“Yaşıl” maliyyə Bakı müzakirələrində aparıcı hədəf olacaq

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn konfransındakı çıxışında  noyabrda  Bakıda keçiriləcək COP29-un Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirəcəyinə  və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə böyük töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb. 

O, Azərbaycan mediasına müsahibəsində  İqlim Dəyişikliyi Konfransının (COP) qlobal dünya əhəmiyyətli tədbir olduğunu bildirərək, iqlim dəyişmələrinin ətraf mühitə, iqtisadiyyata, insanların sağlamlığı və təhlükəsizliyinə ciddi təsir göstərdiyini də vurğulayıb: “COP ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə əlverişli şərait yaradır. Bu isə deməyə əsas verir ki, СОР  əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. 

Hazırda СОР həm də ona görə mühüm önəm daşıyır ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, media və  gənclər daxil olmaqla iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim probleminin həlli məqsədilə məhz belə sahələrarası yanaşmaya ciddi zərurət duyulur”.

Saymon Stilin sözlərinə görə, COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olmalıdır. Yeni maliyyə hədəfinin konkret parametrləri hələ müəyyən edilməsə də, onun əsasını dövlət maliyyələşdirməsinin təşkil edəcəyi gözlənilir. Eyni zamanda, vəsaitlərin böyük hissəsi daha çox ehtiyacı olan ölkələr üçün əvəzsiz və ya güzəştli əsaslarla verilməlidir.

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi daha sonra qeyd edib ki, COP29-da müzakirənin əsas aspekti iqlim maliyyələşdirilməsinin effektivliyinin artırılması olacaq. Maliyyə bazarlarında özəl investisiyaların cəlb edilməsi və “yaşıl” investisiyalar üçün stimulun yaradılması mexanizmlərinin nəzərdən keçirilməsi də diqqətdə saxlanılacaq. Eyni zamanda ümid edirəm ki, İqlim Maliyyəsi Fonduna hansı dövlətin nə qədər ödəyəcəyi ilə bağlı əsas məsələ Bakıda həll olunacaq və konfransda bu maliyyə qurumuna vəsaitlərin toplanılması məqsədilə işlək mexanizmlər yaradılacaq. Bütün bunlarda bərabər, sessiyada iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini operativ surətdə artırmaq və beynəlxalq karbon bazarlarının ümumi rifaha xidmət etməsini gerçəkləşdirmək istiqamətində hərtərəfli müzakirələr aparılacaq. 

Çərçivə Konvensiyasının icraçı katibi vurğulayıb ki, COP28-də nail olunan irəliləyişin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrinin 3 dəfə, enerji səmərəliliyinin 2 dəfə artırılması, adaptasiyanın sürətləndirilməsi və qalıq yanacaqdan mərhələli şəkildə imtina edilməsi ilə bağlı BƏƏ Konsensusunda təsbit edilmiş vədləri yerinə yetirmək üçün yeni milli iqlim strategiyaları maliyyələşdirilməlidir. Həmçinin əsas diqqət İtki və Zərər Fondunun tammiqyaslı fəaliyyətini təmin etməyə, vəsait daha çox ehtiyacı olanlara yönəldilməlidir: “Biz həm ölkələr arasında, həm də onların daxilində ciddi parçalanmaların şahidi oluruq. Belə anlarda özümüzə qapanmaq istəyi yaranır. Bu, başqasının bostanında baş verənlərin mənim problemim və qayğım olmadığına dair reallıqdan uzaq bir inancdır və iqlim dəyişikliyi ilə qlobal mübarizədə uduzmağın əsasıdır”.

Saymon Stilin fikrincə, Beynəlxalq İnkişaf Bankının iri səhmdarları olan G20 ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə çatmaq üçün ümumdünya maliyyə sistemində geniş islahatlara nail olmalı, yeni və innovativ maliyyə mənbələrin tapılması istiqamətində çalışmalı, eləcə də daha böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasını gerçəkləşdirməli, inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir. O xatırladıb ki, Braziliyanın rəhbərlik etdiyi və G20 ölkələrinin ekologiya və maliyyə nazirlərinin birgə keçirdiyi görüş bu sahədə müsbət nəticələrə nail olunmasını təşviq etməlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının apardığı müzakirələrdən kənar keçirilən görüşlərdə iqlim maliyyəsi üzrə irəliləyişə nail olunması bu sahə ilə əlaqədar beynəlxalq qurumların da öhdəliklərini qismən azaltmağa və ümumi fəaliyyətdə irəliləyişə nail olmağa kömək edir.

Bu sahədə uğursuzluqla üzləşilmə isə Paris İqlim Razılaşmasının əsas müddəalarını böyük zərbə ilə üz-üzə qoyur. Ənənəvi illik müzakirələr zamanı əldə edilən  nəticələr iqlim dəyişikliyi ilə mübarizədə daha qətiyyətli addımların təminatına imkan verməklə yanaşı, həm də dünya iqtisadiyyatını və cəmiyyətləri daha da möhkəmləndirir.

S.Stil, eyni zamanda, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasında iştirakçı ölkələrin beynəlxalq iqlim maliyyəsi üzrə yekun razılığı əldə etməsinin vacibliyini də vurğulayıb: “Bu baxımdan COP29 dayanıqlı bir beynəlxalq tədbirə çevrilməli, eləcə də bu konfrans çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, ilk növbədə, bəşəriyyətin, eləcə də dünya iqtisadiyyatının ekologiyanın zərərli təsirlərindən xilas üçün təsiredici addımlar atılmalıdır”.  

Qeyd edək ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxışlarının birində  yeni maliyyə mexanizminin– İqlim Maliyyəsi Fondunun yaradılmasında əsas məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək olduğunu bildirib. O, bunun üçün qrant əsaslı 1 milyard dollar vəsait toplanılmasının  zəruriliyini xatırladıb.  

COP29-un baş danışıqçısı onu da diqqətə çatdırıb ki, qrant əsaslı töhfələri lazım bilmələrinin səbəbi kiçik ada dövlətləridir: “Kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət etsələr də bu, nəticəsiz qalır. Ona görə də Azərbaycan alternativ maliyyə qurumunun yaradılması təşəbbüsünü irəli sürdü və bu, müsbət dəyərləndirildi”. 

Y.Rəfiyevin sözlərinə görə, ayrılacaq vəsaitin 50 faizi iqlim fəaliyyətinə, “yaşıl” enerji  texnologiyalarına yönəldiləcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə “2R2F” adlandırılan maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə istiqamətləndiriləcək. İqlim Maliyyəsi Fondu kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək.

“Biz hamımız o fikridəyik ki, indi hərəkətə keçməliyik. İqlim üzrə maliyyənin hazırkı miqyası kifayət qədər deyil. 1,5 ºC-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-u hər kəsin səsinin eşidildiyini hiss edəcəyi əhatəli mühit olmasını təmin etməyəkdə qərarlıyıq”, – deyə Y.Rəfiyev bildirib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidini qəbul edərkən də bu barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizin “yaşıl” keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışaraq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də ayrı-ayrı çıxışlarında iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə irəliləyişlərin əldə olduğunu qeyd edərək, eyni zamanda, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırışlarını diqqətə çatdırıb.     

Sonda xatırladaq ki, Azərbaycanın COP29-da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondu tərəfindən sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmi təqdim edilib. Fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da həmin ölkələrə dəymiş zərərdən xeyli az olub. Buna görə də ekspertlər tərəfindən Bakıda keçiriləcək COP29-a iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi platforması kimi yanaşılıb.

Ekologiya