Təmiz enerji karbonla mübarizə silahıdır

post-img

Respublikamızın bərpaolunan enerji potensialı əsasında istehsal edilən “yaşıl” sərvətin tezliklə ixracını həyata keçirəcəyini bildirən iqtisadçı-ekspert Samir Heydərov qeyd edib ki, ölkəmizin enerji strategiyasında artıq yeni era başlanıb, bu mərhələnin əvvəlində Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması isə qarşıya qoyulan vəzifənin məsuliyyətini daha da artırıb –2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılması əminliyi yaradıb.        

Samir Heydərov vurğulayıb ki, belə bir  tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələrin beynəlxalq aləmdə  tanınmağına və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. Respublikamız  neft–qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə  reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq reallaşdırılır. Ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.  

Bu gün karbon neytrallığına nail olmağın zəruriliyinə artıq heç kimin şübhə ilə yanaşmadığını vurğulayan ekspert, eyni zamanda, müxtəlif tipli iqtisadiyyata malik ölkələrə iqlim fəlakətinin qarşısının alınması üçün nəyi və necə etmək lazım olduğu ilə bağlı razılığa gəlməyin çətinliyi faktına da diqqət çəkdi. Bildirdi ki,   Ümumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisovun fikrincə, iki qütbün toqquşması göz önündədir. Birinci tərəf, ilk növbədə, Avropa İttifaqı ölkələri və ABŞ  2050-ci ilə qədər sürətləndirilmiş enerji keçidinə və karbon neytrallığına nail olmaqda israrlıdırlar. Onlar istixana qazları emissiyalarının karbohidrogenlərin hasilatı və istifadəsi sahəsində “keçid” layihələri hesabına azaldılmasına nail olmağı yolverilməz hesab edirlər. 

İkinci qütbdə dayanan dövlətlər–inkişaf etməkdə olan ölkələr isə 2060–2070-ci illərə qədər karbon neytrallığına nail olmaq şərtilə iqtisadiyyatın inkişafının xüsusiyyətini nəzərə alan daha yumşaq keçidin tərəfdarıdırlar. Çünki bu yol inkişafda olan ölkələrə enerji və resurs səmərəliliyi istiqamətdə hərəkət edərək iqtisadiyyatı yenidən qurmağa imkan verəcək, eləcə də düşünülmədən sürətləndirilən enerji keçidini şərtləndirəcək sosial-iqtisadi risklərin səviyyəsini azaldacaq.

Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl” enerji növlərinin yaradılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb.  

Ekologiya