Təcili tibbi yardım xidməti ödənişli olmayacaq

post-img

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilə kimi 349 ambulans alındığını diqqətə çatdırıb. Bildirib ki, proses cari ildə də davam etdirilib və mart ayında daha 100 avtomobil ölkə başçısına təqdim olunub. Bakı və regionlar üzrə təhkim olunan avtomobillərdən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzli olub.

V.Qurbanov qeyd edib ki, ambulans parkı tamamilə yenilənəcək. O vaxta kimi də nəqliyyat vasitələrinin alınması prosesi davam etdiriləcək:

– Yeni alınan ambulanslar ekoloji təmiz nəqliyyat vasitəsi olacaq. Bu da “Yaşıl dünya” konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlərə uyğundur.

İnnovasiya və Təchizat Mərkəzi cari ilin sentyabr ayında “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlayıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə diferensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda, avtomobillərdən 5-i tam elektrikli avtomobillərdir. Belə avtomobillərin daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir. Ambulanslar 2024-cü il istehsalı olub, sürətli enerji yığma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malik olacaq.

Vüqar Qurbanov ölkəmizdə yaxın illərdə təcili tibbi yardım xidmətinin pullu olacağı barədə dolaşan xəbərlərə də aydınlıq gətirib:

– Vətəndaşlara təcili təxirəsalınmaz yardım bütün dünyada icbari tibbi sığorta ilə qarşılanır və dövlətin birmənalı olaraq pulsuz tibbi xidmətidir. 

Amma gələcəkdə təcili tibbi yardımı əsassız çağırıb, hər hansı problemini həll etmək istəyənlərə bu xidmət ödənişli ola bilər. Çünki təcili olmayan hallarda, məsələn, “ayağım ağrıyır, başım ağrıyır” kimi məsələlərə görə təcili tibbi yardımı çağırmaq olmaz. Belə çağırış zamanı İTS xərcləri düzgün xərclənmir. Ona görə beynəlxalq praktikada belə çağırışlar ödənişlidir. Növbəti ildə də təcili tibbi yardımın pullu olması gözlənilmir. Bu xidmət tam ödənişsizdir.

Z.BƏŞİRQIZI 
XQ

 



Sosial həyat