyə çatanda hamı yerində donub qalır. Səhər saatlarında səsini eşitdikləri oğlunun axşama doğru şəhid olduğu deyilir.
Dəfn mərasimində çıxışlardan sonra ona təqdim edilən Azərbaycan bayrağını bağrına basan atası Oruc Qaflanov deyir: “Oğulu el-obanı qorumaq üçün böyüdürlər. Torpaqlarımızı onlar azad etməyib, kim edəcəkdi? Təki Vətən sağ olsun. Oğul itkisinə nə qədər sarsılsam da, belə qəhrəman övlad böyütdüyümə görə alnıaçıq, başı dik gəzəcəyəm”. Təəssüf ki, qəhrəmanımızın atası oğlu ilə uzun müddət fəxr edə bilmir, Şixamirdən sonra vəfat edir.
İrsi və xatirəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.
Şixamir Qaflanovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilib. Dövlətimiz şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinə və digər problemlərinə həssaslıqla yanaşır. Vətən qurbanlarının irsi qorunur, gələcək nəsillərin onları tanıması üçün lazımi tədbirlər görülür. “Əfsanəvi Rembo”nun xatirəsi də anılanlar sırasındadır.
Şixamirin ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb. Həyat yoldaşı Solmaz şəhid ailəsi kimi mənzillə təmin olunub.
2020-ci ildə Şixamir Qaflanovun Zaqatala rayonunun Üçüncü Tala kəndində yaşadığı evə xatirə lövhəsi qoyulub.
2021-ci il aprelin 16-da Şixamir Qaflanova həsr olunan “Bir “Bəbir” kimi…” sənədli film çəkilib.
2021-ci ildə Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun adı verilib.
Anası Mominət Qaflanova danışır:
– Şixamir uşaqlıqdan diribaş idi. O, məktəbdə çox yaxşı oxuyurdu. Müəllimləri deyirdi ki, məktəbdə keçirilən yarışlarda Şixamir hansı dəstədə olurdusa o dəstə mütləq qalib gəlirdi. Həmişə onun bacarığından, zirəkliyindən, dərslərini yaxşı oxumasından razılıqla söz açırdılar. Qardaşı Qurbanın hərbçi olmaq istədiyini bilən kimi dedi ki, mən də hərbçi olacağam. Buna görə də Gəncədə hərbi xidmətini başa vuran kimi, 2007-ci ildə orduya qayıtdı və MAHHXQ kimi xidmətə başladı.
Qurban Qaflanov – qardaşı:
– 2008-ci ildə hər ikimiz Daxili Qoşunların Hərbi məktəbinə daxil olduq. Təhsilimizi, təlimlərimizi uğurla tamamlayıb 2010-cu ildə leytenant rütbəsi aldıq. Arzularımıza uyğun Daxili Qoşunların sıralarında xidmətə davam etdik.
Sentyabrın 27-də mənə mesaj göndərdi: “Artıq döyüş əməliyyatlarına başladıq. Amma mənim bu döyüşlərdə olduğumu səndən başqa ailədə kimsə bilməsin, narahat olmasın”. Döyüşlərin ilk günlərində, ümumiyyətlə, telefonlar qapalı idi, əlaqə yox idi. 10 gün sonra, hərdən zəng edib bir kəlmə deyirdi: “Salamatam”. Amma 19-da
çox şən səslə danışdı. Sonradan bildim ki, atam, anam, qardaşım, yoldaşı ilə də elə əhvalda danışıb. Hətta mən zarafatla dedim ki, deyəsən, məclis qurmusunuz. Güldü ki, hər şey istədiyimiz kimi gedir...
Asif Qaflanov– qardaşı:
– O, hərbi məktəbi bitirəndən sonra Zaqataladakı “N” saylı hərbi hissədə, Türkiyədəki təlimlərdən gələndən sonra isə Bərdədə xidmətə davam etdi. Sonra Qubaya göndərdilər. Müharibə zamanı zəng edəndə, “yaxşıyam, hər şey yaxşı olacaq”– deyib telefonu söndürürdü. Amma mən I Qarabağ müharibəsində iştirak etdiyimə görə, onun necə od-alov içində olduğunu hamıdan yaxşı bilirdim. Onu da bilirdim ki, Ali Baş Komandan əks-hücum əməliyyatı əmri veribsə, demək ki, ordumuza arxayındır, hər şeyin qələbə ilə bitəcəyinə əmindir.
Oktyabrın 19-da mənə də zəng elədi. Həmişəki kimi 2 kəlmə yox, çox və fərqli danışdı. Elə bil toya gedirdi, sevinirdi.
Elşən Məmmədov– xidmət yoldaşı:
– O, rəqibi olmayan komandir idi. Həmişə istəyirdi ki, rəhbərlik etdiyi dəstə digərlərinə nisbətən lider olsun. Ona görə də istər fiziki hazırlıq, istərsə də atıcılıq məşğələlərində həmişə çalışırdı ki, birinci olsun. Tabeliyində olanlardan da cəsur olmağı tələb edirdi. 2020-ci ilin sentyabrında erməni təxribatlarının qarşısının alınması üçün əməliyyatlara cəlb olunduq. Onun sevinci yerə-göyə sığmırdı. Deyirdi, illərlə bu günü gözləmişik. Cəbrayıl istiqamətində gedən döyüşlərədək bir yerdə fəaliyyət göstərmişik. Çox xeyirxah, mərd və iradəli komandir idi.
Orxan Abdullayev–xidmət yoldaşı:
– Atış hazırlığı olsun, fiziki hazırlıq olsun, taktika olsun,– fərq etməzdi, hər şeyi bizə öyrədirdi və öyrətdikləri töhfəni döyüş zamanı verdi.
Füzulinin Qaraxanbəyli kəndində mayor Qaflanovla bir yerdə döyüşə-döyüşə irəliləmişik. Onun şücaəti çox olub. Orada olan bir epizodu danışım. Bir hərbi qulluqçumuz yaralanmışdı. Mayor Qaflanov yaralını və onun silahını özü ilə götürüb irəliləməyə davam etmişdi. Daha sonra İranla həmsərhəd Lələtəpə istiqamətində döyüşlərimiz olub. Arazboyu 132 kilometr ərazidə döyüşə-döyüşə irəliləmişik. Cəbrayıl, Füzuli, Hadrutda vuruşmuşuq. Son döyüşümüz Xocavənddə olub.
Oktyabrın 19-da strateji mövqeni götürmək tapşırığı verilmişdi. Saat 16.00 olardı. Komandir kəşfiyyat xarakterli müşahidələr apardı, hansı istiqamətlərdən hansı qrupların necə hərəkət edəcəklərini müəyyənləşdirdi. Tövsiyələrini verdi və hücuma başladıq. Mayor Qaflanova dedilər ki, siz orada olan digər qurumların üstündə qalın. O inadla təkid etdi ki, mənim dəstəm harada olsa, mən də orada olmalıyam. Öndə də özü getdi, düşmənin 10-larca hərbi qulluqçusunu məhv etdi.
Elçin Məcidov–xidmət yoldaşı:
– Mühüm yüksəkliklər– Cəbrayıl, Füzuli rayonları, Hadrut qəsəbəsi, Xocavənd rayonunun alınmasında xüsusi fəallıqla iştirak edib. Döyüşlər müxtəlif şəraitlərdə olurdu. Biz ən çox kəşfiyyat xarakterli döyüşlər aparırdıq. Gecə düşmənin arxasından irəliləyirdik. Koordinatlarını arxaya ötürərək, onları artilleriya atəşi ilə məhv edirdik. Amma bəzi mövqelər vardı ki, onu özümüz tutmalıydıq. Cəbrayıl rayonuna daxil olan bir yüksəklik var idi. Mayor Qaflanov şəxsən özü və mən digər yoldaşlarla həmin yüksəkliyə qalxdıq. Hadrut istiqamətində olan döyüşlərdə də komandir yüksək peşəkarlıq nümayiş etdirdi. Bir neçə düşmən maşınının pusquya salınması və məhv edilməsi əməliyyatlarına şəxsən özü rəhbərlik etdi. Bir manqa ilə, bir taqımla 60-dan yuxarı düşmən qüvvəsi məhv edildi. O, həmişə öndə gedirdi. Həmin döyüşdə 3 tərəfdən düşmən atəşi altında qalmışdıq.
Bu son görüş, bu son vida...
Şixamir Qaflanov Vətəninə çox bağlı olan və torpaqların azad edilməsi üçün yüksək döyüş motivasiyası sərgiləyən bir xüsusi təyinatlı idi. Təzəcə ailə qurmuşdu. Ailəsinə qarşı çox qayğıkeş və mehriban idi. Ata olmağı çox arzulayırdı. Ancaq Vətən sevgisi o qədər yüksək idi ki, övladı dünyaya göz açdığı anda gəlmədi, yanında ola bilmədi. Qızı 21 gün küvəzdə həyat mücadiləsi apardı. Ancaq şəhid mayorumuz qızının da özü kimi mübariz, dözümlü olduğunu və yaşayacağını deyirdi. Belə də oldu. Övladının 40-cı günündə qızı Mədinəni görmək qəhrəmanımıza nəsib oldu.
Şəhidin həyat yoldaşı Solmaz çox gəncdir, 27 yaşı var. Tibbi təhsili olsa da işləmir, körpəsini böyüdür. Ondan Şixamirlə bağlı xatirələrini soruşdum. 23 yaşında tək qalan Solmazın üzünə kədər çökdü, “bizim o qədər xatirəmiz yoxdur ki”,–dedi. O sözlərdə nə qədər yanğı, həsrət, sevgi gördüm... “Nə yaşadılar ki?”– deyə düşündüm. Hərbçinin həyat yoldaşı olmaq bir ayrı səbr, dözüm istər. Amma Solmaza səbr də, dözüm-iradə də sonra lazım olacaqdı...
Solmaz Qaflanova danışır:
– Cəmi 1 il ailəli olmuşuq. Eyni rayondan olsaq da biz yox, valideynlərimiz bir-birini tanıyıb. Bibisi qızının vasitəsilə 2018-ci ildə tanış olmuşduq. Bir il sonra –2019-cu il iyulun 21-də toyumuz oldu. Toyumuzdan cəmi 14 ay keçdi, əbədi ayrıldıq. Yaşadığımız o 1 ildə mən özümü xoşbəxt bilmişəm. Mərd idi, dürüst idi. Adətən, hərbçilər bir qədər sərt olurlar. Amma Şixamir çox mülayim idi. Hədsiz ailəcanlı idi. Sevgisini göstərə bilir, diqqətini, qayğısını əsirgəmirdi. Mən həyatın şirinliyini onunla dadıb, acısını yoxluğu ilə zəhər bilib içmişəm. O, dünyasını dəyişəndə Mədinə 2 aylıq idi.
Müharibə başlamazdan öncə, bir hərbçi olaraq məlumatlı olsa da, bu barədə heç nə demirdi. Zəng edəndə də yalnız halımızı soruşurdu. Mən onun döyüşdə olduğunu da neçə gün sonra bilmişəm. Onda da deyirdi, gələcəyəm, narahat olma. Axırıncı dəfə elə şəhid olduğu gün danışmışıq. Səhər saat 10-da zəng vurmuşdu. Ən çox uşağı soruşur, onunla maraqlanırdı. 5 günlük gəldi, uşağı gördü, getdi. O balasından da, həyatdan da doymadı. Qızı da ata nə olduğunu bilmədi.
İndi 4 il ötüb. Mədinə “Simurg-kindergarten” bağçasına gedir. Orada şəhidlərlə bağlı bütün tədbirlərdə fəal iştirak edir. Mən onu atasına layiq böyüdəcəyəm. Çalışacağam ki, o, Vətənin azadlığı yolunda canından keçən qəhrəman bir atanın qızı olduğunu anlasın. Onunla qürur duysun, fəxr etsin. Yoldaşlarının yanında müharibədən söz düşəndə onun da deməyə sözü olsun. Desin ki, torpaqlarımızın 30 illik işğaldan azad edilməsində mənim qəhrəman atamın da əməyi var.
...Beləcə daha bir qəhrəman şəhidin döyüş yoluna işıq salmaq istədik, ailəsini tanıdıq, körpə qızına uzun və sağlam ömür, həyat yoldaşına güc, dözüm və Şixamirin yadigarının atasına layiq böyüməsi yolunda çəkəcəyi hər əziyyətə qatlaşa bilməyi arzuladıq.
Bu gün Zaqatalanın Üçüncü Tala kənd qəbiristanlığında yenə izdiham var. Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun şəhidlik məqamına yüksəldiyinin 4-cü ildönümüdür. Rayon ictimaiyyəti, hərbçi yoldaşları, kənd sakinləri qəhrəman igidimizin anım gününə toplaşıblar. Bir həqiqət var ki, bütün şəhidlər kimi Şixamir də unudulmayacaq, dünya var olduqca, şəhidlər də yaşayacaq!
Zərifə HÜSEYNOVA
XQ